Bank Of Baku

Rövnəq Abdullayev “Statoyl” şirkətinin prezidenti ilə görüşüb

Rövnəq Abdullayev “Statoyl” şirkətinin prezidenti ilə görüşüb
# 10 noyabr 2011 16:36 (UTC +04:00)
Bakı – APA. ARDNŞ prezidenti Rövnəq Abdullayev noyabrın 10-da Norveçin dövlət neft şirkəti - “Statoyl”un prezidenti Helqe Lundun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “APA-Economics”in ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, R. Abdullayev “Statoyl”un Azərbaycanda çoxillik iş təcrübəsinə malik şirkətlərdən olduğunu bildirib, Azərbaycan neft-qaz sənayesinin inkişafında onun rolunu qeyd edib.

İstər “Azəri-Çıraq-Günəşli”, istərsə də “Şahdəniz” layihələri üzrə “Statoyl”la səmərəli tərəfdaşlıq münasibətlərinin qurulduğunu söyləyən ARDNŞ prezidenti bu əməkdaşlığın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsinə hazırlıq işlərinin sona çatdığı indiki dövrdə xüsusən vacib olduğunu vurğulayıb.

“Şahdəniz” layihəsinin Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə çatdıran R. Abdullayev bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında imzalanmış qaz anlaşmaları haqda məlumat verib.

ARDNŞ prezidenti qeyd edib ki, bu sənədlər Azərbaycanın “Cənub enerji dəhlizi” layihəsi üzrə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması üçün geniş imkanlar açır.

Öz növbəsində, H. Lund əldə olunmuş irəliləyişə görə ARDNŞ prezidentini təbrik edərək, qarşıdakı illərin dinamik keçəcəyini söyləyib, bu prosesdə “Statoyl”un fəal iştirak etməsindən məmnunluğunu ifadə edib.

ARDNŞ-lə “Statoyl” arasında etibarlı tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyən qonaq şirkətlər arasında münasibətlərin daha da dərinləşərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldilməsini arzu etdiklərini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR