Fransa Ermənistanı silahlandırmağa davam edir - İrəvan sülhə hazırlaşır, müharibəyə? - TƏHLİL

Fransa Ermənistanı silahlandırmağa davam edir - İrəvan sülhə hazırlaşır, müharibəyə? - TƏHLİL
# 18 iyun 2024 14:25 (UTC +04:00)

Cənubi Qafqazda çoxdan gözlənilən sülhə mane olmaq cəhdləri, yeni eskalasiya və gərginlik ocağı yaratmaq planları yeni mərhələyə keçib. Regionun destabilizasiyasında ən çox maraq göstərən ölkə - Fransa Ermənistana satdığı silah-sursatın nomenklaturasını genişləndirir, Ermənistan rəhbərliyini revanşizmə təşviq edir.

Belə ki, iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki tərəf arasında “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalandı.

“Biz, Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Yeni mühüm mərhələ “CAESAR” özüyeriyən artilleriya qurğularının alınmasına dair müqavilənin imzalanması oldu”, - deyə Fransanın müdafiə naziri Sebastyan Lekornu öz paylaşımında bildirib. Bu müqavilələrin detalları, Ermənistana satılacaq “CAESAR”ların dəqiq sayı açıqlanmasa da, baş verənlər Fransanın Cənubi Qafqazda eskalayasiyanı yeni və təhlükəli mərhələyə daşıdığını göstərir. Rusiya-Ukrayna müharibəsində də aktiv tətbiq olunan “CAESAR” haubitsaları müharibənin gedişatını dəyişməsə də, ciddi dağıdıcı gücə malikdir. Azərbaycanla qısa zamanda sülh müqaviləsi imzalamağa hazır olduğunu deyən Ermənistanın isə bu kalibrdə və gücdə artilleriya sistemləri əldə etməsi üçün heç bir ciddi hərbi ehtiyacı ola bilməz. “CAESAR”ları satın almaqla Ermənistan əslində Azərbaycanla revanşa hazırlaşdığını, Fransa isə bu silahları satmaqla rəsmi İrəvanı bu müharibəyə hazırladığını açıq ortaya qoyur.

Bu razılaşma Ermənistanın Fransadan 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika satın alması və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair imzaladığı müqavilə ilə başlanan revanşa hazırlıq prosesinin tərkib hissəsi sayılmalıdır.

Bundan başqa, səfər zamanı Ermənistanla Fransa-Almaniya müştərək silah konserni olan KNDS arasında hərbi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb. “Leopard 2”, “Leclerc” tanklarının, “PzH 2000”, “CAESAR” haubitsalarının, zirehli transportyorların, hava hücumundan müdafiə sistemlərinin və mühəndis texnikasının istehsalçısı olan şirkətin Ermənistanla imzaladığı müqavilənin detallarını açıqlamaması suallar doğurur. Ermənistan hakimiyyətində revanşist qanadın olması, Fransa ilə koordinasiya edilərək həyata keçirilən hərbi hazırlıqlar da ciddi narahatlıqlar doğuran digər məsələdir. Bu revanşizm əhvalı, rəsmi Bakı ilə hədə tonunda danışmaq meylləri Ermənistanın bəzi rəsmi şəxslərinin iki ölkə arasında delimitasiya prosesi fonunda verdikləri açıqlamalarında da sezilir. Məsələn, iyunun 5-də Azərbaycanla həmsərhəd Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan Cermuk şəhəri istiqamətində delimitasiya prosesinin perspektivlərindən danışarkən hədələyici tona keçmişdi.

“Əgər delimitasiyadan sonra Azərbaycan Qeqarkunikdən getməsə, onları geri çəkilməyə vadar edəcək başqa instrumentlər tətbiq olunacaq. Və bu mexanizmlərin mütləq hərbi mexanizmlər olması şərt deyil”, - bildirmişdi. Ermənistan parlamentində istər müxalif, istərsə də iqtidaryönlü deputatların delimitasiya prosesinin gedişi ilə bağlı Azərbaycandan müəyyən ərazilərdən geri çəkilməsi tələbi ilə səsləndirdikləri digər fikirlər ümumilikdə Ermənistanın prosesə maneələr yaratmağa çalışdığını göstərir.

Ölkədə tez-tez hərbi təlimlərin keçirilməsi, ehtiyatda olan hərbçilərin təlim toplanışlarının aparılması, yerli hərbi sənaye şirkətlərinə bu il 495 milyon dollar həcmində sifarişlərin verilməsi təhlükəli tendensiyadan xəbər verir.

Və nəhayət, son günlərdə Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan istiqamətində atəşkəs rejiminin müntəzəm pozulması halları da məhz bu revanşist hazırlıqların əks-sədasıdır. Ermənistan yeni təxribatlar, sülh müqaviləsinin imzalanmasını təxirə salacaq və yeni eskalasiyaya yol açacaq hərbi təxribatlar üçün zəmin hazırlayır. Təmas xəttindəki mümkün gərginlik və sülh müqaviləsinin imzalanmasında yaranacaq fors-major situasiyalarda isə yenə də Fransanın diplomatik dəstəyi ilə günahkar tərəf kimi Azərbaycan göstərilməyə çalışılacaq.

Son günlərdə Cənubi Qafqaz regionunda baş verənlər, təmas xəttində uzun müddət sonra yenidən atəş səslərinin eşidilməsi, Fransanın Ermənistanı silahlandırmaq siyasətində “qırmızı xət”lərə yaxınlaşması və Ermənistanın öz daxilində baş verən proseslər Azərbaycan-Ermənistan normallaşmasında, delimitasiya prosesində əldə olunmuş son nailiyyətləri sıfırlaya, sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli zəmini təhlükə altına ala bilər. Bunun baş verməməsi üçün Ermənistanın hərbi-siyasi rəhbərliyi iradə nümayiş etdirərək silahlanmaya, rəsmi şəxslərin təxribatçı, revanşist açıqlamalarına son qoymalı və Azərbaycanın sülh müqaviləsinin imzalanması və delimitasiya prosesi ilə bağlı ədalətli şərt və prinsiplərini qəbul etməlidir.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR