Bank Of Baku

«Petkim» Holdinq neftayırma zavodunu 2014-cü ilin sonunda istifadəyə verəcək

«Petkim» Holdinq neftayırma zavodunu 2014-cü ilin sonunda istifadəyə verəcək
# 02 iyun 2010 06:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Türkiyədə «Petkim» neft-kimya kompleksinin tərkibində yeni neftayırma zavodunun 2014-cü ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə açıqlamasında «Petkim» İdarə Heyətinin sədri Kənan Yavuz məlumat verib.

K.Yavuz bildirib ki, artıq neftayırma zavodu və bu zavod da daxil olmaqla «Petkim» yarımadasında logistik və enerji layihələrinin də daxil olduğu proqram üzrə işlərə başlanıb. Hazırda zavodların inşası üçün hökumətdən müvafiq razılıqlar toplanır və prosedurlara uyğun işlər gedir. Ümumilikdə, proqram çərçivəsində 2015-ci ilə qədər «Petkim»ə 5 mlrd. ABŞ dolları investisiyanın yatırılması planlaşdırılır.

K.Yavuzun sözlərinə görə, 2018-ci ildə «Petkim» yarımadası böyük bir sənaye mərkəzinə çevriləcək: «Bizim proqrama neftayırma zavodu ilə yanaşı liman və külək elektrik stansiyasının tikintisi, «Petkim»in istehsal gücünün artırılması kimi layihələr daxildir. Proqramın birinci mərhələsi başa çatdıqdan - 2015-ci ildən sonra isə ikinci sərmayə yatırımı başlanacaq. Hesab edirəm ki, 2023-cü ildə Petkim yarımadasında fəaliyyət göstərən «SOCAR/Turcaz» alyansı Türkiyənin ən böyük holdinqlərindən biri, «Petkim» yarımadası isə Avropanın ən böyük istehsal mərkəzlərindən olacaq».

Zavodda xammal olaraq istifadə olunacaq təbii qaz və neftin Azərbaycandan alınacağını qeyd edən K.Yavuz bildirib ki, istehsal edilən məhsullar Azərbaycan və Türkiyə bazarı ilə yanaşı dünya bazarlarına da çıxarılacaq. «Petkim» rəhbəri ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyi ilə birgə layihələri nəzərdən keçirdiklərini də vurğulayıb.

Hazırda «Petkim»in bir dəniz limanı olduğunu deyən K.Yavuz layihə çərçivəsində bu limanın genişləndiriləcəyini də vurğulayıb. Limanda aparılan işlərdən sonra burda 1 mln. tonluq gəmilərin qəbul edilməsi mümkün olacaq.

«Arzu edirik ki, «Petkim»də Azərbaycan təbii qazını istifadə edək. «Petkim» artıq bir Azərbaycan şirkətidir», - deyə K.Yavuz əlavə edib.

«Petkim» neft-kimya kompleksinin bölgənin ən güclü şirkətlərindən birinə çevrilməsinin qarşıya məqsəd qoyulduğunu deyən K.Yavuz gələcəkdə şirkətin Yunanıstanın Egey dənizi sahillərindəki müəssisələri, həmçinin digər ölkələrin müvafiq şirkətləri ilə əlaqələr yaratmaq, işbirliyinə girməyə çalışdığını qeyd edib: «Hazırda «Petkim» Türkiyə bazarında 25% paya malikdir. Türkiyənin daxili bazarı hazırda 8 mlrd. dollardır və 2015-ci ildə 15 mlrd. dollar olacaq. Bunu nəzərə alaraq, yaxın perspektivdə neftayırma zavodu istifadəyə veriləndən sonra payımızı 40%-ə çatdırmaq niyyətindəyik».

Qeyd edək ki, «Petkim»in 51%-lik səhm paketinin satışı ilə bağlı tender 2007-ci ilin iyul ayında keçirilib və 2,05 mlrd. dollar təklif edən «TransCentralAsia Petrochemical Holding» Qazaxıstan-Rusiya birgə müəssisəsi tenderin qalibi elan olunub. Lakin daha sonra Tender Komissiyası bu qərarı ləğv edərək, «SOCAR/Turcas» alyansını tenderin qalibi elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR