Media dini təhlükəsizlikdə hansı rolu oynayır?

Media dini təhlükəsizlikdə hansı rolu oynayır?
# 06 iyul 2023 22:32 (UTC +04:00)

XX əsrin sonlarından başlayaraq insanlar beynəlxalq münasibətlərdə din və siyasət, XXI əsrin əvvəlindən isə din və media ifadələrinin birgə işlənməsinin şahidi olurlar. Artıq son illərdə din və beynəlxalq təhlükəsizlik də bu ifadələr arasında yer almağa başlayıb.

Din ötən əsrin 80-ci illərindən başlayaraq qlobal siyasi təsirini bərpa edib və beynəlxalq münasibətlər lüğətində bir ədəbiyyat formalaşaraq inkişaf edib. Bu ədəbiyyatda din həm sülh, həm də zorakılıq üçün bir qüvvə, həmçinin dinin zorakı təbiətin lehinə və əleyhinə çıxan elm kimi təqdim olunduğunu görürük. Təbii ki, burada dini müharibə və dini terrorizm tendensiyalarını izləyən siyasətçilər, ekspertlər, media və vətəndaş cəmiyyəti ilə yanaşı, dini aktorların siyasi mövqeləri mühüm rol oynayıb. Belə müxtəlif baxışlar fonunda cəmiyyətin artan dini informasiya tələbatı media orqanlarını bu mövzulu xəbərlərə biganə qalmamağa sövq edib. Burada başqa geosiyasi faktorların rolu danılmazdır.

Baş verən hadisələrdə dini çalar və medianın rolu

Aparılan araşdırmalara görə, 1994-cü ildə dünyanın 32 bölgəsində 42 münaqişənin bir çoxu dini müstəvidə baş verərkən, mədəni münaqişələr və dini təsirlərə dair düzgün xəbərlərin dərc olunması hər zamankından daha vacib hala gəlib. Çünki dini müstəvidə baş verən münaqişələrin artdığı bir zamanda media orqanları tərəfindən təhrif olunmuş informasiyanın (xüsusilə bu informasiya münaqişə bölgəsində fəaliyyət göstərən media tərəfindən dərc olunursa) yayılması yeni münaqişə qığılcımı demək idi. Dini mövzuları işıqlandırmaq o demək idi ki, jurnalistlər əslində nə baş verdiyini anlamaq üçün tanış dünyəvi çərçivələrdən və siyasi modellərdən kənara çıxmalı idilər. Dini münaqişə ilə bağlı xəbərlər vəziyyəti yüngülləşdirə və ya ağırlaşdıra bilərdi. Düzdür, sülhü təbliğ etmək jurnalistin işi olmasa da, xəbərlər insanların öz dünyalarını, təhlükəsizliyini, seçimlərini və gələcəyini anlamağa və ya səhv başa düşmələrinə dərindən təsir edə bilər. Jurnalistlər məlumatlı vətəndaşı təbliğ etməklə, məlumatsız vətəndaşı isə maarifləndirməklə ictimai rifaha xidmət edə bilərlər. Beləliklə insanlar tam və dəqiq məlumat əldə etməklə məntiqli seçim etmək üçün daha yaxşı təchiz olunmuş olurlar. İnsanların müxtəlif etnik və dini qrupları necə başa düşdüklərinə də media təsir edir.

Bəzən oxucu cəlb etmək üçün və ya hər hansı jurnalistin dinə və ya din xadiminə qarşı olan soyuq, qərəzli münasibəti medianın sərlövhələrlə manipulyasiyasına səbəb olur ki, bu da daha sonra dini liderlər, inanclı insanlarla jurnalistlər arasında dərin anlaşılmazlıq və inamsızlığa gətirir. Məsələn, ABŞ-ın iki şəhərində, Nyu-York və Vaşinqtonda media elitasında aparılan sorğu nəticəsində məlum olub ki, jurnalistlərin 86%-i nadir hallarda və ya heç vaxt dini mərasimlərdə iştirak etmir və onların yarısının dini mənsubiyyəti yoxdur. Hər iki araşdırmanın ortaq bir nəticəsi var idi: jurnalistlər dini ciddi qəbul etmirlər. Bunun bariz nümunəsi kimi Qərbi Avropa ölkələrində baş verən islamofobiya hallarının geniş yayılmasını misal göstərmək olar. Əhalisinin əksəriyyətinin müsəlman olan ölkələrə servis edilən müqəddəs Qurani-Kərimin yandırılması ilə bağlı görüntülər, Qərb mediasında baş verən bu olayın qınanılmaması, əksinə “demokratik dəyərlərə” malik cəmiyyətdə baş verən hadisələrdən biri kimi göstərilməsi yuxarıda qeyd olunanları açıq şəkildə əks etdirir. Elə bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyev də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə münasibət bildirib:

“Fikrimizcə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Biz geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir”.

Din və Qərb mediası

Birmənalı demək olar ki, qlobal xəbər mediası din və dini maariflənmə ilə bağlı xeyli passivdir. Dinin mediada zəif işıqlandırılmasının bir sıra struktur səbəbləri var ki, onlardan da birincisi, qlobal xəbər sistemində bir çox xəbərlərin dini komponentinə göz yuman və ya “kor olan qlobal qapıçılar” kimi çıxış edən Qərb mediası üstünlük təşkil edir. Qlobal media sisteminə mürəkkəb texnologiyalara malik təxminən 15-20 açıq cəmiyyət daxildir, məsələn, Londonda, Tokioda, Romada və ya Nyu-Yorkda mühüm bir xəbər peyda olduqda, hekayə dünya xəbər sisteminin “damarlarından” keçir. Qeyd olunan xəbər yerli əhaliyə az aidiyyəti olsa belə, başqa yerdə geniş şəkildə xəbər veriləcəyi ehtimal olunur.

İndi Qərbin ardıcıl xarici siyasətinin olmadığı bir şəraitdə medianın dünya hadisələrinin işıqlandırılmasında nəyin ardıcıl, nəyin tənqidi və nəyin risk altında olduğunu müəyyən edə biləcəyi çərçivə yoxdur. Bütün bunlara baxmayaraq, qlobal siyasət və dünya nizamı dəyişməyə davam edir. Dinin zəif əhatə olunmasının digər struktur səbəbi, texnoloji dəyişikliklərin sürətinin insanların texnologiyadan istifadə etmək qabiliyyətini qabaqlamasıdır. Texnologiya həmçinin media mülkiyyətinin azsaylıların əlində cəmləşməsini sürətləndirdi və bu dini mövzuları, dini təsirləri araşdırmaq istəyən redaktor, qərar qəbul edənlərin sayını məhdudlaşdırdı. Qərbdə dini liderlər və media arasında bəzən uçurum olmasına şahid olunur.

1990-cı illərdən bəri media pedaqoqları Anita Day və Guy Golan inanclı insanlar və media orqanları arasında artan gərginliyi müəyyən etdilər. Onlar müəyyən etdilər ki, media və din tərəfdaşlığı çətin ola biləcək iki anlayışdır. Buna səbəb din tez-tez müxtəlif amillərə görə mediada təhrif edilir, istər səhv inanclar nəticəsində, istərsə də qəzet satmaq və ya tamaşaçıları cəlb etmək üçün din dramatikləşdirməklə məğzindən kənarlaşdırılır. Bu amillərin daha çox vüsət tapması 2001-ci il sentyabrın 11-də Dünya Ticarət Mərkəzinə edilən hücumlardan sonra İslamla bağlı xəbərlərin işıqlandırılması artması fonunda baş verdi. 2001-ci ilin sentyabr hadisələrindən və terrorizmə qarşı qlobal müharibənin başlanmasından bəri terrorizmlə bağlı üstünlük təşkil edən ədəbiyyat İslamla əlaqəli ekstremist və zorakı hərəkatların öyrənilməsinə yönəldilmişdi. Halbuki dini ekstremizm fenomeninə bütün dinlər və inanclarda rast gəlinir. Məsələn, ekstremizm və inanca əsaslanan zorakılıq Afrika qitəsinin müxtəlif yerlərində mövcuddur, burada dini mətnlərin təfsiri mövcud cəmiyyətlə toqquşmalara haqq qazandırmaq üçün əsas motiv kimi istifadə olunur. Bu, xristianlıq da daxil olmaqla Afrikadakı bütün əsas dinlərə aiddir. Belə ki, radikal dini cərəyanların yaratdığı ən ciddi problem, bir çox Afrika ölkələrində xristianlar və digər inancların, xüsusilə İslam və ənənəvi dinlərin tərəfdarları arasında davam edən münaqişədir. Bir çox dini liderlərin xoşməramlılığına və tolerantlığa çağırışlarına baxmayaraq, bütün əlamətlər ondan ibarətdir ki, dini ünsiyyət xətləri üzrə münaqişələr növbəti onillikdə də ən aktual problem olacaq.

Media və dinin təsirində formalaşan şəxsiyyət

Din kimi fitri əsaslara söykənən bir fenomenlə yanaşı, medianın şəxsiyyətə təsiri, onda dərin və sarsılmaz bir təsir buraxması bəzən elə də sezilmir. Bununla belə, medianın şəxsiyyətə, xüsusən də dini kimliyə böyük təsiri var. Məsələn, əvvəllər ailənin ötürdüyü mədəniyyət və dəyərlər çərçivəsində formalaşmağa başlayan din

ilk ailəni və sosial mühiti şəxsiyyət, örnək və tərbiyəçi kimi qəbul edirdi. Lakin medianın ailədə rol oynama meylinin artması, onun tərbiyəvi, ibrətamiz, öyüd-nəsihət funksiyasını da zaman keçdikcə artırıb. Beləliklə, media ailənin missiyasına tərəfdaş olmaqla yanaşı özü də bir cizgi bəlli edib. Buna səbəb isə ailənin ötürdüyü dini çərçivə, fikirlər və qərar mexanizmləri üzərindəki gücünə görə medianın təqdim etdiyi fərqli baxışlardır. Bu baxımdan sağlam medianın təqdim etdiyi doğru, təhlükəsiz din anlayışı cəmiyyət və onun fərdləri üçün çox vacibdir. Belə olan halda dinin mərkəzləşdirici rolu təhlükə altına düşməz. Çünki istiqamətsiz dini kimlik yeni dini formalaşmalara və müxtəlif dini təqiblərə açıq olur. Medianın belə çaşqınlıq yaşanmasına səbəb olmaması yalnız doğru qurulmuş siyasət nəticəsində mümkün olur. Əksi isə medianın dini təhlükəsizlikdə oynadığı rolu sual altına qoyur.

Belə ki, medianın dini kimliyə təsirində hər media aləti ayrıca rol oynayır. Xüsusən də qəzetlərin rəqəmsal mediaya keçidindən sonra bir çox dini qruplar dinini daha geniş ərazilərə yayma funksiyalarını artırıb, onlayn bir çox dini arqumentlərdən istifadə edərək kütlələr üzərində təsir və rolunu qoruyub saxlayıb.

Vizual mediada isə dini simvollardan kommersiya meylləri və ya ideoloji məqsədlər üçün istifadə edilməsini medianın dinə vasitəçilik etməsinə zəmin yaradan addımlar arasında saymaq olar. Yeri gəlmişkən, müxtəlif dini qruplara məxsus məzmunun ölkə sərhədləri boyunca yayılması, satışını da bu şəkildə qəbul etmək olar.

Nəhayət, yeni medianın dini kimliyə təsirinə baxdığımızda görünür ki, bu media ənənəvi mediadan daha geniş təsirlərə malikdir. Çünki dini kimliyin qurulduğu cəmiyyətin strukturunun yeni media vasitəsilə dəyişdiyi görünür. Rəqəmsal mühitdə mövcud olan dini məzmun şəxsiyyətə müxtəlif funksiyalar verir və dini ritualları yerinə yetirir. Hər bir fərdin öz dini kimliyini xatırlamaq, təbliğ etmək kimi vacib gördüyü məqamlarda mühüm rol oynayır və bir növ o rolu öz öhdəsinə götürür.

Azərbaycanda dini təhlükəsizliyə milli təhlükəsizlik prizmasından baxış

Yerləşdiyi çətin coğrafi region baxımından Azərbaycanın bir neçə dinin qovşağında olması onun əraziləri daxilində dini müxtəlifliyə də səbəb olub. Tarix boyu müxtəlif toqquşmalara şahidlik edən regionda bu müxtəlifliyə görə sabitliyi qorumaq da çətindir. Çünki bir tərəfdən dini etiqad azadlığının təmin olunması, digər tərəfdən bölgədə dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir kompleks işlər tələb edir. Bunun öhdəsindən gəlmək üçün xeyli işlər görülüb və görülməkdədir. Dövlət rəhbərləri də belə müxtəlifliyə malik ölkədə dini münaqişələrin yaranmasının qarşısını almaq üçün davamlı addımlar atıblar. Bütün bunlara aparan dini fanatizmin təsirinə məruz qalmış şəxslərin, xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş vətəndaşlarımızın zamanla mövcud olması səbəb olub. Təbii ki, radikalizmin təsirinə məruz qalmış vətəndaşlarımızın saf niyyətləri də bədxahların öz oyunlarını qurması üçün əsas vasitə olub. Belə ki, ötən illər ərzində Yaxın Şərqdə baş verən münaqişələr, bu münaqişələri dini motivləri qabardaraq müharibələrə çevirmək və bu müharibələrə Azərbaycan da daxil olmaqla dünyanın əksər ölkə vətəndaşlarının cəlb edilməsi bir daha milli təhlükəsizlik üçün dini təhlükəsizliyin vacibliyini göz önünə sərdi.

Bundan başqa, həmin regionda uzun illər gedən ağır münaqişələrin geosiyasi maraqların toqquşması və hər bir hegemon dövlətin öz marağını təmin etmək üçün dini siyasiləşdirərək ondan vasitə kimi istifadə etməsi dəqiq bəlli olduğu üçün Azərbaycanda dinin siyasiləşdirilməsi cəhdlərinin qarşısını almaq üçün əməli addımlar atılmağa başlanıb.

Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR