Paytaxtın Yasamal və Qaradağ rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Yasamal və Qaradağ rayonlarında bir sıra transformator məntəqələrində (TM) təmir işləri aparılacaq.
Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, İsfəndiyar Zülalov, Mirəli Seyidov, Ümid Əkbərov küçələri və Mətbuat prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Qaradağ RETSİ-nin xidmət ərazisinə daxil olan Buta qəsəbəsinin bəzi ərazilərində isə saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.