Bank Of Baku

ARDNŞ: “Nabucco” ilə bağlı həll olunmamış məsələlər qalıb

ARDNŞ: “Nabucco” ilə bağlı həll olunmamış məsələlər qalıb
# 30 noyabr 2011 13:45 (UTC +04:00)
APA-Economics”in Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə ARDNŞ-ın investisiyalar idarəsinin rəisi Vaqif Əliyev bildirib.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan qazın nəqli üçün Türkiyə ərazisindəki boru infrastrukturunun buraxıcılıq qabiliyyəti ildə 16 mlrd. kubmetrə çatdırılmalı, bunun 6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulmalıdır.

Bu məqsədlə boru kəmərlərinə əlavə investisiya qoyulmasına tələbat olduğunu deyən V.Əliyev hələlik nə bu investisiyanın həcminin dəqiqləşdirildiyini, nə də boru kəmərinin, ümumiyyətlə, yenidən qurulub-qurulmayacağının məlum olmadığını bildirib.

ARDNŞ rəsmisi bildirib ki, oktyabrın 25-də Azərbaycanla Türkiyə arasında imzalanan qaz müqaviləsinə əsasən, Türkiyə ərazisi ilə yeni qaz kəmərinin - Trans Anadolu Boru Xəttinin (TANAP) çəkilməsi nəzərdə tutulur: «Bu kəmərin buraxılış qabiliyyəti ildə 21 mlrd. kubmetr olacaq. Kəmərlə “Şahdəniz-2” layihəsi ilə yanaşı, Azərbaycanın digər yataqlarından çıxarılan qaz da nəql olunacaq. İlkin mərhələdə boru kəmərinin sahibləri Türkiyə və Azərbaycan tərəfi olacaq, sonradan bura digər beynəlxalq şirkətlər də daxil ola bilər».

V.Əliyevin sözlərinə görə, 2012-ci ilin iyun-iyul aylarında şirkətin yaradılması və araşdırmaların başa çatdırılması nəzərdə tutulur: “Çox vaxt itirmək istəmirik, çünki “Şahdəniz-2” çərçivəsində ilk qazın 2017-ci ildə çıxarılması planlaşdırılır, TANAP da 2017-də hazır olmalıdır. Bu kəmərin 6-7 mlrd. dollara başa gələcəyi gözlənilir”.

ARDNŞ-ın idarə rəisi bir qədər əvvəl Azərbaycan qazının Avropaya nəqli üçün əsas layihə sayılan “Nabucco” layihəsi ilə “həllini tapmayan məsələlərin olduğunu” bildirib. Hazırda qazın nəqli üçün 3 layihənin nəzərdən keçirildiyini bildirən V.Əliyev bu layihələrdən hansının seçilməsinin daha real olması barədə suala birmənalı cavab verməyib: «Hansı layihənin bizim üçün daha sərfəli olduğunu aydınlaşdırıb qərar verəcəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR