Etilen-Polietilen zavodunda əsaslı təmir işləri iki ildən bir aparılır.
"APA-Economics" xəbər verir ki, bu barədə "20 Sentyabr - Neftçilər Günü" ilə bağlı SOCAR-ın Etilen-Polietilen zavoduna təşkil olunan media-tur çərçivəsində "Azərikimya" İstehsalat birliyinin baş direktoru Elnur Məmmədli jurnalistlərə bildirib.
Onun sözlərinə görə, əvvəllər zavodda əsaslı təmir işləri hər il aparılırdı, lakin bu müddət iki ilə çatdırılıb.
Qeyd olunub ki, sonuncu dəfə zavodda əsaslı təmir işləri 2024-cü ildə aparılıb və növbəti dəfə qeyd olunan işlər 2027-ci ilin ortalarında yerinə yetiriləcək.
SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda etilen və propilen istehsalı EP-300 qurğusunda həyata keçirilir. Qurğunun illik məhsuldarlığı 190 min ton etilen və 187 min ton propilen təşkil edir.
Zavodda yüksək təzyiqli polietilen (LDPE) istehsalı üzrə illik güc 120 min tondur. Müəssisənin buxar-güc təsərrüfatı isə saatda 480 ton buxar və 68 MVt elektrik enerjisi istehsal etmək gücünə malikdir.
Qeyd etmək lazımdır ki, ötən il zavodun istehsalat gücləri 86% istifadə olunub, bu il üçün bu göstəricinin 85%-in üzərində olacağı gözlənilir. Zavodda istehsal tələbəyə uyğun olaraq həyata keçirilir.