BQXK-nın bitməyən oyunları: Qurumun Azərbaycanı tərk etməsinin vaxtı çatıb - TƏHLİL

BQXK-nın bitməyən oyunları: Qurumun Azərbaycanı tərk etməsinin vaxtı çatıb - TƏHLİL
# 09 aprel 2024 14:51 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycanda fəaliyyəti hər zaman şübhə altında olub.

Məlumdur ki, qurum Azərbaycanda ötən əsrin 90-cı illərində qaçqın və məcburi köçkünlərə yardım, itkin düşmüş şəxslərin tapılması adı altında fəaliyyətə başlayıb. BQXK bu istiqamətdə müəyyən işlər görsə də, onun öz missiyasını tam yerinə yetirdiyini söyləmək mümkün deyil.

BQKX-nın xüsusən Birinci Qarabağ müharibəsi vaxtı Ermənistan hərbi birləşmələri tərəfindən əsir götürülmüş, itkin düşmüş azərbaycanlıların taleyinə çox vaxt laqeyd münasibət nümayiş etdirməsi hər kəsə bəlli olan həqiqətdir.

Qurum Qarabağ müharibəsi zamanı erməni təcavüzü nəticəsində əsir və itkin düşmüş azərbaycanlının tapılması və geri qaytarılması istiqamətində lazımı iş aparmayıb.

Bunun nəticəsidir ki, bu gün də 4 minə qədər azərbaycanlı əsir və itkinin taleyinə aydınlıq gətirilməyib. BQXK bu illər ərzində bu şəxslərin aqibətinin müəyyən olunmasını Ermənistandan tələb etməyib, İrəvanın bu addımını qınamayıb, ona təzyiq göstərməyib. 4 min insanın taleyinə cavabdeh olan Ermənistanla bağlı beynəlxalq səviyyədə heç bir məsələ qaldırmayıb, işğalçı İrəvanın məsuliyyət məsələsi gündəmə gətirilməyib.

Bunlar azmış kimi, BQXK bir çox azərbaycanlının Ermənistanda əsir düşərgələrində saxlandığı barədə məlumatlı olsa da, üzərinə düşən vəzifələrin icrasını həyata keçirməyib, müxtəlif bəhanələrlə özünü prosesdən kənarlaşdırmağa çalışıb.

Hətta BQKX-nın əsir və girovluqda olan azərbaycanlılardan bəzilərinin taleyi ilə sonradan maraqlanmadığını təsdiqləyən faktlar da mövcuddur.

BQXK tərəfindən 1998 və 2001-ci illərdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim edilmiş məlumatlara əsasən, Birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və işğal edilmiş Qarabağ ərazisində bu qurumun əməkdaşları tərəfindən saxlanma yerlərində baş çəkilib, onlar rəsmi qeydiyyata alınıblar. Sonradan 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb. Beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı qeyd olunan faktların hüquqi məsuliyyəti Ermənistanın üzərinə düşsə də, BQXK-nın da bunda məsuliyyəti və günahı az deyil. BQXK görüşüb qeydiyyata aldığı azərbaycanlı əsirlərdən 17-nin öldürülməsinə, 37 nəfərin taleyinin isə hələ də naməlum qalmasına görə Ermənistanın məsuliyyəti barədə məsələ qaldırıbmı, İrəvanı qınayıbmı? Təbii ki yox...

İkinci Qarabağ müharibəsində isə biz BQXK-nın Ermənistana münasibətində tamam fərqli mənzərə gördük. Müharibənin gedişində və müharibədən sonra BQXK xüsusi canfəşanlıq göstərərək, aktiv şəkildə ermənilərin problemlərinin həlli prosesinə qoşuldu, 1700-dən artıq erməni hərbçinin cəsədi Ermənistana verildi.

Qurumun müharibədən sonra sərgilədiyi mövqe isə ümumiyyətlə absurd və anlaşılan deyildi. BQXK beynəlxalq hüquqa, Azərbaycan qanunlarına hörmətsizlik edərək, Bakının icazəsi olmadan onun ərazisində - Xankəndi şəhərində özbaşına fəaliyyət göstərməyə başladı. Bununla da, Azərbaycan ərazisində BQXK-nın faktiki iki mərkəzi fəaliyyət göstərirdi. Xankəndi ofisinin öz büdcəsi var idi, özü müstəqil kadr seçimi həyata keçirirdi və daha çox Ermənistana inteqrasiya olunmuş formada fəaliyyət göstərirdi.

Bakı buna etiraz olaraq dəfələrlə BQXK-ya müraciət edib, Xankəndi ofisinin statusunun dəyişdirilməsini tələb etsə də, bütün müraciətlər nəticəsiz qaldı.

Əvəzində isə BQXK Qarabağda qalmış separatçı qalıqlarına həvəslə xidmət göstərir, onların qayğısına qalır, ekoaktivistlər Laçın yolunda etiraz aksiyaları təşkil edən zaman qurumun Xankəndi ofisi qanunsuz daşımalar həyata keçirir, faktiki olaraq qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olurdu.

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Ermənistanla sərhəddə “Laçın” buraxılış məntəqəsində BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanmışdı. DSX-nın rəsmi məlumatında qeyd olunurdu ki, sərhədçilər ayrı-ayrı vaxtlarda BQXK-nın avtomobillərində bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş yüzlərlə mobil telefon, mobil telefon plataları, mobil telefon üçün qida blokları, siqaretlər, ehtiyat yanacaq çənindən gizlədilmiş benzin aşkarlayıblar.

Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunmuş, onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdı.

BQXK-ya məxsus olan və tibbi təxliyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, BQXK əməkdaşlarının xidmət etməli olduqları humanitar prinsiplərə münasibətin göstəricisi idi.

Həmin vaxt BQXK-nın iki əməkdaşı “persona non-qrata” elan edilərək Azərbaycandan çıxarılmışdı. Lakin bu addım yenə də BQXK-nı Azərbaycana qarşı tutduğu ədalətsiz mövqedən çəkindirmədi. 44 günlük müharibədən sonra Azərbaycanın Ağdam yolunu açmasına və BQXK-nın yardımlarının bu yolla daşınmasına şərait yaratmasına baxmayaraq, qurum yardımın yalnız Laçın yolu ilə nəqlini istəyirdi. Bu isə təşkilatın humanitar prosesi süni şəkildə siyasiləşdirmək niyyətini, müəyyən maraqlara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiq edirdi.

Bir neçə gün öncə isə artıq BQXK-nın Xankəndi ofisinin fəaliyyətinin dayandırılması qərara alınıb. Maraqlıdır ki, bu məlumatı da qurumun Bakı ofisi deyil, İrəvan ofisi yayıb. Yalnız mətbuatın sorğusundan sonra BQXK-nın Bakı ofisi məlumatı təsdiq edib, bildirilib ki, qurumun Qarabağ bölgəsində fəaliyyəti Bərdə ofisindən həyata keçiriləcək və ehtiyacı olan insanlara dəstək yönlü işlər davam etdiriləcək.

Bununla da, təşkilatın Azərbaycanda yenə də iki ofisi fəaliyyət göstərmiş olur. Halbuki müharibə artıq bitib, BQXK-nın Azərbaycan ərazisində fəaliyyətinə ümumiyyətə heç bir ehtiyac qalmayıb.

Odur ki, BQXK-nın Azərbaycanda iki ofislə fəaliyyət göstərməsi yox, işlərini yekunlaşdırıb, Azərbaycanı birdəfəlik tərk etməsi daha doğru addım olardı.

O ki qaldı istər Qarabağ, istərsə də, ölkənin digər yerlərində humanitar məqsədli tədbir və aksiyalara, Azərbaycanda bu istiqamət üzrə səmərəli və BQXK-dan daha keyfiyyətli fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti var. Azərbaycan Qızıl Aypara Cəmiyyəti BQXK-dan fərqli olaraq öz işinin və vəzifələrinin öhdəsindən layiqincə gəlir. BQXK-nın Azərbaycanda humanitar məsələlərə görə narahatlıq keçirməsinə ehtiyac yoxdur, ədalətsiz, qanunsuz, qaçaqmalçılıq fəaliyyəti üçün başqa yer axtarsın.

APA Analytics

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR