«Atəşgah Sığorta» şirkəti «Arxayın valideyn» məhsulunun təbliğatı ilə bağlı aksiya keçirib

«Atəşgah Sığorta» şirkəti «Arxayın valideyn» məhsulunun təbliğatı ilə bağlı aksiya keçirib
# 16 sentyabr 2010 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti «Arxayın valideyn» məhsulunun təbliğatı ilə bağlı Bakının 10-dan çox orta təhsil məktəbində şagird, müəllim və valideynlər arasında bu sığorta növünün əhəmiyyətini çatdırmaq üçün geniş aksiya keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiya çərçivəsində çoxlu hədiyyələr, məlumat vərəqələri paylanılıb, maraqlanan valideynlərlə fərdi söhbətlər təşkil olunub. Şirkətdən bildirib ki, bu aksiyanın əsas məqsədi əhaliyə uşaqların bədbəxt hadisələrdən sığortalanmasının yüksək əhəmiyyəti, onun ölkənin nəsil fondunun inkişafı və gələcək nəslə ümumi qayğıda mühüm rolu haqqında ətraflı məlumat verməkdir.

«Arxayın valideyn» məhsulunda istənilən valideyn 2-18 yaşında olan övladını bədbəxt hadisədən bir il müddətinə, cəmi 19 manata sığortalaya bilər.

Qeyd edək ki, «Arxayın valideyn» məhsulu ilə yanaşı, şirkət bazara daha iki sığorta məhsulu təqdim edib ki, bunlar da avtonəqliyyat vasitələrinin sığortalanması üzrə «Arxayın sürücü» və əmlak sığortası üzrə «Arxayın sakin» məhsullarıdır.

Qeyd edək ki, «Atəşgah Sığorta» şirkəti 1996-cı ilin dekabrında yaradılıb. Şirkətin səhmdarları rolunda «İSR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir. Şirkətin Bakıda 5, regionlarda üzrə 6 nümayəndəliyi fəaliyyət göstərir. Cari ilin yanvar-iyul aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 7,29 mln. manat, sığorta riskləri üzrə ödənişlərinin həcmi isə 2,79 mlın. manat olub. Bu dövr ərzində şirkətin məcmu daxilolmalardakı payı 8,23%, ödənişlərdəki payı isə 10,41% təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR