“Martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanlarını genişləndirəcək”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
V. Bayramov deyib ki, alternativ enerji mənbələrinin istehsalı 2021-ci ildə 10 faiz, növbəti beş ildə isə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizi bərpaolunan enerji mənbələrinin payına düşəcək: “Ən çox artım isə günəş və külək enerjisi istehsalında, müvafiq olaraq 60 və 30 faiz qeydə alınacaq”.
Deputat qeyd edib ki, Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində böyük potensiala malik ölkələrdən biridir: “Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Qiymətləndirmələr göstərir ki, küləyin sürəti 3-4 m/s olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti 11 m/s-dir. Bu da paytaxtda külək enerjisindən istifadə imkanlarının daha geniş olduğunu göstərir. Enerjiyə ən böyük tələbat paytaxtdadır və bu, yaxın perspektivdə bu tələbatın bərpaolunan enerji hesabına ödənilməsinə imkan yarada bilər. Eyni zamanda bu potensial torpaqlarımızın işğaldan azad olunmasından sonra daha da artıb. Günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır. Xəzər dənizi isə ofşor külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə, Xəzərin təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu hesab edilir. Bu, ölkəmizdəki elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur ”.
V. Bayramov nəzərə çatdırıb ki, Azərbaycanda 2013-2019-cu illər ərzində külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir: “Azərbaycan növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək olan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizə qədər yüksəldilməsinə nail olmaqdan ibarətdir. Potensial var və son illər də Azərbaycan bu sahədə istehsal gücünü genişləndirməyə çalışır”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü hesab edir ki, alternativ enerjidən istifadə həm də iqtisadi baxımdan Azərbaycan üçün vacibdir: “Çünki Azərbaycan il ərzində 13 milyard kubmetr mavi qaz istehlak edir. Alternativ enerjidən istifadə olunması ekoloji baxımdan vacib olmaqla yanaşı, həm də mavi qaz istehlakında qənaətə imkan yarada bilər. Qənaət nəticəsində əldə edilmiş mavi qaz isə xarici ölkələrə ixrac olunmaqla daha çox valyutanın ölkəyə daxil olmasına zəmin yarada bilər. Beləliklə, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə həm ekoloji təmiz, yaşıl iqtisadiyyat prinsipləri baxımından vacib olmaqla yanaşı, həm də Azərbaycanın valyuta gəlirlərinin artırılması və iqtisadi potensialın genişləndirilməsi aspektindən də vacib hesab olunur”.