Bank Of Baku

Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL

Zəfərdən ədalət mühakiməsinə: Azərbaycanın yaratdığı tarixi reallıq – TƏHLİL
# 16 sentyabr 2026 14:32 (UTC +04:00)

Azərbaycanın 2020-ci ildə qazandığı Zəfər yalnız uzun illər davam etmiş ərazi münaqişəsinin hərbi nəticəsi deyildi. Bu, təxminən üç onillik ərzində həllini tapmayan problemin, beynəlxalq hüququn kağız üzərində qalan prinsipləri ilə siyasi reallıq arasındakı ziddiyyətin aradan qaldırılması idi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə XX əsrin sonu və XXI əsrin münaqişələr tarixində kifayət qədər nadir görünən siyasi-hərbi nəticəyə nail oldu: uzun müddət nəzarətindən kənarda qalmış beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini faktiki olaraq bərpa etdi.

Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər də Zəfərin məhz bu siyasi və tarixi mahiyyətini ön plana çıxarır.

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB

Dövlət başçısı Azərbaycanın üzləşdiyi vəziyyəti yalnız Ermənistanla qarşıdurma kimi deyil, eyni zamanda, beynəlxalq institutların uzun illər ərzində nəticə verməyən fəaliyyəti fonunda qiymətləndirib. Prezidentin yanaşmasına görə, Azərbaycan sonda özünün ərazi bütövlüyünü, suverenliyini və hüquqlarını öz gücü hesabına bərpa edib.

Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı. Çünki bu vaxta qədər işğal edilmiş torpaqlar əfsuslar olsun ki, azad edilmirdi. Hər halda XX əsrdə və XXI əsrdə belə hallara rast gəlinmirdi, ya da ki, çox nadir hallarda rast gəlinirdi, – Prezident bildirib.

İcrasız qalan beynəlxalq hüquq və Azərbaycanın dəyişdirdiyi status-kvo

Qarabağ münaqişəsinin əsas paradokslarından biri beynəlxalq hüquqi çərçivə ilə onun icrası arasındakı uçurum idi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, münaqişənin siyasi-diplomatik həlli onilliklər ərzində mümkün olmadı.

Prezident İlham Əliyev çıxışında beynəlxalq təşkilatların həmin dövrdəki fəaliyyətinə toxunaraq bildirib: Dünya 30 il ərzində buna göz yumub. Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı. Ancaq Qərbdən və digər ölkələrdən olan pulla alınmış bəzi siyasətçiləri, ictimai xadimləri gətirirdilər ora göstərsinlər ki, onlar burada necə yaşayırlar. Amma beynəlxalq təşkilatlar buna səssiz qalıb. Birləşmiş Millətlər Təşkilatı, - hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, - səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir.

Dövlət başçısı Azərbaycanın beynəlxalq təşkilatlardan hərbi müdaxilə deyil, işğala konkret siyasi qiymət verilməsini gözlədiyini də vurğulayıb.

“Tələb etmirdik ki, Avropa Şurası, gedin, Ermənistana qarşı vuruşun. Tələb edirdik ki, siyasi qərar qəbul edin. İşğalçını işğalçı adı ilə çağırın”.

Prezident, həmçinin Ermənistanın arxasında böyük dövlətlərin dayandığını bildirərək bu kontekstdə keçmiş Minsk qrupunun həmsədr ölkələrinin mövqeyini də tənqid edib.

Məhz belə şəraitdə 44 günlük Vətən müharibəsi təkcə döyüş meydanındakı vəziyyəti deyil, onilliklər ərzində mövcud olmuş siyasi reallığı dəyişdirdi. 2023-cü ilin sentyabrında isə Qarabağdakı qanunsuz silahlı strukturlar tərksilah edildi və Azərbaycanın bütün ərazisində suveren dövlət hakimiyyəti təmin olundu.

Hərbi qələbədən hüquqi məsuliyyətə

Hərbi qələbədən hüquqi ədalətə aparan Azərbaycan yolu: Müharibə  cinayətkarları layiqli cəzalarını almalıdır - TƏHLİL » Qarabaginfo.az

Müharibədən sonrakı mərhələnin mühüm siyasi-hüquqi komponentlərindən biri keçmiş separatçı qurumun rəhbərlərinin və digər təqsirləndirilən şəxslərin Azərbaycan məhkəməsi qarşısında cavab verməsi oldu. Beləliklə, separatizmin aradan qaldırılmasından sonra konkret cinayət ittihamları hüquqi müstəviyə keçirildi.

Prezident İlham Əliyev çıxışında 2023-cü ilin sentyabr hadisələri və separatçıların həbsindən danışaraq bildirib: “Biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi”.

Bu yanaşma Ruben Vardanyan və digər keçmiş separatçı rəhbərlərlə bağlı məhkəmə proseslərinin siyasi kontekstini də göstərir. Vardanyanın adı təqdim olunan çıxışda ayrıca çəkilməsə də, Prezident separatçıların həbsini Azərbaycanın suverenliyinin bərpasından sonrakı prosesin tərkib hissəsi kimi təqdim edir.

Bu məhkəmə proseslərinin siyasi əhəmiyyəti ondadır ki, dövlət suverenliyini yalnız əraziyə faktiki nəzarətlə deyil, həmin ərazidə milli qanunvericiliyin və məhkəmə yurisdiksiyasının işləməsi ilə də təsdiqləyir.

İşğaldan bərpaya

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif  istiqamətləri əhatə edir

Zəfərdən sonrakı mərhələ yalnız hərbi və hüquqi proseslərlə məhdudlaşmır. Digər strateji istiqamət işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən qurulmasıdır.

Prezident Ağdamın işğal dövründəki vəziyyətindən danışarkən şəhərin dağıdılmasının məqsədlərindən birinin azərbaycanlıların geri qayıdışını mümkünsüz etmək olduğunu bildirib: “Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar”.

Bu baxımdan Böyük Qayıdış və genişmiqyaslı quruculuq yalnız iqtisadi-infrastruktur layihəsi deyil, həm də suverenliyin azad edilmiş ərazilərdə uzunmüddətli və dayanıqlı şəkildə möhkəmləndirilməsi prosesidir.

Zəfərdən sülhə doğru

Azərbaycanın yaratdığı yeni reallığın digər mühüm istiqaməti müharibədən dövlətlərarası sülh mərhələsinə keçiddir. 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Beləliklə, Azərbaycanın keçdiyi yol bir-birini tamamlayan mərhələlərdən ibarətdir. 2020-ci il Zəfəri işğal nəticəsində yaranmış status-kvonu dəyişdi, 2023-cü ildə suverenliyin tam bərpası separatçı idarəçilik modelinə son qoydu, sonrakı məhkəmə prosesləri hüquqi məsuliyyət məsələsini dövlət yurisdiksiyasına gətirdi, bərpa prosesi azad edilmiş ərazilərdə həyatın yenidən qurulmasını təmin etdi, diplomatik mərhələ isə qarşıdurmadan dövlətlərarası normallaşmaya keçidin əsasını formalaşdırdı.

Bu mənada Azərbaycanın yaratdığı tarixi reallığın əsas xətti aydındır: Zəfərdən tam suverenliyə, suverenlikdən hüquqi məsuliyyətə, hüquqi məsuliyyətdən isə davamlı sülhə doğru.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR