Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarısında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 850,4 mln. kVt.saat elektrik enerjisi, 93,5 min Q.kal istilik enerjisi, 67,3 mln. kub metr təbii qaz, 11,6 mln. kub metr su, 4,2 mln. manatlıq rabitə xidmətləri istehlak edilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə suyun istehlakı 7,4%, elektrik enerjisinin istehlakı 4,3%, rabitə xidmətlərinin istehlakı 2,4%, təbii qazın istehlakı 1,7% artıb.
İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 3,7% artaraq 75,2 mln. manat təşkil edib.
İstehlakın ümumi dəyərində elektrik enerjisinin payı 67,8%, suyun 14,2%, təbii qazın 8,9%, rabitə xidmətlərinin 5,6%, istilik enerjisinin payı isə 3,5% olub.
Bu ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 82,6%-ni ödəməklə 13,1 mln. manatını kəsirdə qoyublar. İstehlak edilmiş elektrik enerjisinin 9,4 mln. manatı, suyun 1,7 mln. manatı, təbii qazın 1,2 mln. manatı, istilik enerjisinin 624,2 min manatı, rabitə xidmətlərinin 188,1 min manatı ödənilməyib.