Bank Of Baku

AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması ilə bağlı xərcləri Rumıniya həllə edəcək

AGRI layihəsinin texniki-iqtisadi əsaslandırması ilə bağlı xərcləri Rumıniya həllə edəcək
# 18 sentyabr 2010 10:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin texniki-iqtisadi əsaslandırması ilə bağlı xərclər Rumıniya tərəfindən həll olunacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ prezidentinin sözlərinə görə, xərclər təxminən 2,5-3 mln. dollar nəzərdə tutulur. Rumıniya tərəfi bu məqsədlə Avropa İttifaqından vəsait cəlb etmək niyyətindədir.

«Bizim məqsədimiz qazımızı yaxşı qiymətə böyük bazarlarda satmaqdır. Çalışırıq ki, enerji dəhlizlərimiz daha çox diversifikasiya olunsun və daha çox bazarlarda öz qazımızı sata bilək. AGRI layihəsini hansı ölkədən yan keçib, ya düz keçib kimi ifadələrlə siyasiləşdirmək düzgün deyil», - deyə R.Abdullayev vurğulayıb.

Şirkət rəhbəri əlavə edib ki, AGRI-nin nə dərəcədə səmərəli olması texniki-iqtisadi əsaslandırma layihəsi hazır olandan sonra bilinəcək.

Azərbaycanın AGRI ilə yanaşı həm «Nabucco», həm TAP, həm ITGI layihəsi ilə, həm də Rusiya və İranla danışıqlar apardığını deyən ARDNŞ prezidenti mövcud qaz ixracı potensialının Rusiyaya 2 mlrd. kubmetr qaz ixrac etməyə imkan verdiyini vurğulayıb.

Xatırladaq ki, Rumıniya, Azərbaycan və Gürcüstan arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu ilin aprelin 13-də Buxarestdə imzalanıb. AGRİ layihəsi gələcəkdə Azərbaycan təbii qazının boru xətləri vasitəsilə Gürcüstanın Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılaraq, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsini nəzərdə tutur. Gələcəkdə Azərbaycan qazını Avropa İttifaqına üzv olan ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəmərinin çəkilməsi də nəzərdə tutulur. Layihənin birinci mərhələsində hər il 8 mlrd. kubmetr, gələcəkdə isə 20 mlrd. kubmetr həcmində qazın nəqli planlaşdırılır. 4-6 mlrd. avro dəyərləndirilən layihə çərçivəsində Konstansa və Kulevi limanlarında maye qaz terminalları yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR