Bakı–Astana strateji tərəfdaşlığı: Türk dünyasının geoiqtisadi xəritəsini formalaşdıran səfər
Prezident İlham Əliyevin Oktyabrın 20–21-də Qazaxıstana dövlət səfəri Bakı və Astana münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisə oldu. Səfər həm iki ölkə arasında strateji ittifaqın dərinləşməsini, həm də Cənubi Qafqaz–Mərkəzi Asiya regionunda yeni geoiqtisadi reallığın formalaşmasını sürətləndirdi.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin İlham Əliyevi hava limanında şəxsən qarşılayıb yola salması tərəfdaşlığın yüksək səviyyəsinin simvoluna çevrildi. Tokayevin onu “tarixi miqyaslı görkəmli lider” adlandırması isə bu münasibətlərin uğurunda liderlik amilinin mühüm rolunu göstərdi.
Səfərin mərkəzində Qazaxıstan–Azərbaycan Ali Dövlətlərarası Şuranın ikinci iclası dayanırdı. Görüş zamanı enerji, nəqliyyat-logistika, rəqəmsallaşma, süni intellekt, sənaye təhlükəsizliyi və mədəniyyət sahələrini əhatə edən bir sıra sənədlər imzalandı. Bu razılaşmalar Orta Dəhliz üzrə “dayanıqlı marşrut”un formalaşmasına hüquqi əsas yaratdı.
İnkişaf və inteqrasiyanın yeni xətti

Bakı tərəfindən Ermənistan istiqamətində yük tranziti məhdudiyyətlərinin aradan qaldırılması qərarı da regionda sülhün iqtisadi dividendlərini reallaşdıran mühüm addım kimi qiymətləndirildi. Qazaxıstan yüklərinin Azərbaycan üzərindən keçməsi həm regional ticarətin liberallaşmasını, həm də Bakı–Astana əməkdaşlığının praktik nəticələrini göstərir.
Liderlərin Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzinə səfəri isə iki ölkə arasında rəqəmsal inteqrasiyanın prioritetə çevrildiyini nümayiş etdirdi. Bu, Transxəzər fiber-optik kabeli və rəqəmsal ticarət platformalarının inkişafı istiqamətində siyasi dəstək siqnalıdır.
Astana səfəri Azərbaycan–Qazaxıstan münasibətlərinin strateji məzmununu daha da gücləndirdi, regional əməkdaşlıqda yeni mərhələnin əsasını qoydu. Səfər həm siyasi, həm iqtisadi, həm də texnoloji inteqrasiyanın sinxron şəkildə inkişafına təkan verərək, dostluq və tərəfdaşlığın möhkəmlənməsinə xidmət etdi.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi, politoloq Sultan Zahidov APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20–21-də Qazaxıstana dövlət səfəri iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələsini başlatdı.

Onun sözlərinə görə, Prezidenti İlham Əliyevin səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Qeyd etmək lazımdır ki, son üç ildə bu, Prezident İlham Əliyevin Qazaxıstana artıq yeddinci səfəridir. Eyni dövrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də altı dəfə Azərbaycana səfər edib. Bu intensiv qarşılıqlı səfərlər və imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin dinamik və müsbət istiqamətdə inkişaf etdiyini göstərir. Azərbaycan və Qazaxıstanı birləşdirən çoxsaylı amillər mövcuddur. Ən başlıcası, hər iki ölkəni ortaq tarixi köklər, mədəniyyət, dil və etnolingvistik dəyərlər birləşdirir. Bu ümumi dəyərlər xalqlar arasında qarşılıqlı etimadın və əməkdaşlığın güclənməsinə təkan verir”.
Ekspertin fikrincə iki ölkə həmçinin energetika, kənd təsərrüfatı, sənaye, investisiya və nəqliyyat-logistika sahələrində ortaq maraqlara malikdirlər: “Xüsusilə də hər iki dövlət Orta Dəhliz layihəsinin əsas aparıcı iştirakçılarıdır. Bu layihə Asiya ilə Avropa arasında strateji yük daşımalarını təmin etməklə yanaşı, regionun iqtisadi inteqrasiyasına mühüm töhfə verir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində Qazaxıstan tərəfindən Orta Dəhlizin inkişafına dair layihənin təqdim olunması göstərdi ki, Bakı və Astana bu nəqliyyat marşrutunun daha da təkmilləşdirilməsi və yükdaşımaların həcminin artırılması istiqamətində birgə səylərini davam etdirəcək. Azərbaycan və Qazaxıstan bu gün artıq regional səviyyədə “orta güc” hesab edilirlər. Hər iki ölkə daxildə sabitlik və sosial-iqtisadi inkişafı təmin etməklə yanaşı, beynəlxalq arenada da fəal və balanslaşdırılmış siyasət yürüdür. Qazaxıstan Mərkəzi Asiyanın, Azərbaycan isə Cənubi Qafqazın aparıcı dövlətlərindəndir. Bu oxşar mövqelər iki ölkə arasında ümumi maraqların formalaşmasına və əməkdaşlığın dərinləşməsinə şərait yaradır”.
Regional əməkdaşlıqdan çoxtərəfli tərəfdaşlığa

Sultan Zahidov əlavə edib ki, Azərbaycan–Qazaxıstan münasibətlərinə yalnız ikitərəfli deyil, həm də çoxtərəfli kontekstdə baxmaq vacibdir: “Çünki hər iki ölkə bir sıra beynəlxalq və regional təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında fəal əməkdaşlıq edir və bir-birinin mövqelərini dəstəkləyir. Bu təşkilat çərçivəsində keçirilən mütəmadi görüşlər, qarşılıqlı təşəbbüslər və gələcək planlar iki ölkə arasındakı strateji tərəfdaşlığın gücünü bir daha təsdiqləyir. Səfər çərçivəsində Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası da keçirildi. Qazaxıstan Prezidenti Tokayevin qeyd etdiyi kimi, bu Şura iki ölkə münasibətlərinin yüksək səviyyəsini nümayiş etdirir. İclas zamanı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə mühüm qərarlar qəbul olundu. Prezident İlham Əliyevin səfəri Azərbaycan–Qazaxıstan əlaqələrinə yeni dinamika gətirdi. Qazaxıstan Prezidentinin vurğuladığı kimi, bu səfərlər nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin həcminin yaxın illərdə iki dəfə artaraq 1 milyard dollara çatması gözlənilir. Bu isə tərəfdaşlığın iqtisadi nəticələrinin konkret göstəricisidir”.
O qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əməkdaşlığı bu gün xarici siyasətin əsas prioritetlərindən biridir.
“Bu əməkdaşlıq yalnız coğrafi yaxınlıqdan deyil, həm də ortaq iqtisadi və mədəni bağlardan qaynaqlanır. Azərbaycan beynəlxalq enerji və nəqliyyat-logistika layihələrində Mərkəzi Asiya ölkələri ilə birgə fəaliyyət göstərir. Orta Dəhliz bu əməkdaşlığın mühüm hissəsinə çevrilib. Əvvəllər “C5+1” formatında təsəvvür edilən əməkdaşlıq indi artıq “C6” formatına — yəni Azərbaycanı da öz tərkibinə daxil edən yeni əməkdaşlıq modelinə çevrilib. Bu fakt göstərir ki, Mərkəzi Asiya ölkələri Azərbaycanı regionun təbii tərəfdaşı kimi qəbul edirlər. Prezident İlham Əliyevin səfəri zamanı səsləndirdiyi mühüm məsələlərdən biri də Ermənistanla yük tranziti məhdudiyyətlərinin aradan qaldırılması idi. Dövlət başçısı qeyd etdi ki, artıq Qazaxıstandan Ermənistana buğda daşınması Azərbaycan ərazisi və Gürcüstan vasitəsilə həyata keçiriləcək. Bu, sülh prosesinin praktiki mərhələyə keçdiyini nümayiş etdirir. Ermənistan Baş naziri Nikol Paşinyan da bu addımı müsbət qarşılayaraq Prezident Əliyevə təşəkkürünü bildirib. Bu fakt Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün real imkanların mövcudluğunu göstərir. Nəticə etibarilə, Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa ilə siyasi və iqtisadi əlaqələri ardıcıl şəkildə genişlənir. Bu, təkcə ölkəmizin inkişafına deyil, həm də regionda sülhün, sabitliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin beynəlxalq və regional sammitlərdə fəal iştirakı Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin bariz sübutudur”, - Sultan Zahidov fikrini yekunlaşdırıb.
Yüksək səviyyəli səfər strateji əməkdaşlığı gücləndirdi
Prezidentin səfərinin nəticələri barədə fikirlərini APA ilə bölüşən Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Tədqiqatları İnstitutunun eksperti Almat Toekin qeyd edib ki, səfər yüksək səviyyədə, qarşılıqlı etimad və strateji tərəfdaşlıq mühitində keçirilib.

Ekspertin sözlərinə görə, Prezident İlham Əliyevin Qazaxıstana səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçid üçün mühüm siyasi və iqtisadi impuls yaradıb: “Səfər zamanı aparılan danışıqlar nəticəsində tərəflər qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması məqsədini müəyyən ediblər ki, bu da strateji baxımdan əhəmiyyətli göstəricidir, lakin mövcud potensial bu rəqəmdən xeyli böyükdür. Müqayisə üçün qeyd etmək olar ki, Qazaxıstanın Özbəkistanla ticarət dövriyyəsi 4 milyard, Qırğızıstanla isə təxminən 2 milyard dollardır. Deməli, Azərbaycan–Qazaxıstan iqtisadi əlaqələrinin artımı üçün ciddi imkanlar mövcuddur”.
Bakı–Astana münasibətləri Türk dünyasının strateji dayağına çevrilir
Ekspert Almat Toekinin sözlərinə görə, Prezident İlham Əliyevin səfəri təkcə ikitərəfli münasibətlərin deyil, həm də Türk dünyasında strateji əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində vurğuladığı kimi, əsas prioritet türkdilli ölkələr arasında əməkdaşlığın bütün sahələrdə – iqtisadi, humanitar və hətta hərbi-texniki istiqamətlərdə dərinləşdirilməsidir ki, bu da Türk dünyasının vahid strateji məkan kimi formalaşmasına xidmət edir.

“Prezident İlham Əliyevin Qazaxıstan səfəri Bakı-Astana münasibətlərinə yeni dinamika qazandırdı. Prezidentlər hökumətlərə konkret tapşırıqlar verərək əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində siyasi iradə nümayiş etdirdilər. Bu qərarların real addımlara çevriləcəyi və əlaqələrin bütün istiqamətlərdə möhkəmlənəcəyi gözlənilir” – ekspert bildirib.
İqtisadi və humanitar əlaqələrdə yeni mərhələ
Ekspert qeyd edib ki, sənaye, kənd təsərrüfatı, təhsil və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi Azərbaycanla Qazaxıstan münasibətlərinin strateji dərinliyini artırır və Prezident İlham Əliyevin regiondakı nüfuzunu gücləndirir.
“Gələcək mərhələdə sənaye kooperasiyası, kənd təsərrüfatı, gəmiqayırma sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar və təhsil əlaqələrinin, xüsusilə gənclər, universitetlər, QHT-lər və vətəndaş cəmiyyəti arasında inteqrasiyanın gücləndirilməsi prioritet istiqamətlər kimi qiymətləndirilir. Bu, münasibətlərin strateji dərinliyini artıracaq və yeni əməkdaşlıq platformaları yaradacaq. Dövlət başçıları həmçinin Xəzər limanları vasitəsilə nəqliyyat-logistika əlaqələrinin inkişafının vacibliyini vurğuladılar. Xüsusilə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi məsləhətləşmə formatında iştirak etməsi, Azərbaycanın regionda artan rolunun və İlham Əliyevə olan yüksək etimadın göstəricisidir. Cənubi Qafqaz dövlətinin bu formatda təmsil olunması Mərkəzi Asiya ilə sıx siyasi, iqtisadi və mədəni əlaqələrin formalaşdığını nümayiş etdirir”, o əlavə edib.
Onun sözlərinə görə, bu prosesdə Qazaxıstandakı Azərbaycan diasporu və Azərbaycandakı qazax icması mühüm körpü rolunu oynayaraq iki xalq arasında dostluq və qarşılıqlı etimadın sosial əsaslarını daha da gücləndirəcək.