Bank Of Baku

ARDNŞ Gürcüstanda azərbaycanlıların yaşadığı daha bir kəndi qazlaşdırıb - FOTO

ARDNŞ Gürcüstanda azərbaycanlıların yaşadığı daha bir kəndi qazlaşdırıb - <font color=red>FOTO</font>
# 30 sentyabr 2011 16:29 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Aşağı Saral kəndinə “SOCAR Georgia Gas” tərəfindən qaz çəkilməsi münasibətilə tədbir keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə ARDNŞ prezidenti Rövnəq Abdullayev, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, “SOCAR Georgia Gas” şirkətinin baş direktoru Anar Məmmədov, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov və başqa şəxslər iştirak ediblər.

Rövnəq Abdullayev, Aleksandr Xetaquri və David Kirkitadze məşəllərlə 380 abonenti təmin edəcək yeni qaz xəttini alovlandırıb, kənd sakinlərini təbrik ediblər.

Sakinlərlə söhbət edən R.Abdullayev onların problemləri ilə maraqlanıb. O, Aşağı Saral kənd sakinlərinə magistral yoldan kəndə qədər olan yolun asfaltlaşdırılması barədə xahişlərinin tezliklə yerinə yetiriləcəyini vəd edib.

ARDNŞ prezidenti jurnalistlərə açıqlamasında Gürcüstan hökuməti ilə bağlanmış müqavilə əsasında bu ölkədə 150 min abonentə qaz veriləcəyini bildirib: “Azərbaycanlıların kompakt yaşadığı kəndlərdə qazlaşma prosesi gedir. Biz plandan əlavə 12 min abonentə qaz verməyi də öhdəmizə götürmüşük. İndi işlərimiz daha sürətlə gedir. Sərhəd kəndi Sadaxlıdan bu yana olan azərbaycanlı kəndlərinin hamısı qazlaşdırılacaq. Ümumilikdə götürsək, Gürcüstan bazarında Azərbaycanın qaz payı 80%-i ötüb. Marneuli rayonunda yeni yanacaqdoldurma məntəqələri açılır, azərbaycanlılar bu yanacaqdoldurma məntəqələrində işləyirlər. Biz çalışacağıq ki, bu işləri davam etdirək. Gürcüstanda energetika sahəsinə investisiya qoyulması və başqa sahələrin normal iqtisadi inkişafı Azərbaycanın marağındadır və biz çalışırıq ki, bu ölkənin inkişafı ilə yanaşı, soydaşlarımızın yaşayış tərzi də yaxşılaşsın”.

Daha sonra R.Abdullayev Marneulidə inşa olunan “Çay Evi”nin tikintisi ilə maraqlanıb və tikinti sahəsinə baxış keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR