Bank Of Baku

Azərbaycan “Avro-5” standartına uyğun benzinin istehsalına başlayacaq

Azərbaycan “Avro-5” standartına uyğun benzinin istehsalına başlayacaq
# 29 sentyabr 2011 10:51 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, neft emalı sənayesi mühüm strateji əhəmiyyət daşıdığı üçün onun inkişafına ölkə rəhbərliyi tərəfindən böyük diqqət yetirilir: “Sovet dövründə inşa edilmiş emal zavodlarımızda istismar olunan qurğuların böyük hissəsinin fiziki və mənəvi cəhətdən köhnəldiyi nəzərə alınaraq, şəhərdən kənarda, müasir tələblərə cavab verən yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksinin yaradılması hökumət tərəfindən ARDNŞ-a həvalə edilib. Hazırda “Technip”, “Foster Wheeler” və “UOP” kimi dünya şöhrətli şirkətlərlə birlikdə bu sahədə hazırlıq işləri aparılır. Kompleks inşa olunduqdan sonra ölkəmizdə “Avro-5” standartına uyğun benzinin istehsalına başlanacaq. Bu layihənin həyata keçirilməsi həm də Bakının ekoloji durumunun yaxşılaşması, emal dərinliyinin və alınan məhsulların çeşidlərinin artırılması üçün real imkanlar yaradacaq”.

R.Abdullayev qeyd edib ki, Qaradağ Qaz Emalı zavodunda təbii və səmt qazlarının təmizlənməsi və emalı prosesləri ilbəil təkmilləşdirilir: “Cari ilin əvvəlindən zavodda 2623,4 mln. kubmetr qaz emal edilərək 2592,8 mln. kubmetr təmizlənmiş qaz, 40,4 min ton maye qaz və qaz benzini istehsal olunub. Zavodun modernləşdirilməsi, illik gücünün 8 mlrd. kubmetrə çatdırılması aktual məsələlərdəndir və bunun üçün texniki-iqtisadi əsaslandırma sənədi hazırlanır”.

R.Abdullayevin sözlərinə görə, “Azərikimya” Dövlət Şirkəti ARDNŞ-ın tabeliyinə verildikdən və “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılmasıdır: “Ötən müddətdə bu istiqamətlərdə ciddi irəliləyişə nail olmuşuq, son illərdə ilk dəfə etilen istehsalatının layihə gücü səviyyəsində işləməsi təmin edilib, məhsulların çıxım səviyyəsi yüksəldilib, xammala qənaət olunub, balans itkiləri minimuma endirilib, beləliklə, məhsulun maya dəyəri aşağı salınaraq rentabellik artırılıb. Ən əsası, Birliyin müəssisələrində texnoloji prosesin tamlığı təmin edilib. Cari ilin ilk 6 ayında tələbatın yüksək olduğu etilen, polietilen, propilen və butilen-butadien fraksiyası istehsalı 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 45-60% artıb. Bu, son illərin ən yaxşı göstəricilərindəndir. Hazırda Birliyin istehsal etdiyi məhsulların böyük bir hissəsi xaricə - MDB və Baltikyanı ölkələrə, Türkiyə, Çin, İtaliya, Rumıniya, Malta, ümumilikdə 20-yə yaxın ölkəyə ixrac edilir. Kimya məhsullarının ixrac coğrafiyasını daha da genişləndirməyi nəzərdə tuturuq”.

R.Abdullayev bildirib ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramına əsasən azot gübrəsi - karbomid istehsalı zavodunun tikintisi ARDNŞ-a həvalə olunub: “Qısa müddətdə bununla əlaqədar böyük həcmdə iş görülüb, beynəlxalq tender elan edilib. Yaxın müddətdə zavodun inşasına başlanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR