Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunun iki kəndinə mavi yanacaq verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün rayonun Yeni Şərif və Şambul kəndlərində dövlət vəsaiti hesabına çəkilmiş yeni qaz xətlərinin açılışı olub.
Bu münasibətlə təşkil olunan açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Rəbiyyət Aslanova, “Azəriqaz” İstehsalat Birliyinin əsaslı tikinti şöbəsinin rəisi Aydın Hüseynov, müvafiq idarə və müəssisə nümayəndələri, Yeni Şərif və Şambul kənd sakinləri iştirak edib.
Tədbirdə vurğulanıb ki, 2013-cü ildə Balakən rayonunda ən çox iş görülən sahələrdən biri də rayonun qazlaşmasıdır. Cari il ərzində rayonda 4722 evə qaz xətti çəkilməklə abonent sayı 19 756 nəfərə çatdırılıb və sayğaclaşma işləri həyata keçirilib. Hazırda rayon üzrə qazlaşma 97% təşkil edir.
Qaz xəttinin açılışı mərasimində çıxış edən Balakən RİH başçısı İslam Rzayev kənd sakinlərini təbrik edərək, hazırda rayonun sonuncu 2 yaşayış məntəqəsinə qaz çəkilişinin davam etdiyini və 2013-cü ilin sonuna rayonun qazlaşmasının tam başa çatdırılacağını bildirib. Millət vəkili R.Aslanova, “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi A.Hüseynov mavi yanacağın verilməsi münasibətilə kənd sakinlərini təbrik ediblər.
Hər iki kəndə qaz xəttinin çəkilişinə bu ilin əvvəlində başlanıb. Yeni Şərif kəndinə 61 144 m polietilen, 4826 m polad borular, Şambul kəndinə isə 39 653 m polietilen borular vasitəsilə qaz xətti çəkilib. Yeni Şərif kəndində 618, Şambul kəndində isə 512 evə qaz xətti çəkilərək sayğac quraşdırılıb.