Bank Of Baku

Azərbaycanda qazlaşdırma səviyyəsi 76%-i ötüb

Azərbaycanda qazlaşdırma səviyyəsi 76%-i ötüb
# 15 avqust 2012 16:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, eləcə də qaz təchizatı şəbəkəsinin əsaslı təmiri istiqamətində genişmiqyaslı işləri davam etdirir.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, son illərdə qazlaşma və qaz təminatının bərpası işləri ölkənin bütün bölgələrini əhatə edib, 284 yaşayış məntəqəsi qazlaşdırılıb və qaz təminatı bərpa olunub.

Belə ki, 2009-2012-ci illərdə Azərbaycanda 253 455 yeni əhali kateqoriyasına aid abonent, o cümlədən Bakı şəhərində 71 403, regionlarda isə 182 052 abonent təbii qazla təmin olunub. Son bir il ərzində isə 96 994 yeni əhali kateqoriyasına aid abonent, o cümlədən Bakıda 17 188, regionlarda isə 79 806 abonent təbii qazla təmin olunub.

«İstehlakçılara verilən «mavi yanacağın» dəyərinin tam həcmdə və vaxtında ödənilməsi istiqamətində görülən işlər nəticəsində 2009-2012-ci illərdə 836 942 ədəd sayğac, o cümlədən 360 229 ədəd «smart-kart» tipli elektron qaz sayğacı quraşdırılıb və ya əvəz olunub. Son 1 il ərzində isə ölkədə 364 165 ədəd qaz sayğacı, o cümlədən 190 557 ədəd «smart-kart» tipli elektron qaz sayğacı quraşdırılıb və ya əvəz olunub», - deyə ARDNŞ-dan bildirilib.

Qaz şəbəkəsinin nəqletmə imkanlarının artırılması, təhlükəsiz və normal rejimdə istismarının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə 2009-2012-ci illərdə 11 667,2 km uzunluğunda yeni magistral, daşıyıcı və paylayıcı qaz kəməri çəkilib, 3 873,6 km uzunluğunda magistral, daşıyıcı və paylayıcı qaz kəməri əsaslı təmir olunub. Bu müddət ərzində 13 qazpaylayıcı stansiya qurulmuş, 27 qazpaylayıcı stansiya əsaslı təmir olunub. Həyata keçirilmiş tədbirlər nəticəsində bu ilin avqustun 1-nə Azərbaycanda qazlaşma səviyyəsi 76,4%, o cümlədən Bakı şəhərində 96,3%, regionlarda isə 65,4%-ə çatdırılıb.

Qeyd edək ki, 2011-ci ildə Bakıda və Abşeron rayonunda 153 obyektdə tikinti və təmir işləri aparılıb, 1 093 km uzunluğunda qaz xətti çəkilib, 134 839 ədəd mexaniki qaz sayğacı «smart-kart» tipli elektron qaz sayğacı ilə əvəz olunub. Bu il ərzində isə 207 obyektdə tikinti və təmir işləri aparılıb, 1 300,4 km uzunluğunda qaz xətti çəkilib, 79 137 ədəd mexaniki qaz sayğacı «smart-kart» tipli elektron qaz sayğacı ilə əvəz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR