Avropa ona tabe olmaq istəməyən Gürcüstanı cəzalandırır - TƏHLİL

Avropa ona tabe olmaq istəməyən Gürcüstanı cəzalandırır - TƏHLİL
# 30 may 2024 16:15 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) haqqında müqaviləyə əsasən, birliyin demokratik dəyərlərinə hörmət edən və onların irəlilədilməsinə sadiq olan istənilən Avropa ölkəsi Aİ-yə üzv olmaq üçün müraciət edə bilər. Üzvlüyə namizəd ölkələrin hazırlığını Avropa İttifaqı 3 əsas kriteriya üzrə qiymətləndirilir. Bu kriteriyalar 1993-cü ildə Aİ tərəfindən Danimarka paytaxtı Kopenhagendə qəbul olunduğu üçün onlara “Kopenhagen kriteriyaları” deyilir. Bu kriteriyalar siyasi, iqtisadi və hüquqi aspektləri əhatə edir.

Sənəddə hər şey ideal görünsə də, bu, yalnız aysberqin görünən tərəfidir. Yəni, Brüssel üzvlüyə namizəd ölkələrdə yalnız demokratiya və qanunun aliliyinin təmin olunması, yaxud azad, rəqabətədavamlı iqtisadiyyat formalaşmasını əsas götürmür. Namizəd ölkənin ideoloji dəyərləri, əhali sayı, etnik-dini tərkibi, mental xüsusiyyətləri də diqqət edilən qeyri-rəsmi məqamlardır. Bundan başqa, üzvlüyə namizəd ölkələrlə bağlı tələb və qərarlar geosiyasi duruma görə də dəyişir. Bir sözlə, Avropa İttifaqına üzvlük tələbləri monolit, yalnız demokratik dəyərlərə əsaslanmır, situasiyadan və geosiyasi amillərdən dolayı dəyişə bilir. Üzvlüyə namizəd ölkələr arasında bu ayrı-seçkilik, ikili standartlara dair çoxsaylı nümunələr var.

2022-ci ildə Rusiyanın Ukraynaya hücum etməsindən sonra bu yanaşma özünü daha aşkar büruzə verdi. Avropa İttifaqı geosiyasi səbəblərdən dolayı Moldova, Ukrayna və Gürcüstanın Birliyə üzvlük prosedurunu sürətləndirdi. 2022-ci il iyunun 23-də Aİ kriteriyalarından çox geridə olan Ukrayna və Moldovanın üzvlüyə namizədliyi qeydə alınır, uzun illər Avropaya inteqrasiya yolunda ciddi addımlar, islahatlar aparan Gürcüstan isə bu statusu həmin vaxt almır, il ayrımdan sonra - 2023-cü ilin dekabrında ona bu haqq tanınır. Halbuki Gürcüstan maliyyə sisteminin sabitliyi, iqtisadi artım tempi baxımından istər Moldova, istərsə də Ukraynadan daha yaxşı vəziyyətdə idi.

Bəs Gürcüstana qarşı hələ də davam edən bu qərəzin, ayrı-seçkiliyin səbəbi nə idi?

Məsələnin kökü Gürcüstanın Qərbin Rusiya layihəsi kimi təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini qəbul etməsi ilə bağlıdır. Artıq qəbul edilmiş qanuna əsasən, maliyyəsinin 20%-dən çoxu xarici mənbələrdən olan QHT, KİV, hüquqi və fiziki şəxslər Gürcüstanda xarici agent kimi qeydiyyatdan keçməlidirlər.

Hakim “Gürcü Arzusu” partiyası hazırda xaricdən maliyyələşən QHT-lərin Gürcüstanda maarifləndirmə və xeyriyyə işlərindən daha çox, etiraz və iğtişaş yolu ilə hakimiyyətə gəlmək, yeni inqilab dalğası planlaşdırmaqda ittiham edir. Qərar vətəndaş cəmiyyəti və QHT sektorunda xarici maliyyə mənbələrinin şəffaflaşdırılması üçün önəmli addım hesab edilir.

Amma Qərb və xaricdən maliyyələşən, sayları minlərlə olan QHT-lər isə bu hadisəni demokratiyaya zərbə adlandırır. Halbuki Gürcüstanda əksər QHT və digər təşkilatların Qərbdəki müxtəlif maliyyə institutlarından, fondlardan maliyyələşdiyi sirr deyil.

Avropa institutları, Avropa İttifaqı və ABŞ Gürcüstanın qanuni seçilmiş hakimiyyətinin qanunun qəbulu ilə bağlı arqumentlərini, mövqelərini dinləmək istəmir. Əksinə, ölkənin daxili işlərinə kobud müdaxilə edərək, burada qanuna qarşı çıxan və sayları bir neçə min nəfərlə məhdudlaşan etirazçı kütləyə dəstək verir, prosesi alovlandırır.

Gürcüstanın daxili işlərinə kobud müdaxilənin bariz nümunəsi kimi mayın 15-də Tbilisidə kütləvi etiraz aksiyasına Latviya, Estoniya, Litva və İslandiyanın xarici işlər nazirlərinin qoşulmasını, Litva və Almaniya parlamentinin üzvlərinin Gürcüstan parlamenti istiqamətində yürüşdə iştirakını göstərmək olar.

Beləliklə, Qərb bütün diplomatik nəzakət qaydalarını pozaraq Gürcüstanı siyasi, iqtisadi və diplomatik təzyiq altında saxlayır. Dünənə qədər Gürcüstanın Avropa dəyərlərini bölüşdüyünü bəyan edən Qərb hökumətin müstəqil xarakter nümayiş etdirməsindən sonra rəsmi Tbilisini birdən-birə demokratiyanın təhlükə altına salmaqda ittiham edir. Bunun ardınca, Aİ üzvlüyünə namizədliklə bağlı danışıqların dondurulacağı, yerli vətəndaşlara qarşı viza rejiminin yenidən bərpa ediləcəyi, qanunun qəbulu ilə bağlı rəsmi şəxslərə qarşı sanksiyaların tətbiq olunacağı ilə bağlı hədələr səslənir.

Bütün bunlar isə bir daha Aİ-nin üzvlük şərtlərindən qarşı tərəfi manipulyasiya məruz qoymaq, təsir altında saxlamaq üçün istifadə etdiyini göstərir.

Amma bu təzyiq qarşısında Gürcüstan hökumətinin və xalqının göstərdiyi siyasi iradə və situasiyaya adekvat yanaşma qeyd olunmalıdır. İrakli Qaribaşvili, ardınca isə İrakli Kobaxidzenin başçılıq etdiyi Gürcüstan hökuməti bütün süni əngəllərə, Qərbdən maliyyələşən bir neçə minlik QHT cameəsinin etirazlarına rəğmən qanunu qəbul etdi.

Bununla Gürcüstan hökuməti və xalqı qəti iradə ortaya qoyaraq öz daxil işləri ilə bağlı qərarı özünün verdiyini, kənardan müdaxilələrə sərt cavab verməkdə israrlı olduğunu göstərdi.

Gürcüstanda son baş verənlər belə qənaətə gəlməyə əsas verir ki, Qərb onunla hesablaşmayan istənilən ölkəni təzyiq altına sala, sanksiyalara məruz qoya bilər. Gürcüstan hökuməti və xalqı “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməklə ölkənin müstəqilliyini və suverenliyini qorumaq məqsədi güdür. Bu isə Qərb dairələrinin xoşuna gəlmir. Onlara müti, Avropanın vassalı olan Gürcüstan lazımdır. Qərbin, Avropanın onunla hesablaşmayan Gürcüstanı qarışdırmaq cəhdləri isə göz qabağındadır.

APA Analytics

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR