Bank Of Baku

«Nabucco» layihəsinin rəqabətə davamlılığı artırılacaq

«Nabucco» layihəsinin rəqabətə davamlılığı artırılacaq
# 15 sentyabr 2010 10:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumu layihənin rəqabətə davamlılığı və likvidliyini artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu konsorsiumun prezidenti Reynhard Mitçek bildirib.

Onun sözlərinə görə, hazırda müqayisə olunan «Nabucco» və «Şimal axını» layihələri biri birindən fərqlidir: «Əgər «Şimal axını» layihəsi çərçivəsində mavi yanacaq Rusiyadan Şimal-Qərb və kontinental Avropaya çatdırılacaqsa, «Nabucco» layihəsi çərçivəsində Azərbaycan, İraq və gələcəkdə Türkmənistan qazı bilavasitə Avropa istiqamətinə axacaq».

«Nabucco»nun rəqabətə davamlılığı və likvidliyini artırmağa çalışdığını bildirən R.Mitçek həmçinin qeyd edib ki, «Nabucco» və «Şimal axını» layihələrini müqayisə etmək məqsədəuyğun deyil.

Qeyd edək ki, «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb.

İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 300 km olacaq, illik nəqletmə gücü isə 31 mlrd. kubmetr həcmində nəzərdə tutulub.

Xatırladaq ki, «Şimal axını» («Nord Stream») kəmərinin inşasına dair saziş 2005-ci ilin sentyabr ayında imzalanıb. Rusiyadan Almaniyaya (Baltik dənizin dibi ilə) qaz ixracı üçün tikilən bu kəmərin uzunluğu 1 200 km, illik gücü isə 55 mlrd. kubmetr təşkil edir. Layihənin icrası üçün təxminən 7,4 mlrd. avro vəsait lazım olacaq ki, bu kəmər vasitəsilə ilk qazın 2011-ci ildə nəql olunacağı gözlənilir.

«Nord Stream» layihəsinin səhmdarları rolunda Rusiyanın «Qazprom» (51%), Almaniyanın «Wintershall» (15,5%), «E.ON Ruhrgas» (15,5%), Niderlandın «Gasunie» (9%) və Fransanın «GDF Suez» (9%) şirktləri çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR