Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihə həyata keçirəcək

Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihə həyata keçirəcək
# 18 yanvar 2012 12:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda energetika sahəsində yeni layihə həyata keçirmək niyyətindədir. Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

«Söhbət «Elektrik enerjisi paylayıcı sisteminin inkişafı Layihəsi»ndən («Power Distribution Development Project») gedir ki, sözügedən sahənin araşdırılması və daha sonra layihənin hazırlanmasına dair yanvarın 24-də AİB-in missiyası Azərbaycana səfər edəcək», - deyə nümayəndəlikdən bildirilib.

Səfəri fevralın 8-dək davam edəcək missiyaya AİB-in energetika üzrə baş mütəxəssisi Tianxua Luo (Tianhua Luo) başçılıq edəcək. Missiyaya həmçinin AİB-in energetika üzrə mütəxəssisi Cunho Hvanq (Joonho Hwang) və hüquqşünas Baurjan Konısbayev (Baurzhan Konysbayev) daxildir: «Səfər çərçivəsində AİB-in missiyası «Azərenerji» ASC-də və Maliyyə Nazirliyində görüşlər keçirəcək. Səfərin yekunlarına dair yeni layihənin büdcəsi və s. məsələlərin müəyyənləşdiriləcəyi gözlənilir».

Xatırladaq ki, hazırda AİB Azərbaycanda «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi»ni (Power Transmission Enhancement Project) icra edir. Layihənin dəyəri 240 mln. ABŞ dolları təşkil edir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayırıb. 25 il müddətinə ayrılan bu uzunmüddətli kredit iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulmasına sərf olunacaq. Nəticədə, «Azərenerji» ASC tərəfindən 60 ildən artıq istismar olunan mövcud iki xətt yenisi ilə əvəz ediləcək. İnfrastrukturun müasirləşdirilməsi Bakı yaxınlığındakı sənaye mərkəzi və ətraf ərazilərə elektrik enerjisinin ötürülməsində müşahidə olunan itkiləri azaltmağa və enerji təchizatının dayanıqlığına imkan verəcək.

Ümumilikdə, layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi idxalına tələbatını azaldacaq, su elektrik resurslarını optimallaşdırmağa kömək edəcək və elektrik enerjisi istehsalında qənaət edilmiş təbii qaz və mazutu ixrac etməklə ölkəyə əlavə gəlir gətirəcək. Bu kredit ölkə hökumətinin enerji təhlükəsizliyini təmin etmək, enerji sektorunun inkişaf etdirilməsi və təkmilləşdirməsi üçün prioritet proqramların reallaşmasına dəstək verəcək və özəl sektora investisiyalar cəlb etməyə kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR