Bank Of Baku

Ukrayna Rusiyadan qaz alışını iki dəfə azaldır

Ukrayna Rusiyadan qaz alışını iki dəfə azaldır
# 30 dekabr 2011 09:20 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna 1 yanvar 2012-ci ildən etibarən Rusiyadan qaz alışını təxminən iki dəfə azaldacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko “5-ci kanal”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, rusiyalı tərəfdaşlarına artıq bununla bağlı xəbərdarlıq olunub: “İqtisadiyyatımız qazı bu qiymətlə almaq imkanı vermədiyinə görə biz artıq öz enerji resurslarımızdan istifadə etmək məcburiyyətindəyik”.

Bu il Ukraynanın Rusiyadan 40 mlrd. kubmetr qaz aldığını deyən Y.Boyko gələn il bu göstəricinin 27 mlrd. kubmetr olacağını söyləyib: “Biz öz resursumuzdan - kömürdən istifadəyə keçirik. Bu il son onillikdə ilk dəfə olaraq kömür hasilatı 80 mln. ton təşkil edib. Biz qazdan imtina edəcək və kömürdən istifadə etməyə başlayacağıq”.

Qeyd edək ki, iki ölkə arasında qazın alqı-satqısına dair uzunmüddətli müqavilə 2009-cu ildə Yuliya Timoşenko hökuməti dövründə imzalanıb. Kiyev bu sazişə yenidən baxılmasını təklif edir. Moskva müqaviləyə dəyişiklik edilməsinə razılaşsa da, tərəflər hələlik yekun razılığa gələ bilməyiblər. Bu ilin I rübündə Ukrayna Rusiya qazını 264 dollara, II rübündə 295 dollara, III rübündə 354 dollara, IV rübündə 400 dollara alıb.

Hazırda iki ölkə arasında davam edən qaz mübahisəsinin səbəbi Kiyevin Moskvadan aldığı qazın həcmini 1/3 həcmdə - 40 mlrd. kubmetrdən 27 mlrd. kubmetrə qədər azaltmaq niyyətidir. “Qazprom” şirkəti isə hesab edir ki, hazırda qüvvədə olan müqavilələr Ukraynanın üzərinə aldığı qazın həcmindən asılı olmayaraq, ildə ən azı 33 mlrd. kubmetr qazın dəyərini ödəmək öhdəliyi qoyur.

Ukrayna prezidenti Viktor Yanukoviç bəyan edib ki, Ukraynanın Rusiyadan aldığı qazın qiyməti 250 dollar həddini keçməməlidir. Buna baxmayaraq, Ukraynanın 2012-ci il dövlət büdcəsində Rusiya qazının qiyməti 416 dollar həcmində müəyyənləşdirilib. İki ölkə arasında qaz danışıqları gələn il yanvarın 15-də bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR