Bank Of Baku

ABƏŞ Çıraq Neft Layihəsinin icrasına dair yeni müqavilələr imzalayıb

ABƏŞ Çıraq Neft Layihəsinin icrasına dair yeni müqavilələr imzalayıb
# 09 iyul 2010 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) bir sıra xarici şirkətlərlə Çıraq Neft Layihəsinin (ÇNL) icrasına dair ümumi dəyəri 814 mln. ABŞ dolları təşkil edən 6 əsas müqavilə imzalayıb.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, birinci müqavilə «BOSşelf» şirkəti («Saypem Qrup» və Bakı Dərin Özüllər Zavodu (BDÖZ) arasında yaradılmış birgə müəssisə) ilə bu işlər üçün platformanın dayaq blokunun, sualtı dayaq tavasının və bununla bağlı olan bərkitmə payaları, həmçinin dərinsulu Günəşlidəki mövcud texnoloji emal, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə dikborunun dayaq çərçivəsinin quraşdırılmasından (bu müqavilənin ümumi dəyəri təxminən 215 mln. dollardır) ibarətdir. İşlər Bakıda BDÖZ tikinti-quraşdırma sahəsində aparılacaq.

İkinci müqavilə «AMEK/Tekfen/Azfen» (ATA) konsorsiumu ilə platformanın birləşmiş göyərtəsinin (üst modulların), o cümlədən qazma obyektlərinin quraşdırılması, yığılması, nizamlanmasına dair imzalanıb ki, bu müqavilənin ümumi dəyəri təxminən 340 mln. dollardır. İşlər Bakıda «Azfen» tikinti-quraşdırma obyektində icra olunacaq.

Növbəti - üçüncü müqavilə «Saipem Asia Sdn Bhd» şirkəti (Malayziya) ilə dayaq tavasının daşınması və dənizdə quraşdırılması üçün imzalanıb. Bu müqavilənin ümumi dəyəri təxminən 57 mln. dollardır. Müqavilə üzrə işləri həyata keçirmək üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ağır yükqaldırma gəmisi olan «Azərbaycan» kran barjından istifadə olunacaq.

Dördüncü müqavilə «Applay Leirvik Emtunga» şirkəti (Norveç-İsveç) ilə platformanın yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri üçün imzalanıb. Bu müqavilənin dəyəri 22 mln. dollar təşkil edir. Mühəndis-layihə işləri bu il başlanacaq və bu işlər bitdikdən sonra blokun İsveçdən Azərbaycana göndərilməsi 2011-ci ilin III rübünə planlaşdırılır. Yaşayış blokunun yığılması və quraşdırılması Bakıda «Azfen» tikinti-quraşdırma obyektində icra olunacaq.

Beşinci müqavilə «Kellogg Braun&Rut» şirkəti (ABŞ/Böyük Britaniya) ilə dəniz obyektlərinin mühəndis-layihə işlərinin aparılması üçün imzalanıb. Bu müqavilənin dəyəri 150 mln. dollardır. Mühəndis-layihə işləri yekunlaşdıqdan sonra işlər Bakıda tikinti sahəsində podratçı ilə birgə yerinə yetiriləcək.

Altıncı müqavilə isə «KCA Deutag» şirkəti (ABŞ-Böyük Britaniya) ilə platformanın qazma modullarının mühəndis-layihə işlərinin yerinə yetirilməsi üçün imzalanıb. Bu müqavilənin dəyəri təxminən 30 mln. dollardır. Mühəndis-layihə işləri yekunlaşdıqdan sonra işlər Bakıda tikinti sahəsində podratçı ilə birgə yerinə yetiriləcək.

Qeyd edək ki, ÇNL «BP-Azerbaijan» və ARDNŞ tərəfindən birgə hazırlanıb. Layihənin ümumi dəyəri 6 mlrd. dollar təşkil edir. Ümumiyyətlə, layihənin icrası üçün 1 800 daimi iş yerinin asılması nəzərdə tutulub. Nəticədə 2013-cü ilin IV rübündə ÇNL layihəsi çərçivəsində ilk neft hasil olunacağı proqnozlaşdırılır.

Xatırladaq ki, Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), «Chevron» (10,2%), ARDNŞ (10%), «Inpex» (10%), «Statoil» (8,6%), «ExxonMobil» (8%), TPAO (5,6%), «Devon» (5,6%) və «Hess» (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR