Azərbaycan uzun illərdir ki, Almaniyanın etibarlı neft təchizatçısıdır. Bu ildən etibarən təbii qaz enerji tərəfdaşlığımıza yeni ölçü verib.
“APA-Economics” xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “Alman- Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı 2026” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Almaniyanın "Uniper", SEFE və VNG şirkətləri Azərbaycan qazı alır: “Gələcəyə baxaraq prioritetimiz bu tərəfdaşlığı bərpa olunan enerji, enerji əlaqəliliyi, enerjiyə qənaət və daha geniş enerji keçidi istiqamətində daha da inkişaf etdirməkdir. Azərbaycanın Xəzər dənizindəki 157 giqavatlıq dənizdə quraşdırılan külək enerjisi potensialı, 2032-ci ilə qədər nəzərdə tutulan 8 giqavatlıq külək və günəş layihələri, Mərkəzi Asiyanın nəhəng bərpa olunan enerji mənbələri və strateji elektrik interkonnektorları Avropanın enerji təhlükəsizliyi və enerji keçidi üçün də mühüm imkanlar təqdim edir. Məqsədimiz bu potensialı bir neçə tamamlayıcı marşrut – Xəzər-Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi, Mərkəzi Asiya-Azərbaycan Dəhlizi və Gürcüstan və Naxçıvan üzərindən Türkiyə və Avropaya qərb istiqamətli əlaqələr vasitəsilə Avropa bazarlarına birləşdirməkdir. Burada TRIPP layihəsi də əlavə potensial təklif edir”, - deyə o qeyd edib.