Bank Of Baku

Bolqarıstan hökuməti Transbalkan neft kəməri layihəsində iştirakını dayandırıb

Bolqarıstan hökuməti Transbalkan neft kəməri layihəsində iştirakını dayandırıb
# 07 dekabr 2011 12:52 (UTC +04:00)
Bakı - APA-Economics. Bolqarıstan hökuməti Burqas-Aleksandrupolis (Transbalkan) neft kəməri layihəsində iştirakını dayandırmaq barədə qərar qəbul edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Bolqarıstan baş nazirinin müavini, maliyyə naziri Simeon Dyankov açıqlama verib.

Onun sözlərinə görə, bu qərarın qəbul edilməsinə səbəb layihənin 2007-ci ildə imzalanmış sazişdə göstərilən şərtlər və maliyyə göstəriciləri ilə reallaşdırılmasının mümkün olmamasıdır.

S.Dyankov layihədə iştirakını dayandırdığına görə Bolqarıstana qarşı sanksiya tətbiq olunmayacağını bildirib: “Dekabrın 14-də layihənin Müşahidə Şurasının iclası keçiriləcək və biz orada öz mövqeyimizi açıqlayacağıq”.

Qeyd edək ki, Bakı-Tiflis-Ceyhan neft kəmərinə alternativ kimi göstərilən Transbalkan kəməri Qara dənizdəki Burqas limanından Egey dənizindəki Aleksandrupolis limanına ildə Bosfor və Dardanel boğazlarından yan keçməklə 35 mln. ton neft nəqlini nəzərdə tutur. Gələcəkdə bu göstərici 50 mln. tona çatdırıla bilər.

Rusiya, Bolqarıstan və Yunanıstan 2007-ci ildə 300 km uzunluğu olacaq Burqas-Aleksandrupolis neft kəmərinin tikintisi haqqında hökumətlərarası saziş imzalayıb. Layihənin reallaşdırılması üçün yaradılan “Trans-Balkan Pipeline B.V.” şirkətinin səhmlərinin 51%-i Rusiyaya, qalan 49% isə Bolqarıstan və Yunanıstana məxsusdur. Yunanıstan iqtisadiyyatının ciddi böhran içində olduğunu nəzərə alanda, Bolqarıstanın layihədən çıxması Transbalkan kəmərinin tikintisini sual altında qoya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR