Bank Of Baku

İndiyədək Bakı-Ceyhan kəmərilə 133,4 mln. ton neft, Bakı-Ərzurum kəmərilə isə 15,4 mlrd. kubmetr qaz nəql olunub

İndiyədək Bakı-Ceyhan kəmərilə 133,4 mln. ton neft, Bakı-Ərzurum kəmərilə isə 15,4 mlrd. kubmetr qaz nəql olunub
# 23 sentyabr 2010 14:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İndiyədək Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri ilə 133,4 mln. ton neft, Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə isə 15,4 mlrd. kubmetr qaz ixrac edilib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə YAP-ın veb-saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, «Yeni neft strategiyası»na uyğun olaraq Azərbaycan neftinin Avropaya və dünya bazarlarına çıxarılması üçün 2006-cı ilin mayında uzunluğu 1 769 km, illik buraxılış gücü isə 50 mln. ton olan BTC neft ixrac kəməri işə salınıb və istismara verildiyi gündən bu kəmər vasitəsi ilə 133,4 mln. ton (sentyabrın 20-dək) Azərbaycan mənşəli neft dunya bazarlarına nəql olunub: «Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə ixrac edilir».

Azərbaycanın təbii qaz potensialından danışan X.Yusifzadə onu da qeyd edib ki, 2007-ci ilin oktyabrında uzunluğu 971 km, illik buraxılış qabiliyyəti isə 20 mlrd. kubmetr olan Cənubi Qafqaz ixrac boru kəməri (Bakı-Tiflis-Ərzurum) işə salınıb və bu kəmər vasitəsilə indiyədək 15,4 mlrd. kubmetr, o cümlədən Türkiyəyə 13,7 mlrd. kubmetr, Gürcüstana isə 1,2 mlrd. kubmetr qaz nəql edilib: «Eyni zamanda Azərbaycan 2005-ci ilin noyabrından İrana, 2010-cu ilin yanvar ayından isə Rusiyaya qaz ixrac edir».

Qeyd edək ki, BTC-nin səhmdarları sırasına «BP-Azerbaijan» (30,1%), AzBTC (25%), «Chevron» (8,9%), «Statoil» (8,71%), TPAO (6,53%), ENİ (5%), «Total» (5%), «Itochu» (3,4%), «Inpex» (2,5%), «ConocoPhillips» (2,5%) və «Hess» (2,36%) şirkətləri daxildir.

Bakı-Tiflis-Ərzurum qaz kəmərinin əsas sərmayədarları isə BP (texniki operator -25,5%), «Statoil» (kommersiya operatoru - 25,5%), «Azərbaycan CQBK Ltd.» (10%), «LUKoil» (10%), NIKO (10%), «Total» (10%) və TPAO (9%) şirkətləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR