Avropa Parlamentinə seçkilər: Ursula fon der Lyayenin zəfəri, sağçıların irəliləyişi, Makronun acı məğlubiyyəti - TƏHLİL

Avropa Parlamentinə seçkilər: Ursula fon der Lyayenin zəfəri, sağçıların irəliləyişi, Makronun acı məğlubiyyəti - TƏHLİL
# 10 iyun 2024 16:03 (UTC +04:00)

Dünən Avroparlamentinə baş tutan seçkilər dəyişən dünyada davam etməkdə olan “elektoral seçim” mövzusunu bir daha aktual etdi. Qərbi Avropa dövlətlərindəki siyasi hakimiyyətləri təmsil edən partiyaların, Avropa İttifaqının iki əsas dövlətinin hakim elitasını təmsil edən E. Makron və O. Şoltsun məğlubiyyəti gələcək illərdə baş verəcək hadisələrin xəbərdarlığıdır. Sözsüz, bu məğlubiyyətin səbəblərinin təhlili beyin mərkəzləri qarşısında duran ən mühüm vəzifədir.

Nasizm və faşizm üzərində qələbədən sonra qurulan Avropa İttifaqı əgər onilliklər ərzində ifrat sağçıları həm ölkə daxilindəki seçkilər zamanı, həm də, ümumqitə seçkilərində periferiyada saxlaya bilirdisə, bu dəfə milliyyətçilər seçkilərdə ilk dəfə bu qədər kəskin şəkildə məqsədlərinə çatdılar. Məğlubiyyət xüsusilə Fransa prezidenti Makron və onun “İntibah partiyası” üçün alçaldıcı oldu.

Beləliklə, seçkilər nəticəsində Avroparlament nəzərəçarpacaq dərəcədə sağa doğru əyildi. İtaliyada baş nazir C. Meloni Avropa Parlamentində “İtaliya Qardaşları” üçün yerlərin sayını iki dəfə artırdı. İfrat sağçı “Almaniya üçün Alternativ” öz namizədləri ilə bağlı bir sıra qalmaqallara görə tənqid atəşinə tutulsa da, kansler Olaf Şoltsun “Sosial Demokratlar Partiyası”na qalib gəlmək üçün kifayət qədər mandat qazanmağı bacardı.

Maraqlı məqamlardan biri Makron və onun yanındakılar tərəfindən hələ seçkilərdən əvvəl bir sıra məsələlərə, o cümlədən “Azərbaycanla enerji siyasəti” mövzusuna görə tənqid atəşinə tutulan Ursula fon der Lyayenin əla nəticə əldə etməsində oldu.

Ursula fon der Lyayen bütün Avropa qitəsində birinciliyi heç kimə güzəştə getmədi. Eyni zamanda, o, bir sıra liderdən fərqli olaraq ifrat sağçılar tərəfindən təhlükəni vaxtında hiss edərək, kampaniya zamanı seçki proqramına bir sıra korrektələr etdi, miqrasiya və iqlim məsələlərində da sağçıların müəyyən fikirlərini nəzərə aldı. Beləcə, Ursula fon der Lyayenin komandası 720 yerlik Avropa Parlamentində ən böyük qrup, komanda olmağı bacardı.

Ursula fon der Lyayendən başqa, dünən baş tutan seçkilərdə daha bir xanım siyasətçi diqqəti cəlb etməyi bacardı. Bu, həm də Fransadakı gələcək prezident və parlament seçkilərinin aqibəti baxımından vacib idi. Seçkilərdə Marin Le Penin “Milli birlik” partiyasının qalibiyyəti bütün Avropa üçün ciddi siqnaldır. “Milli birlik” partiyasının 31.5% səs toplaması fonunda Makronun “İntibah” partiyasının cəmi 14.7% səs alması uzun illərdən sonra bu iki lider arasında hakimiyyət uğrunda mübarizədə qadın siyasətçinin irəliyə doğru ciddi sıçrayışıdır. Fransadakı seçkiləri yaxından izləyən hər kəs bilir ki, siyasi hakimiyyəti təmsil edən partiyanın seçicilərin 20% səsini ala bilməməsi bu ölkədəki elektoral proseslərdə görünməmiş hadisədir. Makronun partiyasının qazandığı səs isə 15%-ə belə çatmır.

Əslində, bu nəticə tamamilə məntiqli idi. Çünki Makronun hakimiyyətə gəlməsinin ilk illərindən yığılıb qalmış sosial-iqtisadi problemləri həll etmək, ölkə daxilində yerli əhali və miqrantlar arasında getdikcə şiddətlənən ziddiyyətləri aradan qaldırmaq əvəzinə, “İntibah” partiyasının liderləri, xüsusən də Makron hakimiyyətlə xalq arasında uçurumu daha da genişləndirir, siyasi sistemə daxil olan çağırış və tələbləri qulaqardına vururdu. Bu, həm də, Makron hakimiyyətinin xarici siyasətinin iflası, daim qlobal aktor rolu oynamış Fransanı regional subyektə çevirməsinin nəticəsidir. Belə olan halda, Le Pen bu çağırışı məmnuniyyətlə qəbul etdi və Avropayönlü mərkəzçi “İntibah” partiyasından iki dəfə çox səs toplamağı bacardı.

Avropa İttifaqının ən çox əhalisi olan Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası əsas namizədi ilə bağlı bir sıra qalmaqalların olmasına baxmayaraq, 16,5% səs toplamağı bacardı. Müqayisə üçün qeyd edək ki, Almaniyanın hakim koalisiyasında üç partiyanın ümumi nəticəsi 30%-i çətinliklə keçib. Bundan başqa, ənənəvi olaraq yaşılların qalası hesab edilən Almaniyada ekoloqlar bir qədər az yer aldılar, əgər 2019-cu ildəki seçkilərdə yaşıllar 20% səs toplamışdılarsa, bu dəfə təxmini 12% səsi çətinliklə qazana bildilər. Ümumi nəticəyə görə, birinci yerdə - müxalif mühafizəkar Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı, ikinci yerdə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası, üçüncü yerdə Almaniya kansleri Olaf Şolsun Sosial Demokrat Partiyası qərarlaşıb

Almaniyaya yaxın olan Avstriyada Rusiyaya qarşı sanksiyaları tənqid etdiyinə görə tanınan ifrat sağçı Azadlıq Partiyasının qələbəsi, yəqin ki, ayrıca təhlil mövzusudur. Ümumavropa siyasətinə xüsusi baxış bucaqları olan Slovakiya və Macarıstanda baş tutan seçkilər də bundan sonrakı elektoral proseslərdə hakimiyyəti təmsil edən partiyaların çətinliklərlə üzləşəcəyindən xəbər verir. Macarıstanda Baş nazir Viktor Orbanın sağçı mühafizəkar “Fides” partiyası qalib gəlsə də, onun rəqibi Peter Magyarın tərəfdarları təxminən 30% səs toplamağı bacardılar. Slovakiyada isə, hakim siyasi partiya ikinci yeri qazandı.

Avropa Parlamentinə seçkilərin nəticələri göstərdi ki, iki əsas avropapərəst qüvvə hələ də üstünlük təşkil edir: Xristian Demokratlar və Sosialistlər. Ehtimal olunur ki, ifrat sağçıların qələbəsi 20-yə qədər mandat itirərək altıncı yerə geriləyən “Yaşıllar”ın hesabına mümkün olub. Mərkəzçilər də ciddi itkilər verdilər.

Bu vəziyyət sağçıların Avropa daxilində aktual mövzular sayılan miqrasiya, islamofobiya, iqlim dəyişiklikləri, LGTB və sair kimi mövzularda fəal siyasət aparmalarına gətirib çıxaracaq. Öz növbəsində, gələcək riskləri təxmin edən Ursula fon der Lyayen

liberallar və sosial-demokratlarla birgə koalisiya yaratmağı düşünür.

Nəticə etibarilə, Avroparlamentə baş tutan seçkilərdə sağçılar mandat sayını artırsalar da, mütləq çoxluq yenə də “köhnələr”in əlindədir. Eyni zamanda, bir çox məsələ həm də sağçı qruplar arasındakı həmrəylikdən asılı olacaq. İlk baxışdan hamısı eyni ideoloji istiqamətə aid olsa da, əslində, onlar arasında bir sıra fikir ayrılıqları da var. Məsələn, əgər miqrasiya siyasətinin sərtləşdirilməsində onların arasında fikir ayrılığı azdırsa, Ukraynaya dəstək məsələsində sağçı qruplar arasında ciddi təzadlar mövcuddur.

Hər bir halda 2029-cu ilə qədər Avroparlament yeni geosiyasi və geoiqtisadi çağırışlar fonunda daha çox işləyərək qlobal və regional problemlərin aradan qaldırılması üçün addımlar atmalıdır. Siyasi və ideoloji baxışlarından asılı olmayaraq kresloda əyləşənlər məsuliyyətli mərhələyə qədəm qoyduqlarını dərk etməlidirlər.

Bakı Politoloqlar Klubunun sədri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri Zaur Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR