Bank Of Baku

Natiq Əliyev: «AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması 1 ildən gec olmayaraq hazırlanacaq»

Natiq Əliyev: «AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması 1 ildən gec olmayaraq hazırlanacaq»
# 17 sentyabr 2010 11:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin texniki-iqtisadi əsaslandırması 1 ildən gec olmayaraq hazırlanacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, layihə çərçivəsində bir çox işlər görülməlidir: «Tiflisdən Qara dəniz sahilinədək 100 km uzunluğunda boru kəməri, Qara dənizin Gürcüstan hissəsində qazı maye şəklinə çevirəcək müəssisə, Rumıniyada da həmin maye qazını yenidən buxar qazına çevirəcək zavod inşa olunmalıdır. Eyni zamanda, maye qazını Gürcüstandan Rumıniyaya nəql etmək üçün xüsusi gəmilər lazım olacaq».

N.Əliyev onu da bildirib ki, oktyabr ayında Azərbaycan, Gürcüstan və Rumıniya layihə ilə bağlı birgə müəssisə yaradacaq və həmin müəssisə bir ildən gec olmayaraq layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq: «Əsaslandırma 3 versiya üzrə hazırlanacaq ki, ilk versiyada Rumıniyaya Gürcüstan vasitəsilə göndəriləcək Azərbaycan qazının illik həcmi 2 mlrd. kubmetr, ikinci versiyada – 5 mlrd. kubmetr, üçüncü versiya üzrə isə 8 mlrd. kubmetr təşkil edəcək. Həcmdən asılı olaraq layihənin dəyəri müvafiq olaraq 1,2 mlrd. avro, 2,8 mlrd. avro və 4,5 mlrd. avro təşkil edə bilər. Lakin yekun həcm və məbləğ texniki-iqtisadi əsaslandırma hazır olandan sonra müəyyənləşəcək».

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. Layihə çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda (Kulevi, Gürcüstan) sıxılması, Qara dəniz vasitəsilə tankerlə Konstansa (Rumıniya) limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Cari ilin sentyabrın 14-də Bakıda üç ölkə arasında AGRI layihəsi çərçivəsində birgə müəssisəinin yaradılmasına dair anlaşma memorandumu və yeni şirkətin nizamnaməsinin layihəsi imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR