Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev: «Bu il «Şahdəniz»də 8 mlrd. kubmetr təbii qaz hasil olunacaq»

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev: «Bu il «Şahdəniz»də 8 mlrd. kubmetr təbii qaz hasil olunacaq»
# 02 iyun 2010 08:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» strukturunda 2010-cu il ərzində 8 mlrd. kubmetr təbii qaz hasil olunacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu XVII Beynəlxalq Neft və Qaz Sərgisi (1-4 iyun) çərçivəsində bu gün Bakıda işə başlayan konfransda çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Öz çıxışında N.Əliyev Azərbaycanın iqtisadi inkişafından danışıb və qeyd edib ki, son 5 il ərzində ölkədə ÜDM-in artımı 20-30% təşkil edib: «Son 5 il ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən enerji sahəsində yüksək tərəqqi əldə edib, 2006-cı ildən etibarən ölkənin iqtisadiyyatı sürətlə inkişaf edir, ÜDM-in 50%-i sənayedə istehsal olunub».

Azərbaycanın neft və qaz potensialından danışan nazir bildirib ki, 2009-cu ildə ölkədə 50,4 mln. ton və ya 2008-ci ildəkindən 9 mln. ton çox neft hasil olunub, bununla da Azərbaycan neft hasilatında rekord göstəriciyə nail olub: «Bu il ərzində isə neft hasilatının 52,8 mln. ton olacağı gözlənilir».

N.Əliyev əlavə edib ki, 2009-cu ildə Azərbaycanda 23 mlrd. kubmetr qaz hasil edilib: «Bu il təkcə «Şahdəniz» strukturundan 8 mlrd. kubmetr təbii qaz hasil olunacağı gözlənilir ki, bunun 6,3 mlrd. kubmetri Türkiyəyə, 1 mlrd. kubmetri Rusiyaya, 0,3 mlrd. kubmetri Gürcüstana, 0,1 mlrd. kubmetri isə İrana nəql olunacaq».

Türkiyə ilə Azərbaycan arasında qazın qiyməti barədə aparılan danışıqlar haqqında məlumat verən nazir bildirib ki, yaxın gələcəkdə tərəflər arasında razılıq əldə olunacaq: «Yaxın zamanlarda biz həm «Şahdəniz», həm də «Şahdəniz-2» qazı üzrə qiymətləri razılaşdıracağıq».

«Nabucco» layihəsindən danışan N.Əliyev qeyd edib ki, Azərbaycan bu layihənin reallaşmasında və öz qazının Avropaya çatdırılmasında maraqlıdır: «Biz «Cənub axını» layihəsinə aidiyyatı olan bütün layihələrdə maraqlıyıq».

Bununla yanaşı, nazir Azərbaycanın hətta «Şahdəniz-2» layihəsinin reallaşmasından öncə qazını Bolqarıstan bazarına çatdırmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, XVII Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilir. Sərgi iyunun 1-4-də, konfrans isə iyunun 2-3-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR