Bank Of Baku

Bakı Gəmiqayırma Zavodunun tikintisi iki ilə başa çatacaq

Bakı Gəmiqayırma Zavodunun tikintisi iki ilə başa çatacaq
# 25 oktyabr 2011 08:44 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bakı Gəmiqayırma Zavodunun tikintisi 2013-cü ildə başa çatdırılacaq. «APA-Economics»in xəbərinə görə, bu barədə zavodun tikintisi aparılacaq ərazidə «Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi» layihəsinin müzakirəsində məlumat verilib.

Qeyd olunub ki, zavodun tikintisində əsas məqsəd Azərbaycanda yeni gəmilərə olan tələbatı təmin etməkdir. Müəssisədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Xəzər Dəniz Neft Donanması, Xəzər Dəniz Gəmiçiliyi, hərbi və sərhəd xidməti üçün gəmilərin tikintisi nəzərdə tutulur. Bundan başqa, Bakı Gəmiqayırma Zavodunda Azərbaycan ərazisindən tranzit olunacaq neft daşımaları üçün iri tonnajlı tankerlər - 60-70 min ton yükgötürmə qabiliyyətinə malik olan «Caspian Max» tipli tankerlər tikiləcək, gəmilərin təmiri həyata keçiriləcək.

Tədbirdə bildirilib ki, zavodun tikilməsi və burada görüləcək işlər Azərbaycanın gəmiçilik sahəsində Xəzərdəki aparıcı rolunu möhkəmləndirəcək. İlkin mərhələdə zavodda 1000 yeni iş yeri açılacaq, bir neçə ildən sonra bu rəqəm 1700-2000-ə çatacaq. Yeni gəmi tikintisi sənayesinin yaradılması bu sahə ilə əlaqədar xeyli köməkçi sahələrin də meydana gəlməsinə və inkişafına səbəb olacaq. Zavodun digər əhəmiyyəti ondadır ki, onun işə düşməsi nəticəsində Azərbaycanın gəmi tikintisi və təmiri sahəsində xarici dövlətlərdən asılılığı aradan qalxacaq. Bu, yeni tikilən gəmilərin Rusiya kanalları vasitəsilə Azərbaycana gətirilməsi ilə əlaqədar problemlərə də aiddir. Zavodun istehsal gücü ildə 25 min ton metal konstruksiyaların hazırlanmasına, 4 ədəd 15 min tonluq tankerin və ya 2 ədəd «Caspian Max» tipli tankerin tikintisinə, 80-100 ədəd müxtəlif təyinatlı gəmilərin təmir olunmasına imkan verə biləcək.

Qeyd edək ki, 2009-cu ilin sonunda ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun «Keppel Offshore and Marine» (KOM) şirkəti arasında Azərbaycanda yeni gəmiqayırma zavodunun inşası ilə əlaqədar Anlaşma Memorandumu (Müqavilə Başlıqları) imzalanıb və 2010-cu il martın 19-da Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. Həmin ilin dekabrın 10-da isə ARDNŞ, AİŞ və KOM şirkəti arasında Bakıda yeni gəmiqayırma və təmir zavodunun inşası ilə əlaqədar yaradılacaq Birgə Müəssisənin təsis müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, yeni yaradılacaq Birgə Müəssisədə ARDNŞ 65%, AİŞ 25%, KOM isə 10% paya malikdir. KOM-a növbəti 3 il ərzində öz payını daha 10% artırmaq hüququ da verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR