Makron Fransanı qlobal gücdən adi Avropa ölkəsinə çevirməyi bacardı - TƏHLİL

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 24 may 2024 11:14 (UTC +04:00)

Yeni Kaledoniyada baş verənlər Fransanın demokratik dövlət, insan hüquqlarının müdafiəçisi, qlobal nizama töhfə verən nüfuzlu ölkə statusunu böyük sual altına saldı.

Fransa parlamentinin Yeni Kaledoniyada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsi ilə alovlanan etirazlar artıq 2 həftədir, davam edir. Rəsmi Paris isə öz doğma torpaqlarında azlığa çevrilmiş yerli kanakların haqlı etirazlarına qarşı repressiya və zorakılıq dalğası ilə cavab verir.

Son 40 ilin ən böyük etiraz aksiyalarında azı 6 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Fransanın regiondakı canişini - ali komissar Lui Le Fran azı 250-dən çox müstəqillik tərəfdarının saxlanıldığını bildirib.

Göründüyü kimi, Fransa arxipelaqda neokolonial imperiyaya xas olan hər şeyi edir. Yerli sakinlərin həyatına və gələcəyinə dair bütün qərarları metropoliyada verir, ada sakinlərinin həmin qanunlarla bağlı rəyini soruşmur. Yerli kanakların istənilən etiraz və müstəqillik tələblərinə isə fövqəladə rejimin tətbiq olunması, kütləvi həbslər, arxipelaqa polis və jandarm qüvvələrinin yerləşdirilməsi ilə cavab verir.

Beləliklə, dünyanın müxtəlif regionlarındakı proseslərə müdaxilə edən, demokratiya bayrağı altında fikir bildirən Fransa özü qanunsuz nəzarətdə saxladığı regionlarda kobud güc tətbiqi həyata keçirir, yerli sakinlərin öz müqəddəratını təyin etmək haqqını əlindən alır.

Bu riyakar siyasət, sözlə əməl arasında uyğunsuzluq xüsusən, Azərbaycana münasibətdə özünü büruzə verir. Belə ki, məhz Paris Azərbaycanın Laçın yolunda sərhəd və gömrük nəzarətini bərpa etməsinə, antirerror əməliyyatı keçirərək bölgədəki qanunsuz rejimi birdəfəlik aradan qaldırmasına və ərazi bütövlüyünü bərpa etməsinə qərəzli və qeyri-obyektiv münasibət sərgiləyirdi. Bu zaman Qarabağda yaşayan ermənilərdən vasitə kimi istifadə olunur, onların hüquq və azadlıqları ilə bağlı spekulyasiyalar edilir və haqsız iradlar səsləndirilirdi. Çünki Azərbaycan sözdə insan haqlarının carçısı olan Fransadan fərqli olaraq, Qarabağın erməni sakinlərinə istər antiterror tədbirlərindən əvvəl, istərsə də sonra beynəlxalq hüquqa və ədalətə əsaslanan inteqrasiya planı təqdim etmişdi.

Amma reallığa göz yuman Fransa Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü bərpa etməsinə görə rəsmi Bakıya BMT TŞ, Avropa Parlamenti və s. beynəlxalq meydanlarda sanksiyalar tətbiq etməyə, onun qələbəsini sıfırlamağa çalışırdı.

Yeni Kaledoniyada baş verənlər isə Fransanın bu riyakar siyasətini bir daha ortaya qoyur. Sual yaranır: Qarabağda bölgəyə yaxın keçmişdə köçürülən erməni sakinlərin yalançı öz müqəddəratını təyin etmə hüququndan tez-tez danışan rəsmi Paris nə üçün Yeni Kaledoniyada yerli kanakların haqlı müstəqillik tələbinə eyni həssaslığı nümayiş etdirmir? Nə üçün XIX əsrin ortalarında zəbt etdiyi, XX əsrdə müstəmləkə sistemi çökən zaman müstəqillik vermədiyi, öz təbii sərhədlərindən 17 min kilometr uzaqlıqda yerləşən və Fransaya tamamilə yad sivilizasiyaya, irqə, dilə, mədəniyyətə və mentallığa malik xalqa repressiyalar tətbiq edir?

Reallığa çəhrayı eynəklərlə baxan Fransa bununla da kifayətlənmir, Yeni Kaledoniyada daxili narazılığı kənar təsirlərlə - Azərbaycanla əlaqələndirməyə çalışır. Daxili işlər naziri Jerald Darmanin heç bir fakt, sübut olmadan rəsmi Bakının ünvanına ittihamlar səsləndirməsi Makron hökumətinin miskin durumunu, ötən il Azərbaycanda kolonializm əleyhinə yaradılmış Bakı Təşəbbüs Qrupundan qorxusunu nümayiş etdirir. Xüsusi qeyd olunmalıdır ki, dünya birliyi də Fransanın Azərbaycana qarşı ittihamına ciddi reaksiya vermir, bununla da, həmin ittihamların absurdluğunu anlayır.

Bu günlərdə Yeni Kaledoniyaya səfər edən Fransa Prezidenti Emmanuel Makron isə regiondakı siyasi və iqtisadi böhranın həlli üçün rəsmi Parisin güzəştə getməyəcəyinə dair siqnallar verir. O, müxtəlif siyasi qüvvələrin təmsilçiləri ilə görüşlərdə Fransanın təhlükəsizlik qüvvələrinin arxipelaqda sentyabrın əvvəllərinə qədər qalacağını, bölgəyə dəymiş zərərin kompensasiyası üçün bəlli məbləğ ayrılacağını deməklə kifayətləndi.

“Aydındır ki, bu gün Yeni Kaledoniyanın müxtəlif siyasi və sosial komponentləri arasında gələcəklə bağlı üçün ümumi baxış yoxdur" deyən Makron 12 saatlıq səfərinin yekununda, əslində, bu böhranın həllində də uğursuzluğa düçar olduğunu göstərdi.

Lakin o da qeyd olunmalıdır ki, yeni Kaledoniyada baş verənlər tam nəticəsiz də deyil. Arxipelaqda başlamış hərəkat Parisin ciddi narahatlığına səbəb olub.

Makron səfəri zamanı Fransanın neokolonial siyasətindən bir qədər geri çəkilməyə məcbur olaraq, yaxın 1 ay ərzində seçki islahatını ilə bağlı dəyişikliklərin təxirə salındığını elan etdi və bu, Yeni Kaledoniyanın və kanakların uzun mübarizədən sonra uğuru, gələcək müstəqilliyi üçün növbəti addım sayıla bilər.

Yeni Kaledoniyada zamanla güc tətbiq edib vəziyyəti müvəqqəti stabilləşdirməyi bacarsa da, Fransa gələcəkdə problemin kökünü-kanak xalqının haqlı tələblərini tam şəkildə icra etməli olacaq.

Lakin Makron Fransasının siyasi riyakarlığı və dövlət prinsiplərini tapdalaması Yeni Kaledoniyada baş verənlərlə, eləcə də Azərbaycana münasibətdəki ədalətsizliklə bitmir.

Bu riyakarlığın daha bir bariz nümunəsi “xarici agentlər”lə bağlı qanunla bağlıdır. Belə ki, Azərbaycanda, Gürcüstanda analoji qanunların qəbul olunmasını tənqid edən, onların geri çəkilməsini istəyən Fransa özü “Xarici müdaxilələrin qarşısının alınması haqqında” qanun layihəsi qəbul edib və xarici agent statusu verilməsi üçün sərt tələblər müəyyənləşdirib.

Bəs, Fransa necə oldu ki, nüfuzlu qlobal gücdən artıq bütün qərarları qeyri-ciddi qarşılanan ölkə vəziyyətinə gəldi? Təbii ki, Fransa Prezidenti Emmanuel Makron və onun hökumətinin həyata keçirdiyi uğursuz daxili və xarici siyasət nəticəsində...

Tarixə nəzər saldıqda Avropada, xüsusən Fransada ciddi siyasətçilərin kalibrinin ildən-ilə düşdüyünü görürük. Tarixə Napoleon kimi imperator, Şarl De Qoll, Jak Şirak kimi dünya nizamını anlayan liderlər bəxş edən Fransaya bu gün Emmanuel Makron başçılıq edir. Məhz onun xaotik və qeyri-ardıcıl siyasəti nəticəsində Fransa ənənəvi təsir zonasında - Afrikada strateji məğlubiyyətə uğradı. Mali, Burkino-Faso, Niger kimi keçmiş Fransa koloniyalarında anti-Fransa qüvvələri hakimiyyətə gəldi, Parisin bölgədə hərbi və iqtisadi varlığı sonlandırıldı. Yaxın Şərqdə, xüsusən Livanda Fransa artıq uzun müddətdir, önəmli oyunçu deyil.

Fransa kəşfiyyatının istər Azərbaycanda, istərsə digər ölkələrdə fəaliyyətinin ifşa olunması isə Makronun ölkəsini hansı duruma gətirdiyinin daha bir göstəricisidir.

Digər yandan, Makronun Ukraynada Rusiya əleyhinə koalisiyaya başçılıq etmək, hətta bölgəyə NATO qüvvələrini göndərmək təklifi üzv dövlətlər tərəfindən qətiyyətlə rədd edilir.

Cənubi Qafqaza gəldikdə, uğursuz militarizasiya və Ermənistana təktərəfli dəstək siyasəti yürüdən Makron burda da uğur əldə edə bilmədi.

Makron hökumətinin bacarıqsız və uğursuz addımları artıq xarici siyasət sferasından çıxaraq, Fransa daxilində də ciddi narazılıqlara səbəb olub.

Qalmaqallı pensiya islahatı, miqrasiyanı məhdudlaşdıran və fikirləri haçalayan qanun layihəsi, iqtisadi və sosial sahədə tələblər irəli sürən və hələ də davam edən “sarı jiletlilər” hərəkatı məhz Makron dövrünün məhsullarıdır.

Ölkədə kriminogen durum və ictimai təhlükəsizlik də təhdid altındadır. Cinayətkarlığın tüğyan etdiyi Fransada sinaqoqlara davamlı hücumlar, Aralıq dənizi sahillərində yerləşən şəhər merlərinə silsilə təhdidlər qeydə alınır. Son olaraq isə həbsxana konvoyuna hücum və penitensiar sistemin 2 əməkdaşının ölümü ilə nəticələnən olaydan sonra təhlükəli cinayətkarın qaçması təhlükəsizlik sahəsində ciddi boşluqlardan xəbər verir.

Bu fonda sonuncu rəy sorğularında vətəndaşların 70%-nin Emmanuel Makron hakimiyyətindən narazı olması rəsmi Parisin istər daxili, istərsə də xarici siyasətinin dalana dirəndiyini göstərir. Makronun siyasəti dünya xəritəsində özünəməxsus rolu olan Fransanı bu gün ciddi qəbul edilməyən, təsir rıçaqları məhdud sıradan Avropa ölkəsi durumuna gətirib. Ölkəni bu vəziyyətə gətirən Makron siyasətini isə bu gedişlə növbəti seçkilərdə sevimlisi olan erməni diasporu da xilas edə bilməyəcək.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR