Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Nizami Gəncəviyə həsr olunmuş konsert olub - FOTOSESSİYA

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Nizami Gəncəviyə həsr olunmuş konsert olub - <span style="color: red;">FOTOSESSİYA
# 14 noyabr 2013 08:04 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 13-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Nizami Gəncəviyə həsr olunan konsert təşkil edilib.

APA-nın “AzərTAc”a istinadən verdiyi məlumata görə, aparıcı Alen Tremolier Nizami Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncədə dünyaya göz açdığını, yüksək insani dəyərlərin təsvir edildiyi beş poeması ilə dünya ədəbiyyatı tarixinə xüsusi töhfə verdiyini və şairin 870 illiyinin təntənəli şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib ki, bir gün öncə şairin həyat və yaradıcılığı ilə bağlı Parisin Məktublar və Əlyazmalar Muzeyində sərgi təşkil edilib.

E. Əmirbəyov əlavə edib ki, Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar Fransada üç tədbirin keçirilməsi planlaşdırılır: “Artıq sərgi və konsert təşkil edilib. Bir neçə gündən sonra Strasburqda böyük mərasimin keçirilməsi nəzərdə tutulub”.

Səfir Heydər Əliyev Fondu tərəfindən şairin həyat və yaradıcılığına dair əsərlərinin yenidən nəşr olunduğunu diqqətə çatdırıb.

Fransanın Yon regionu Ali Şurasının sədri Andre Vilye çıxışında zəngin tarixə və mədəniyyətə malik Gəncə şəhərinə dəfələrlə səfər etdiyini, Nizami Gəncəvi muzeyinə baş çəkdiyini, ötən il dahi şairin 870 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etdiyini xatırladıb, azərbaycanlıların, o cümlədən gəncəlilərin Nizami Gəncəvi irsinə dərin hörmət bəsləmələrinin şahidi oluğunu qeyd edib.

Senatın Qafqaz üzrə dostluq qrupunun sədr müavini senator Jeanny Lorgoeux Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib və şairin Şərq ədəbiyyatında oynadığı mühüm roldan söhbət açıb.

Senator Nizami Gəncəvinin yaratdığı əsərlərin yalnız doğma vətəni Azərbaycan üçün deyil, eyni zamanda bütün bəşəriyyət üçün qiymətli mədəni irs olduğunu diqqətə çatdırıb.

Tədbirdə incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Konsertdə solistlərdən Ramil Qasımovun, Gülnaz İsmayılovanın və xanəndə Arzu Əliyevanın ifasında Azərbaycan bəstəkarlarının Nizami Gəncəvinin əsərlərinə bəstələdikləri romanslar və mahnılar səsləndirilib. Onları pianoda Elnarə Kəbirlinskaya, tarda Elçin Həşimov və kamançada Elnur Əhmədov müşayət ediblər. Gənc skripkaçı Osman Eyyublu “ Yeddi gözəl “ baletindən parçalar ifa edib.

Qeyd edək ki, konsertdə senatorlar, deputatlar, tanınmış aktyorlar, dövlət rəsmləri, fransız ictimaiyyətinin nümayəndələri, akkreditə olunan diplomatik korpusun əməkdaşları, diaspora təmsilçiləri və tələbələr iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR