Bank Of Baku

Azərbaycan neft məhsullarının istehsalını 9% artırıb

Azərbaycan neft məhsullarının istehsalını 9% artırıb
# 24 sentyabr 2010 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk səkkiz ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə avtomobil benzininin istehsalı 1,2% artaraq 817,5 min ton, dizel yanacağının istehsalı 9% artaraq 1,7 mln. ton, sürtgü yağlarının istehsalı 2,2 dəfə artaraq 51,2 min ton olub.

Səkkiz ay ərzində həmçinin 399,8 min ton ağ neft (-6,1%) və 149,2 min ton neft bitumu (-6,6%) istehsal edilib. Neft emalı müəssisələrinin anbarlarında 38,8 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 18,7%-i qədər hazır məhsul olub.

Hesabat dövründə istehlakçılara (ixrac da daxil olmaqla) 4,2 mln. ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 5,5% çox neft məhsulları göndərilib. Bunun 57,5%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 42,5%-i isə ixrac olunub.

Cari ilin sentyabrın 1-i vəziyyətinə əsas istehlakçılarda 340 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,3% az mazut yanacağı, 16,7 min ton və ya 7,7% çox avtomobil benzini, 15,5 min ton və ya 6,2% az dizel yanacağı, 5,3 min ton və ya 17,7% çox neft bitumu, 1,3 min ton və ya 7,2% az sürtkü yağları, 8,6 min ton və ya 65,4% çox daş kömür ehtiyatı olub.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun sözlərinə görə, yaxın zamanlarda Azərbaycan ölkədə istehsal olunan neft məhsullarını yeni bazarlara çıxarmaq niyyətindədir. O, bildirib ki, ümumiyyətlə Azərbaycan neft məhsullarının ixrac həcmini artırmaq niyyətində deyil. Belə ki, xam neftin ixracı neft məhsullarının ixracından daha sərfəlidir: «Hazırda Azərbaycan neft məhsullarını əsasən Gürcüstana ixrac edir. Eyni zamanda Yunanıstana, İtaliyaya reaktiv yanacaq, Aralıq dənizi regionuna – dizel yanacağı ixrac edirik».

ARDNŞ rəsmisi bildirib ki, hazırda neft məhsullarının ixracı üçün Azərbaycan yeni perspektiv bazarlar müəyyənləşdirib və yeni bazarlar qismində Özbəkistan, Qırğızstan və Əfqanıtsana dizel yanacağı, benzin və aviasiya üçün ağ neft ixrac edəcək. Əfqanıstana neft məhsulları Xəzər dənizi vasitəsilə Türkmənistana kimi bərlərlə, oradan isə dəmir yolu ilə ixrac olunacaq. Ümumiyyətlə, bu ölkələrə Azərbaycandan ixrac olunacaq neft məhsullarının həcminin elə də çox olmayacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR