Bank Of Baku

Azərbaycanın Almaniyadakı fəxri konsulu Bakı Ali Neft Məktəbində olub

Azərbaycanın Almaniyadakı fəxri konsulu Bakı Ali Neft Məktəbində olub
# 03 oktyabr 2012 08:40 (UTC +04:00)
Bakı – APA-Economics. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BANM-in mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, qonaqlara Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) son illər keçdiyi inkişaf yolundan danışan E.Qasımov şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb.

O, BANM-in yaradılmasında əsas məqsədlərdən birinin ARDNŞ-ın layihələrində fəaliyyət göstərəcək yüksək səviyyəli mütəxəssislərin hazırlanması olduğunu qeyd edib. Məktəb haqqında qonaqlara məlumat verən E.Qasımov bildirib ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulacağı ali məktəb ilə Böyük Britaniyanın Heriot Uatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulub ki, bunun nəticəsi olaraq BANM məzunlarına ikili diplomun verilməsi nəzərdə tutulub. BANM-ə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləyib.

Uzun illərdən bəri Azərbaycanla bağlı layihələrin həyata keçirilməsi ilə məşğul olduğunu söyləyən Otto Hauser iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Almaniyanın iqtisadi inkişafının həm peşə, həm də akademik təhsillə bağlı olduğunu deyən O.Hauser Azərbaycanda da ARDNŞ-ın bu sahəyə göstərdiyi diqqəti təqdirəlayiq hesab edib. O, Almaniyanın Ştutqart universiteti ilə əməkdaşlıq etdiyini söyləyərək, Bakı Ali Neft Məktəbi ilə Ştutqart universiteti arasında mühəndislik, mexanika və digər sahələrdə əlaqələrin qurulmasının mümkünlüyü barədə danışıb.

Verilən təklifləri yüksək qiymətləndirən E.Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR