Bank Of Baku

Birinci yarımillikdə Azərbaycanın «Şahdəniz» yatağından 3,6 mlrd. kubmetr qaz hasil edilib

Birinci yarımillikdə Azərbaycanın «Şahdəniz» yatağından 3,6 mlrd. kubmetr qaz hasil edilib
# 10 avqust 2010 10:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin birinci yarısında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağından təxminən 3,6 mlrd. kubmetr qaz və 1 mln. ton (7,7 mln. barel) kondensat hasil edilib. Bu barədə «APA-Economics»ə «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

Hesabat dövründə yataqdan gündəlik orta hesabla təxminən 20 mln. kubmetr qaz və 42 700 barel kondensat hasil olunub. Bütün il üçün «Şahdəniz» hasilat planı 7,6 mlrd. kubmetr qaz və 2,01 mln. ton kondensat təşkil edir.

Məlumatda qeyd olunur ki, 2006-ci ilin sonlarında – «Şahdəniz»də hasilat başlanandan 2010-cu il ikinci rübün sonunadək yataqdan dünya bazarlarına 42,4 mln. barel kondensat ixrac edilib. Hesabat dövründə yataqdakı 4 quyudan sabit şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə sərhədindəki satış məntəqələrinə qaz çatdırılıb. «Şahdəniz» Mərhələ-1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və «BTC Co.»ya satılıb.

«Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8,6 mlrd. kubmetr qaz və gündə təxminən 45 min barel kondensat olacağı gözlənilir» - deyə şirkətdən bildirilib.

BP şirkətinin məlumatında həmçinin bildirilib ki, 2010-cu ilin fevral ayında platformadan yeni bir quyunun – «SDA-06»nın qazılmasına başlanıb. Cari ilin sonuncu rübündə mövcud yataqdakı «SDA-04» quyusunda bəzi yoxlama əməliyyatlarının aparılması planlaşdırılır.

Şirkətin yaydığı məlumatda «Şahdəniz» layihəsinin işlənilməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə işlərin davam etdirildiyi də qeyd olunub.

Hesabat dövründə «Şahdəniz» layihəsi üzrə əməliyyat xərcləri 81,3 mln. ABŞ dolları, əsaslı xərclər isə 162,2 mln. dollar təşkil edib. İl ərzində layihə üzrə əməliyyat xərclərinin 177,8 mln. dollar, əsaslı xərclərin isə 604,8 mln. dollar olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, «Şahdəniz» layihəsində BP (operator – 25,5%), «Statoil» (25,5%), ARDNŞ (10%), «LUKoil» (10%), NIKO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR