Bank Of Baku

Azərbaycan Gömrük Əməkdaşlıq Şurasının 115-116-cı sessiyasında iştirak edib

Azərbaycan Gömrük Əməkdaşlıq Şurasının 115-116-cı sessiyasında iştirak edib
# 05 iyul 2010 16:19 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan iyunun 24-dən 26-dək Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında keçirilən Gömrük Əməkdaşlıq Şurasının 115-116-cı sessiyasında iştirak edib.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanı DGK sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Sessiyanın işinə Şuranın üzvləri, eləcə də 150-dən çox dövlətin gömrük xidmətinin, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri qatılıb. Sessiyada Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya hesabatla çıxış edib, Gömrük Əməkdaşlıq Şurasının son bir il ərzində ÜGT tərəfindən gerçəkləşdirilən tədbirlər barədə iclas iştirakçılarına ətraflı məlumat verilib.

Tədbirdə Fransanın sabiq prezidenti Jak Şirak eyni adlı fondun rəhbəri kimi çıxış edib və dərman preparatlarının qaçaqmalçılığı, saxta tibbi ləvazimatların, o cümlədən internet vasitəsilə dərmanların satışının təhlükəliliyi, inkişaf etməkdə olan kasıb ölkələrə səhiyyə yardımının təşkili istiqamətində rəhbərlik etdiyi fondun həyata keçirdiyi tədbirlər və ümumilikdə fondun fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

ÜGT-nin regional görüşləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Avropa regional görüşündə iştirak edib. İclasda çıxış edən DGK sədri Aydın Əliyev ilk olaraq Bakıda ÜGT Potensialın gücləndirilməsi üzrə Avropa Regional ofisinin tikintisinin hazırkı vəziyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Eyni zamanda A.Əliyev bu il keçiriləcək seçkilərdə iki direktor vəzifəsinə olan namizədlər barədə fikirlərini söyləyib, Avropa ölkələrinin getdikcə ÜGT-də seçkili vəzifələrdə təmsil olunmamasından təəssüfləndiyini bildirib.

İyunun 25-də bir sıra beynəlxalq təşkilatlar və ölkələr arasında sənədlərin imzalanma mərasimi olub. Eyni gündə ÜGT-nin Potensialın gücləndirilməsi üzrə direktoru Lars Karlsonla görüş keçirilib. Azərbaycan tərəfi son zamanlar saxta dərmanlar mövzusunun prioritet məsələ olduğunu nəzərə alaraq ÜGT-nin belə bir konfrans təşkil etməsi təşəbbüsü ilə çıxış edib, lazım gələrsə konfransın Bakıda keçirilməsi, təşkilati məsələlərin həlli istiqamətində müvafiq köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.

Sonra sessiyada texniki məsələlər-komitələr üzrə təqdimatlar, malların mənşəyi, qiymətləndirmə barədə məsələlərin müzakirəsi davam etdirilib.

Sessiyanın sonuncu günü audit və maliyyə komitələri barədə məlumatlar dinlənilib, sonra seçkilər keçirilib. ÜGT-nin sədri vəzifəsinə yenidən yekdilliklə Yeni Zelandiya Gömrük Xidmətinin rəhbəri Martin Dann seçilib. Həmin gün ÜGT Baş katibi Kuniyo Mikuriyanın iştirakı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Makedoniya Respublikası Gömrük İdarəsi arasında kadrların peşəkarlığının artırılması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycan DGK sədri Aydın Əliyev və Makedoniya Gömrük İdarəsinin direktoru Vanco Karqov imzalayıb.

Sessiya zamanı gömrük işinə aid foto sərgi təşkil olunub, müsabiqə keçirilib. Final mərhələsində 30 ədəd fotoşəkil arasında Azərbaycan DGK-ya aid fotoşəkil də nümayiş etdirilib, gizli səsvermə yolu ilə Fransa Gömrük Xidmətinin təqdim etdiyi fotoşəkil qalib elan olunub.

Xatırladaq ki, sessiya zamanı Türkiyə, Monqolustan, İsrail, Zambiya, Lüksemburq, İran İslam Respublikası, Estoniya, Avstriya, Çin Xalq Respublikası, Finlandiya, Makedoniya, Gürcüstan və digər dövlətlərin gömrük xidməti rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib, gömrük əməkdaşlığına dair məsələlər və qarşılıqlı əlaqələrin gələcək perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR