Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Avrobondların yerləşdirilməsi o qədər də asan məsələ deyil. Bunun üçün müəyyən hazırlıq mərhələlərinin aparılması vacibdir”. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.
Onun sözlərinə görə, ilin sonuna qədər ARDNŞ-ın avrobond yerləşdirməsi olmayacaq: “Bu ilin sonunda banklar və ya investorlar öz portfellərini yerləşdirmiş olurlar. ARDNŞ bununla bağlı düzgün bir strategiya seçib və ilin sonunda şirkət bu prosesə daha yaxşı hazırlaşıb növbəti ilin əvvəlində bazara çıxmaq daha əlverişli olacaq”.
S.Qasımov bildirib ki, ARDNŞ bu ilin sonunda artıq yerləşdirilmiş avrobondlarla bağlı investorlarla görüşüb, onları məlumatlandıracaq: “Bundan sonra investorların avrobondlara olan maraqları və tələbləri dəyərləndiriləcək. Şirkət planlaşdırır ki, növbəti ildən daha uzunmüddətli avrobondların buraxılmasına nail olsun”.
Vitse-prezident vurğulayıb ki, bunun üçün ARDNŞ-ın reytinqinin yüksəldilməsi istiqamətində işlər aparılacaq: “ARDNŞ-da Maliyyə Nazirliyinin tövsiyəsi əsasında maliyyə strategiyası formalaşdırılıb. Bütün işlər də həmin strategiya çərçivəsində dəyərləndirilir. Beynəlxalq şirkətlər qarşısında götürdüyü müəyyən məhdudiyyətlər şirkət tərəfindən ciddi sürətdə qorunur. Məqsəd isə bir məhdudiyyətin pozulmaması, hər hansı banklar qarşısında götürülən öhdəliklərdə defolt yaratmaması və eyni zamanda reytinqinə xələl gətirməməsidir”.
S.Qasımov bildirib ki, ARDNŞ-ın fikri 10 illik deyil, artıq 30 illik istiqrazların emissiyasını həyata keçirməkdir: “Emissiya həcminin 1 və ya 3 mlrd. dollar olacağını isə yalnız bazar göstərəcək”.