Bank Of Baku

ABŞ-ın «Dupont» şirkəti Azərbaycanda fəaliyyətini genişləndirir

ABŞ-ın «Dupont» şirkəti Azərbaycanda fəaliyyətini genişləndirir
# 22 sentyabr 2010 09:35 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu şirkətin Şərqi və Mərkəzi Avropa regionu üzrə vitse-prezidenti Jan-Lyuk Dürami (Jean-Luc Duramy) bildirib.

Onun sözlərinə görə, hazırda «Dupont» şirkəti Azərbaycanda neft-qaz və inşaat sektorlarında fəaliyyət göstərir və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə sıx əməkdaşlıq edir: «Biz ARDNŞ-ın sifarişi ilə onların Azərbaycanda inşa etdiyi yanacaqdoldurma stansiyalarının fasadı üçün nəzərdə tutulmuş korian daşını gətiririk. Biz ölkəyə bu məhsulu xam mal şəklində gətiririk. Onun emalı ilə isə yerli şirkətlər məşğuldur. Üç il ərzində, artıq gətirilmiş məhsulu da nəzərə alsaq, biz Azərbaycana təxminən 25 min kv. metr korian daşı idxal edəcəyik».

J.L.Dürami onu da bildirib ki, neft-qaz sahəsi çərçivəsində «Dupont» şirkəti Azərbaycana müxtəlif texnoloji avadanlıqların gətirilməsini nəzərdə tutub: «Eyni zamanda biz Azərbaycanda qida sənayesi sahəsində də fəaliyyət göstərmək niyyətindəyik. Ümumiyyətlə, bizim üçün Azərbaycan yeni ölkə olduğundan, biz bu bazarı əsaslı şəkildə öyrənəcəyik».

«Dupont»un Azərbaycana gəlməsi, şirkətin inkişaf planları və Azərbaycan şirkətləri ilə əməkdaşlığından danışan J.L.Dürami həmçinin bildirib ki, hazırda «Dupont» ölkə hökuməti ilə bitumun Azərbaycana ixrac edilməsi və ölkədə yolların tikintisində onun istifadəsinə dair danışıqlar aparır: «Hazırda biz Azərbaycanda nümayəndəliyin açılmasını düşünürük ki, indi hələlik bizim bir nümayəndəmiz burada şirkəti təmsil edir. İşlər yaxşı gedərsə, gələcəkdə biz Azərbaycanda birgə şirkət yarada bilərik».

Şirkət rəsmisi onu da qeyd edib ki, «Dupont» Azərbaycanın «Azərikimya» İstehsalat Birliyi ilə də gələcəkdə əməkdaşlıq etməyə hazırdır. Belə ki, «Dupont»a gələcəkdə bir sıra kimya məhsulları lazım olacaq.

Azərbaycanda «Dupont»u təmsil edən şirkətin Avropa regionu üzrə satış meneceri Xordi Qavalda (Jordi Gavalda) isə öz növbəsində ARDNŞ-la əməkdaşlıq inkişaf etdiyindən, eyni zamanda bu əməkdaşlığ sayəsində şirkətin Azərbaycan bazarına daxil olması barədə məlumat verib: «Gələcəkdə biz korian daşını Azərbaycanın inşaat sektorunun digər istiqamətlərində də istifadə etmək niyyətindəyik. Ümumiyyətlə, biz Azərbaycana bir çox kimya məhsulları təklif edə bilərik. Məsələn, qaralmış binaların təmizlənməsi üçün onun qaşıyıb toz qaldırmamaq üçün bizdə xüsusi təmizləyici maddə var».

Qeyd edək ki, 1802-ci ildə təsis edilən «Dupont» şirkəti innovasiyalar üzrə qabaqcıl dünya şirkətlərindən biridir. Şirkətin 75 ölkədə müəssisələrində 60 mindən artıq işçisi fəaliyyət göstərir. Hazırda şirkət kimya, inşaat, kənd təsərrüfatı, qida, neft-qaz və bu kimi sahələrdə fəaliyyət göstərir. Ötən il şirkətin gəliri 26,1 mlrd. ABŞ dolları olub. Hazırda şirkətin dünya üzrə 75 elmi-texniki mərkəzi fəaliyyət göstərir ki, hər il «Dupont» elmi tədqiqata 1,4 mlrd. dollar vəsait sərf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR