Azərbaycan regionda bərpa olunan enerji güclərini və sərhədlərarası enerji ötürmə xətlərini- yaşıl enerji dəhlizlərini inkişaf etdirir.
"APA-Economics" xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan "Davamlı inkişaf üçün regional enerji əlaqələri” adlı sessiyada bildirib.
Onun sözlərinə görə, gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 günəş və külək elektrik stansiyası milli enerji şəbəkəsinə inteqrasiya olunacaq: "Bərpa olunan enerjinin quraşdırılmış gücdə payı 2030-cu ildə 39%-ə, 2035-ci ildə isə 43%-ə çatacaq. Bu, əlavə olaraq 1,5 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək ki, həmin həcm ixraca yönəldiləcək və milyonlarla ton istixana qazı emissiyasının qarşısını alacaq".
Bundan əlavə, 2032-ci ilədək quruda və dənizdə yerləşən bərpa olunan enerji mənbələri üzrə təxminən 8 giqavat güc yaratmağı planlaşdırırıq. Bu enerji dörd interkonnektor vasitəsilə ixrac ediləcək, eyni zamanda gələcəkdə yaradılacaq məlumat və süni intellekt mərkəzlərinin enerji tələbatının ödənilməsində istifadə olunacaq. Xəzər–Qara dəniz–Avropa enerji dəhlizi Azərbaycanın geniş bərpa olunan enerji potensialından, o cümlədən Xəzər dənizindəki külək enerjisi imkanlarından istifadə edəcək", - deyə o əlavə edib.