Bank Of Baku

Azərbaycan neft məhsullarının satışını 5% artırıb

Azərbaycan neft məhsullarının satışını 5% artırıb
# 22 noyabr 2010 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan istehlakçılara (ixrac da daxil olmaqla) 5,4 mln. ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çox neft məhsulları göndərib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bunun 58,9%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 41,1%-i isə ixrac olunub. Neft məhsullarının 38,5%-ni dizel yanacağı, 18,9%-ni avtomobil benzini, 9,2%-ni aviasiya üçün və sair ağ neft, 4%-ni mazut yanacağı, 3,8%-ni mayeləşdirilmiş qazlar, 3,7%-ni neft bitumu, 1,3%-ni sürtgü yağları, 20,6%-ni isə digər məhsullar təşkil edib.

Hesabat dövründə ölkə istehlakçılarına 3,2 mln. ton və ya ötən ilin 10 ayı ilə müqayisədə 1,4% çox neft emalı məhsulları göndərilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehlakçılara aviasiya üçün və sair ağ neft 27,9%, dizel yanacağı 14,3%, avtomobil benzini 6,1% çox, neft bitumu, mazut yanacağı, sürtgü yağları, mayeləşdirilmiş qazlar və digər neft məhsulları isə az göndərilib.

Aviasiya üçün ağ neftin 96%-i «Azərbaycan Hava Yolları» QSC-yə və 4%-i digər təşkilatlara, sürtgü yağlarının 61,4%-i, dizel yanacağının 46,5%-i, avtomobil benzininin 18,7%-i, mazut yanacağının 6%-i Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyat İdarəsinə, avtomobil benzininin 45,8%-i, dizel yanacağının 24,2%-i «Azpetrol» şirkətinə, avtomobil benzininin 15,5%-i, dizel yanacağının 11,1%-i «LUKoil» ASC-yə, avtomobil benzininin 20%-i, dizel yanacağının 15,5%-i «SOCAR Petroleum» QSC-yə, sürtgü yağlarının 0,2%-i, mazut yanacağının 11,8%-i məhsul istehsalı üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna, sürtgü yağlarının 2,1%-i, dizel yanacağının 2,6%-i Dövlət Xəzər Dəniz Gəmiçiliyinə, sürtgü yağlarının 3,6%-i, mazut yanacağının 2,9%-i Naxçıvan Neft və Qaz MTM-yə, dizel yanacağının 0,1%-i, sürtgü yağlarının 32,7%-i, mazut yanacağının 79,3%-i digər təşkilatlara göndərilib.

ARDNŞ-ın Marketinq və İqtisadi Əməliyyat İdarəsi 2010-cu ilin yanvar-oktyabr aylarında özəl təşkilatlara neft emalı zavodlarından daxil olan avtomobil benzininin 86%-ni, sürtkü yağlarının 54,4%-ni, mazut yanacağının 42,8%-ni, dizel yanacağının 37%-ni realizə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR