Bank Of Baku

Borut Grgiç: “Azərbaycanın qaz qambiti” - TƏHLİL

Borut Grgiç: “Azərbaycanın qaz qambiti” - <font color=red>TƏHLİL</font>
# 21 oktyabr 2011 13:03 (UTC +04:00)
Sovet İttifaqından ayrıldıqdan sonra öz kursunu müəyyənləşdirən Azərbaycanın bugünkü enerji zirvəsinə yüksələn yolu humanitar çətinliklər, müharibə, ərazisinin itirilməsi, diplomatik qeyri-müəyyənliklə müşayiət olunub. Ölkə eyni zamanda enerji sektorunda böyük irəliləyişlər əldə edib.

“Abşeron” ofşor yatağındakı kəşf Azərbaycanın təbii qaz ehtiyatlarının həcmini 2,6 mlrd. kubmetrə çatdırıb. Bu qazın haraya və necə satılması Azərbaycan hakimiyyətini düşündürən vacib məsələlərdən biridir. Neftdən fərqli olaraq, təbii qaz uzun müddətli strateji tərəfdaşlıq üçün potensial təklif edir. Təbii qaz ehtiyatları Bakıya Avropanın mühüm enerji tərəfdaşı olmaq və Xəzər enerji sektorunun inkişafında liderə çevrilmək imkanı verir. Bir-biri ilə bağlı olan bu iki məqsədi Azərbaycan eyni vaxtda həyata keçirməlidir.

1990-cı illərin əvvəllərində dünya enerji şirkətləri müstəqil Azərbaycana gələndə, ölkə Dağlıq Qarabağ bölgəsinə görə Ermənistanla aparılan müharibə nəticəsində bərbad olmuşdu. O vaxt Azərbaycan Dağlıq Qarabağı itirdi və bölgə ətrafındakı yeddi rayonla birlikdə indiyədək Ermənistanın işğalı altındadır. Məğlubiyyət Azərbaycanın özünə inamını azaltdı və ilk olaraq Rusiya bu vəziyyətdən bəhrələnməyə çalışdı. 1990-cı illərdə Cənubi Qafqazda Rusiya hökmran idi. Daha zəif strateji rola malik Türkiyə hadisələrə müdaxilə edə bilmirdi, Qərb isə gözləmə mövqeyi tutmuşdu. Bu cür geosiyasi şəraitdə Azərbaycanda neft sektorunun beynəlmiləlləşdirilməsi çətin məsələ idi, amma Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin məharətli diplomatiyası Bakı-Tiflis-Ceyhan neft kəmərinin tikintisinə yol açdı. İlk Azərbaycan nefti Türkiyə vasitəsilə dünya bazarına çıxarıldı və beləliklə, Azərbaycan Xəzərdə həlledici enerji oyunçusuna çevrildi.

BTC Bakıdan Ərzuruma təbii qaz ötürülməsi üçün nəzərdə tutulan Cənubi Qafqaz Kəməri üçün motiv yaratdı. Azərbaycanın ÜDM-i son 10 ildə 10%-dən çox artıb, ölkə iqtisadiyyatının dağılmış əsasları bərpa edilib, enerji ixracatı artıb. ABŞ və Avropanın simasında yeni strateji tərəfdaşlar tapan Azərbaycanın bu gün özünün geosiyasi və iqtisadi ehtiyaclarını ödəmək üçün kifayət qədər imkanı var.

Azərbaycan və Avropa arasında bugünkü qaz debatları da bu kontekstdə baş verir. Azərbaycan qazını Avropaya daşımaq üçün üç Avropa layihəsi arasında rəqabət gedir. Bütün təklif olunan marşrutlar Türkiyədən keçir. Layihələrin ən böyüyü - “Nabucco” kəməri Avropanın ən böyük təbii qaz distribütoru və ticarət qovşağı olan Baumgartendə tamamlanır. Digər iki layihə - ITGI və TAP əsasən İtaliya bazarını hədəfə alıb. Bu layihələr cəlbedici bazarlara çıxış təklif edir, amma Azərbaycanın uzun müddətli siyasi və iqtisadi ehtiyaclarını təmin etmək üçün az iş görür. Birincisi, “Nabucco” nəhəng layihədir və qiyməti təchizatçılara sərf etmir. Bu halda Qərb bazarlarını əldə etmək üçün təmiz mənfəəti qurban vermək lazım gəlir. Ədalət naminə demək lazımdır ki, TAP layihəsinin müəllifləri öz strategiyalarında güclü Balkan komponentini inkişaf etdirirlər. Bu da Azərbaycana həm İtaliya, həm də Balkan ölkələrinə çıxış imkanı verir.

2014-cü ildə əldə edilməsi gözlənilən 10 mlrd. kubmetr həcmdə ilk “Şahdəniz” qazı Cənub-Şərqi və Mərkəzi Avropada, daha dəqiq desək, keçmiş Yuqoslaviya ölkələri, Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada satılmalıdır. Bunun iki səbəbi var. Birincisi, Azərbaycandan təbii qazın bu bazarlara ötürülməsi üçün infrastruktur var, yəni burada yeni kəmərlər çəkmək əvəzinə mövcud sistemlər birləşdirilir ki, bu da mənfəətin qorunub saxlanmasına imkan verir.

İkincisi siyasi səbəbdir. Tarixən Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri təbii qazın böyük hissəsini Rusiyadan alıblar, buna coğrafi şərait də imkan yaradıb. Onların qaz infrastrukturu elə qurulub ki, alternativ təchizatçılara çıxış imkanları azdır. Azərbaycan qazının bu bazarlara daşınması təkcə Rusiyadan asılılığı tarazlaşdırmır, həm də kömür və köhnə nüvə texnologiyasından istifadəni azaltmağa çalışan bu ölkələrin yeni enerji növünə ehtiyacını təmin edir. 10 mlrd. kubmetr qazı Cənub-Şərqi və Mərkəzi Avropaya ötürməklə, Azərbaycan əksəriyyəti Aİ üzvü olan bu ölkələrin əsas enerji tərəfdaşı olardı. Enerji sahəsində intensiv əməkdaşlıq həm də Azərbaycana geosiyasi üstünlüklər gətirən siyasi vasitələr yaradır. Şərqə doğru genişlənmə məsələsi Aİ-nin gündəmindən düşdüyü bir vaxtda bu, daha məqsədəuyğun bir addım olardı.

BP-nin bu yaxınlarda təklif etdiyi SEEP layihəsi Azərbaycanın Cənub-Şərqi və Şərqi Avropa bazarlarına daxil olması üçün geniş imkanlar yaradır. Bu regiona kəmərin çəkilməsindən başqa, Azərbaycanın həm də Gürcüstanda LNG (maye qaz) istehsal edən müəssisəyə ehtiyacı var. Bu, qazı spot (real məhsul) bazara - Ukraynaya satmaq üçün lazımdır. Şimali Amerikada və Avropada yeni qaz yataqlarının tapılması spot bazarların vaxtından əvvəl genişlənməsinə səbəb olacaq. Türkiyə amilini də yaddan çıxarmaq olmaz, çünki Gürcüstanda LNG müəssisəsi bu məsələni həll etmək imkanı verəcək.

Hazırda Azərbaycandan Qərbə uzanan bütün enerji marşrutları Türkiyədən keçir. Ankara məqsədini artıq bəyan edib - o, sərhədlərində aparılan qaz alqı-satqısında qovşağa çevrilmək istəyir. Bu, Türkiyənin imkanlarını artırır və ona qazın qiymətini müəyyənləşdirmək səlahiyyəti verir. Amma eyni zamanda Azərbaycanın son alıcılarla, yəni Rumıniya, Bolqarıstan, Serbiya, Sloveniya və digərləri ilə birbaşa əlaqəsinə və bu əlaqədən siyasi mənfəət əldə etməsinə mane olur. Gürcüstanda Azərbaycan tərəfindən tikilən və idarə olunan LNG müəssisəsi isə Türkiyənin Azərbaycan üzərində rıçaqlarını neytrallaşdırmaq imkanı yaradır.

Aydındır ki, Azərbaycan yaxın onilliklərdə Avropanın böyük enerji tərəfdaşına çevriləcək. Belə bir sual yaranır - görəsən, Bakı Avropa ilə davamlı və ədalətli münasibətlər qurmaq üçün enerji platformasından istifadə edə biləcəkmi? Cənub-Şərqi Avropa kəməri və Gürcüstanda LNG müəssisəsi BTC kimi ağıllı strateji qərardır. Bakı Cənub-Şərqi Avropada ciddi siyasi və iqtisadi dividentlər qazanmağa ümid edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR