Bank Of Baku

Reza Vəziri: «Qızılın bahalaşması davam edəcək»

Reza Vəziri: «Qızılın bahalaşması davam edəcək»
# 10 oktyabr 2011 11:30 (UTC +04:00)
- Qızılın qiymətinin növbəti rekord vurması xəbərini necə qarşıladız?

- Əlbəttə ki, bu һәm şirkәtimiz, һәm dә Azәrbaycan һökumәti üçün çox yaxşı xәbәrdir. Ümid edirәm ki, qiymətlər bundan sonra da artacaq. Proqnozlar da göstərir ki, ilin sonuna qiymətlər 2 min dollara çatacaq.
Doğrudur, qızılla yanaşı, qızılın istehsalı üçün istifadə olunan avadanlıq və materiallar da bahalaşır. Məsələn, sionid, kaustik soda, tioriya, rezin və qızıl hasilatında və emalında istifadə olunan digər maddələrin qiyməti ötən ildən indiyədək 25-30% artıb. Amma hətta buna da baxmayaraq, qızılın bahalaşması bizə xeyir gətirir və biz bunu müsbət qiymətləndiririk.

- Bahalaşmanın əsas səbəbi nədir?

- Əslində qızılın bahalaşmasının bir neçə səbəbi var. Əsas səbəb dünya iqtisadiyyatındakı qeyri-sabitlikdir. Avropa, ABŞ və digər ölkələrdəki problemləri görən investorlar pullarını qızıla qoyurlar. Hətta səhmlərdən də çox qızıla etibar edirlər. İlk dəfədir mən eşidirəm ki, hətta Cənubi Koreya qızıl alıb saxlayır. Bir qədər öncə isə Çin hökuməti ölkədən qızıl çıxarılmasını qadağan edib. Bunlar hamısı qızılın qiymətinin günbəgün artmasına səbəb olur. Bahalaşmaya qızıla tələbatın artması da səbəb olub - indi dünyada qızıla olan tələbat istehsaldan çoxdur.
Amma mənim fikrimcə, ən böyük amil yaranmış təşvişdir və onun təsiri qızılın qiymətinə tələbatdan qat-qat artıq təsir edir. Və nə qədər ki, dünya iqtisadiyyatında sabitlik yaranmayıb, qiymətlər o vaxtadək artacaq.

- Sizcə, bu proses nə vaxta kimi davam edəcək və qiymətlər hansı həddə qədər arta bilər?

- Təəssüf ki, qarşıda dünya iqtisadiyyatında sabitliyin yaranacağı ilə bağlı heç bir müsbət əlamət görünmür. Avropanın müxtəlif ölkələri – Yunanıstan, İspaniya, İtaliya və s. ciddi problemlərlə üzləşib. Nəticədə, indi dünyada İsveçrə frankından başqa sabit valyuta yoxdur. Vəziyyət belə davam etdikcə, qızılın qiyməti də artacaq.
Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, qiymətlər 2300-2400 dollaradək artacaq, sonra isə enərək 1400-1500 dollarda sabitləşəcək. Bu mənim şəxsi fikrimdir və təcrübəmə əsaslanır.

- Son vaxtlar qızılın fasiləsiz bahalaşması nəticəsində ölkələrin də valyuta ehtiyatlarını qızılda saxlaması geniş yayılıb. İndi Azərbaycanda da belə təcrübə və ya qızıl fondunun yardılması ilə bağlı diskussiyalar aparılır. Bu ideyaya münasibətiniz necədir?

- Mən buna çox müsbət baxıram və əgər məndən soruşsaydılar, mən bunu özüm də təklif edərdim. Çünki, təsəvvür edin, 6 və ya 8 ay bundan əvvəl qızıl fondu yaradılsaydı və qızıl alıb saxlasaydıq, bu gün nə qədər gəlir götürmək olardı. Düzdür, hələlik bu gün Azərbaycanın öz qızıl istehsalatının həcmini nəzərə alanda qızıl fondunun yaradılmasına o qədər də böyük ehtiyac görünmür. Belə ki, biz ildə 60 min unsiyaya yaxın qızıl çıxarıb ixrac edirik. Onun bir hissəsi hökumətə çatır. Məncə, bu miqdar hazırda o qədər böyük deyil ki, fonda ehtiyac olsun. Amma gələcəkdə ümidvaram ki, hasilat artdıqca, ehtiyac da artacaq.
Amma əgər söhbət Azərbaycanın öz pullarının bir hissəsini qızıla çevirməkdən gedirsə, kimsə məndən məsləhət almaq istəsə, mən bunu məsləhət görərdim. Artıq bəzi ölkələr bunu edir. Qızılın qiymətinin bundan sonra da artacağı barədə proqnozlar göstərir ki, onu alıb saxlamaq olar.

- Qızılın qiymətinin kəskin artması Azərbaycandakı «qızıl müqaviləsinə» yatırılan sərmayələrin geri qaytarılması müddətinə təsir edibmi?

- Bəli, biz işə başlayanda qiymətlər 600-700 dollar ətrafında idi və fikirləşirdik ki, xərclərimizi 4 ilədək çıxara bilərik. Amma indi bu müddət 2-2,5 ilə enib. Amma biz yeni işlərə də başlamışıq, yəni nəzərdə tutulandan artıq vəsaitlər yatırmaq niyyətindəyik.
Qızılın bahalaşması və onun satışından daxilolmaların artması bizim mənfəətə çıxmağımıza səbəb olub. Nəticədə, artıq sentyabr ayından etibarən AIMC vergi ödəməyə başlayıb - 4,2 mln. dollar məbləğində ilk vergi ayırmaları dövlət büdcəsinə ödənilib.

- Şirkətin aldığı kreditlərin qaytarılması ilə bağlı vəziyyət necədir?

- Yaxşıdır. Doğrudur, biz hələlik Azərbaycan Beynəlxalq Bankına təxminən 15 mln. dollar borcluyuq. Amma pulumuzu həmişə vaxtından əvvəl qaytarmışıq və ABB-nin ən yaxşı müştərilərindən biriyik. Ümid edirik ki, bu 15 mln. dolları da gələn ilin ilk hissəsinədək qaytaraq.

- Qızılın qiyməti və hasilatdakı vəziyyət şirkətin səhmlərinin qiymətinə necə təsir edib?

- Səhmlərimizin qiyməti də yataqlardakı kəşfiyyatın nəticələri və görülən işlərdən asılıdır. Belə ki, 2005-ci ildə şirkətin səhmləri ilk dəfə London birjasında - İPO-ya çıxarılanda qiyməti 77 pens olub. Ordubadda 2006-cı ildə «Piyazbaşı» yatağında birinci qazma kəşfiyyat işləri buradakı ehtiyatların gözlənildiyi kimi olmadığını göstərəndə, səhmlər kəskin ucuzlaşaraq 9 pensə düşüb. «Gədəbəy»də müsbət nəticələr əldə olunanda, yəni 2011-ci ildə şirkətin səhmlərinin qiyməti yenidən yüksəlib və 85 pensə çatıb. Hazırda səhmin qiyməti 50 pens ətrafındadır.

- Qızıl hasilatında vəziyyət necədir?

- Təəssüf ki, bu il qızıl hasilatında böyük problemlərimiz yaranıb. Birincisi, bu il qış çox ağır keçib. Bizim qızıl istehsalı açıq havada olduğu üçün havaların pis keçməyi ona ciddi təsir edir. Bəzi tədbirlər görsək də, bu təsir hiss olunur. İkincisi, mart ayından indiyədək, qızılın torpaqdan ayrılması üçün istifadə etdiyimiz «hipliç» sistemi istədiyimiz nəticəni vermir - qızılın torpaqdan ayrılması prosesi daha çox vaxt aparır. Doğrudur, qızılı itirmirik, amma bu proses 3-4 həftə əvəzinə, 6-7 həftə davam edir. Bunun səbəbi filizin vəziyyəti ilə bağlıdır. Bu isə ya artıq vaxt, ya da artıq kimyəvi maddə tələb edir. Ümumilikdə isə vəziyyət müsbətdir, ümid edirəm ki, bu il proqnozda nəzərdə tutduğumuz kimi 60 min unsiya qızılı çıxara biləcəyik.

- Yataqlarda əlavə istehsal güclərinin yaradılması ilə bağlı nə iş görülür?

- Biz indi istifadə olunan «hipliç» sistemindən başqa, «flutasiya» prinsipi ilə işləyən yeni zavod tikmək niyyətindəyik. Bilirsiniz ki, indiki sistem filizlərdəki qızılın 70%-ni əldə etməyə imkan verir. Yeni zavodda isə bu göstərici 90%-ə qalxacaq. Çünki əvvəl işə başlayanda Gədəbəydəki filizlərin hər tonunda 1,8 qram qızıl olduğunu planlaşdırırdıq, indi isə bu rəqəmin 2 qramdan artıq olduğu aydınlaşıb. Yəni, qazma işləri aparılanda məlum olur ki, həm yataqda qızıl ehtiyatının ümumi həcmi, həm də filizlərin zənginliyi əvvəl güman ediləndən artıqdır. Bundan başqa, bəzən filizlərin zənginliyi 3 qramı da keçir. Belə filizlərin 70% dərinliyədək emal edilib, 30%-nin qalması sərfəli deyil. Biz bunun 90%-ni almaq istəyirik. «Flutasiya» sistemi də filizlərin tam emal olunması üçün lazımdır. Bundan başqa, yeni zavod indiyədək emal olunmuş, amma 30% qızıl hələ də qalmış filizlərin yenidən emal olunaraq oradakı qızılı da almağa imkan verəcək. Yeni zavodun qiyməti isə 32-40 mln. dollar arasındadır.
Hazırda «Arkadi» şirkəti bu layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlayır, işlər 1 aya tamam olmalıdır. TİƏ-nin cavabının müsbət olacağını gözləyirəm. Əgər hər şey qaydasında olarsa, bu işə investisiya yatırmaq üçün məsələni hökumətlə də razılaşdırmalıyıq.

- Başqa yataqlarda işlərə başlanması gözlənilirmi?

- Əvvəla onu deyim ki, «Gədəbəy» yatağında qızıl ehtiyatlarının gözləniləndən artıq olduğu müəyyənləşib. Yatağın istismar olunan hissəsində 6 min metr qazıntı aparmışıq, onların nəticələri müsbətdir və ümid edirəm ki, yatağın ehtiyatları minimum 15-20% artacaq. İlkin olaraq burada 700 min unsiya qızılın olduğu güman edilirdi. Qazma işləri isə göstərdi ki, zəngin filizlər daha çoxdur. Bundan başqa, yatağın şimal, cənub və şərq hissəsində 7 min metrə qədər qazma aparılıb. Onun nəticələri 2012-ci ilin fevral-mart aylarınadək elan olunacaq və ümid edirik ki, ehtiyatlar daha da artacaq.
Artıq «Qoşa» yatağında kəşfiyyat işləri ilə bağlı sənədləri də hökumətə təqdim etmişik, hökumət bunu qəbul edib. İndi bu layihənin də TEO-su hazırlanır, cavabı maksimum 1,5-2 aya hazır olacaq. Bundan sonra, «Qoşa»nın istismarına başlanacaq. «Qoşa»da ilkin olaraq 300 min unsiya ehtiyatın olduğu proqnozlaşdırılır. Fikirləşirik ki, orada zavod quraraq ildə 20 min unsiya hasil edib bazara çıxaraq. İlkin mərhələdə 20 min unsiya çıxaracağıq. Bu yataqda 13 zona var. Onların hələlik yalnız 1-ni kəşf eləmişik. Orada istismara başlamaqla yanaşı, qalan 12 hissədə kəşfiyyat davam edəcək.
Yeri gəlmişkən, biz Kanadadan yeni qazma qurğusu almışıq, Bakıya yaxınlarda çatacaq. Bu qurğu yerin altında da qazma apara bilir. Damar tipli yataq olan «Qoşa»da bu qurğunun bizə xeyri olacaq. «Ordubad» yatağında da kəşfiyyat işləri davam edir. Burada nəticələr əldə etmək üçün gələn ilin aprelinədək vaxtımız var. İlkin olaraq güman edirəm ki, həmin vaxtadək kəşfiyyat sənədini hökumətə təqdim edə biləcəyik.

- Çıxan qızılda hökumətin payı necə bölünür – hökumətə qızıl verilir, yoxsa onun pulu?
- Dövlət başçısının əmrinə əsasən, çıxarılan qızıldan hökumətin payını elə qızıl formasında veririk. Çıxarılan mis isə başqa üsulla bölünür – burada hökumətin payı satılır və həmin pula qızıl alınaraq hökumətə təhvil verilir. Bu qızıl Mərkəzi Bankda saxlanılır. Səhv etmirəmsə, indiyədək hökumətə azı 12,5 min unsiya qızıl verilib.

- Belə çıxır ki, artıq qızıl fondunun yaradılmasına başlanılıb.

- Bəli. Belə görünür ki, bu prosesə start verilib.



ARAYIŞ:

Azərbaycanın «Gədəbəy» (Gədəbəy rayonunda yerləşir), «Qoşa» (Tovuz), «Ordubad» qruppu («Piyazbaşı», «Ağyurd», «Şəkərdərə» və «Kələki»), «Söyüdlü» (Kəlbəcər), «Qızılbulaq» (Ağdərə) və «Vejnəli» (Zəngilan) qızıl-filiz yataqlarının geoloji kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında «Azərqızıl» Dövlət Şirkəti və ABŞ-ın «RV Investment Group Services LLC» şirkəti arasında saziş 1997-ci ilin 20 avqustunda imzalanıb. Müqaviləyə əsasən layihədə payın 51%-i Azərbaycan tərəfinə, 49%-i Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinə məxsusdur. 1998-ci il fevralın 24-də saziş Milli Məclisdə təsdiqlənəndən sonra bu sahədə iişlərə start verilib. Qısa vaxt ərzində yataqlarda tədqiqatlar planı və proqrammı hazırlansa da, 2000-ci ilin ortalarında dünya bazarında qızılın ucuzlaşması (unsiyası 256 dollara) bu sahədə işlərin müvəqqəti olaraq dayanmasına səbəb oldu. 2004-2005-ci illərdə qızılın qiymətinin yenidən artması ilə bu sahədə işlər canlanıb. 2008-ci ildə Gədəbəydə karxana tipli mədən tikilib, 2009-cu ildə yataqdan ilk qızıl hasil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR