Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. «Əsrin müqaviləsi» üzrə «BP-Azerbaijan» şirkətinin operatorluğu ilə işlənilən «Azəri-Çıraq-Günəşli» yataqlar blokuna daxil olan «Çıraq» neft yatağında həyata keçirilən və Azərbaycan prezidenti İlham Əliyevin «Ekologiya ili» çərçivəsində verdiyi tapşırığa uyğun olaraq icrasına başlanılmış layihə uğurla nəticələnib, şamda yandırılan səmt qazının həcminin əsaslı şəkildə azaldılmasına nail olunub.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, ARDNŞ ilə «BP-Azerbaijan» şirkəti arasında hasilat zamanı ətraf mühitin qorunması sahəsində aparılan çoxillik əməkdaşlığın yeni bir nailiyyətidir.
Şamda yandırılan qazın həcminin azaldılması məqsədi ilə iki şirkətin 2010-cu ildə yaratdığı birgə işçi qrupu tərəfindən davamlı tədbirlər həyata keçirilib, «Çıraq» yatağındakı platformada qaz-yığım kompressorları yenidən qurulub, orada yumşaq qoruyucu təhlükəsizlik divarı quraşdırılıb, eləcə də ARDNŞ-in «Azneft» İB-nin istismarında olan «Neft Daşları»nda qaz qəbul sistemi təkmilləşdirilib.
«Layihənin reallaşması həm iqtisadi səmərə, həm də atmosferin çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Hasil olunan qazın ümumi həcmində yandırılmaya yönələn hissə 2%-dək endirilərək, sistemə yönəldilən qazın miqdarı artırılır ki, bu da ötən 20 il ərzində bu sahədə ən yaxşı göstəricidir. Digər tərəfdən, il ərzində iqlim dəyişməsinə təsir edən təqribən 265 min ton karbon qazı ekvivalentinin atmosferə atılmasının qarşısı alınıb», - deyə məlumatda bildirilib.
ARDNŞ və «BP-Azerbaijan» şirkətləri şamda yandırmanın sıfır səviyyəsinə endirilməsi istiqamətində işlərini bundan sonra da davam etdirəcək.