Bank Of Baku

Azərbaycan İzmirdə keçirilən «PLASTECH-2012» sərgisində iştirak edib - FOTO

Azərbaycan İzmirdə keçirilən «PLASTECH-2012» sərgisində iştirak edib - <font color=red>FOTO</font>
# 17 may 2012 07:46 (UTC +04:00)
Bakı - APA-Economics. «Azərikimya» İstehsalat Birliyinin (İB) nümayəndələri mayın 10-13-də Türkiyənin İzmir şəhərində keçirilmiş «PLASTECH-2012» - beynəlxalq plastik məmulatlar və texnologiyalar sərgisində iştirak ediblər.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, mayın 10-da İzmir şəhər meriyasının, Türkiyə Sənaye Palatasının və dünyanın bir çox nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə təntənəli açılışı keçirilib.

«Azərikimya» İB sərgidə «Petkim Petrokimya Holding» şirkətlər qrupu ilə yanaşı pavilyonda geniş bir stendlə təmsil olunub. «Azərikimya» üçün ayrılmış sahədə birliyin müəssisələrində son iki ildə aparılmış yeniləşmə işlərindən sonra müasir görkəm almış istehsalat və qurğuların iri fotoşəkillərinin, bannerlərin fonunda Azərbaycan kimyaçılarının istehsal etdiyi qiymətli kimyəvi məhsulların - yüksək təzyiqli polietilenin, mütləq izopropil spirtinin, müxtəlif qətranların və s. nümunələri nümayiş etdirilib.

Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir, Kayseri, Manisa, Uşak və digər şəhərlərinin 150-yə yaxın şirkəti müxtəlif məhsul və texnologiyalarla iştirak edib. Tədbirin ilk günündə Yaponiya, Almaniya, Rusiya, Braziliya, Çin, Fransa, Cənubi Koreya, Hollandiya, İspaniya, Gürcüstan, İraq, Makedoniya və İordaniyadan gələn qonaqlarla bərabər yeganə Azərbaycan təmsilçisi olan «Azərikimya» İB-nin nümayəndələri İzmir Ölkələrarası Sərgi Mərkəzində təşkil olunmuş ekspozisiyalarla, yeni məhsul və texnologiyalarla yaxından tanış olublar.

Sərgidə «Azərikimya» İB-yə və onun istehsal etdiyi məhsullara maraq göstərən bir çox yerli və xarici şirkətlər Azərbaycan kimyaçıları ilə işgüzar münasibətlər qurmaq, Birliyin müəssisələri ilə inteqrasiya əlaqələri yaratmaq istəklərini ifadə ediblər. «Azərikimya»nın nümayəndə heyəti də öz növbəsində yeni, qabaqcıl texnologiyaların yaradıldığı və tətbiq edildiyi nüfuzlu firma və şirkətlərin nümayəndələri ilə görüşərək, gələcək işgüzar münasibətlərin təməlini qoyublar.

Kimyaçılarımızın İzmirdə səfərdə olan nümayəndə heyəti beynəlxalq sərgidə iştirak etməklə yanaşı «Petkim» şirkətində də olub, onun müəssisə və istehsalatlarını gəzərək, orada tətbiq olunan yeni texnologiyalar, müasir nəzarət-ölçü, energetika, texniki təhlükəsizlik və əməyin mühafizəsi sistemləri ilə maraqlanıb, türkiyəli həmkarları ilə müxtəlif istehsalat məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

«Azərikimya»nın nümayəndələri «Petkim Petrokimya Holding» şirkətlər qrupunun rəhbəri Hayati Öztürk ilə birgə regionun bu ən iri və nüfuzlu neft-kimya kompleksində növbəti təcrübə mübadiləsi keçmiş gənc azərbaycanlı kimyaçı mütəxəssislərə sertifikatların təqdimetmə mərasimində iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR