Bank Of Baku

Azərbaycanın sənaye və energetika naziri: “Avropa Birliyi Trans-Xəzər qaz kəməri ilə nəql olunacaq qazı alacağına təminat verməlidir”

Azərbaycanın sənaye və energetika naziri: “Avropa Birliyi Trans-Xəzər qaz kəməri ilə nəql olunacaq qazı alacağına təminat verməlidir”
# 18 sentyabr 2012 07:21 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Trans-Xəzər qaz kəməri layihəsinin həyata keçirilməsi üçün Azərbaycanla Türkmənistanın razılığının olması kifayətdir.

APA-Economics”in xəbərinə görə, bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Xəzərin hüquqi statusu ilə bağlı vəziyyətdə layihənin reallaşması imkanlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Trans-Xəzər qaz kəməri layihəsinin reallaşması bir sıra faktorlardan - iqtisadi, siyasi və hüquqi amillərdən asılıdır: “Burada əsas məsələ Türkmənistanın mövqeyidir. Əgər Türkmənistan bu layihəni özü üçün vacib sayırsa və bu kəməri Qərbə bir yol kimi qəbul edirsə, Azərbaycan bu fikri dəstəkləyir və layihənin həyata keçirilməsi üçün öz ərazisini təqdim etməyə hazırdır”.

Nazir bildirib ki, bu layihədə Avropa Birliyi də maraqlıdır və hazırda bununla bağlı üçtərəfli məsləhətləşmələr aparılır: “Danışıqlarda müzakirə olunan ən mühüm və mürəkkəb məsələ tərəflərin öhdəlikləri ilə bağlıdır. Belə ki, qaz kəmərinin illik gücü 30 mlrd. kubmetrdən az olmamalıdır. Bundan başqa, Avropa Birliyi bu kəmərlə nəql olunacaq qazı alacağına təminat verməlidir. Kəmərin kim tərəfindən maliyyələşdiriləcəyi məsələsi də açıq qalıb”.

N.Əliyev Xəzərin hüquqi statusu ilə bağlı hazırkı vəziyyətdə layihənin reallaşmasının hüquqi aspektlərinə Azərbaycan tərəfinin münasibətini açıqlayıb. Qeyd edək ki, bir qədər əvvəl Rusiya tərəfi bəyan edib ki, Trans-Xəzər kəməri yalnız o halda reallaşdırıla bilər ki, buna bütün Xəzəryanı dövlətlərin razılığı olsun. ABŞ isə layihənin reallaşması üçün Azərbaycanla Türkmənistanın razılığının olmasının kifayət etdiyini bildirib. Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin Bakıda keçirilən sammitində bu layihə müzakirə edilərkən prinsipcə iki ölkənin razılığının yetərli olduğu bəyan edilib: “Bu fikri sammitdə iştirak edən Rusiya prezidenti Dmitri Medvedev də təsdiqləyib. Orda söhbət yalnız ondan gedirdi ki, Xəzəryanı dövlətlər layihənin ekoloji tərəfi ilə bağlı öz rəylərini verə bilərlər. Amma indi hansı tərəfə hansı məqam sərf edirsə, onu qabardır”.

Xatırladaq ki, ötən il sentyabrın 7-də Avropa Birliyi Transxəzər layihəsi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün Avropa Komissiyasına mandat verib. Bundan sonra Avropa Komissiyası Azərbaycan və Türkmənistanla Transxəzər qaz boru kəmərinin hüquqi bazası üzrə danışıqlara başlayıb.

Transxəzər qaz kəməri təbii qazın Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı nəzərdə tutulur. Layihənin dəyəri 7,9 mlrd. avro məbləğində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR