Mehriban Əliyeva: “Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır”

Mehriban Əliyeva: “Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır”
# 08 may 2014 19:52 (UTC +04:00)

Bakı-APA. “2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq - doğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq”.

APA-nın xəbərinə görə, bunu Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Milli Məclis” jurnalına müsahibəsində deyib.

M. Əliyeva bildirib ki, Fond ilk növbədə cəmiyyətin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və proqramların icrasına başlayıb: “Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır”.

M. Əliyeva deyib ki, Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır: “ İnsanlara xidmətə yönəlmiş əməli işlərimizin ən böyük nəticəsi isə onların etimad və hörmətinin qazanılmasıdır. İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaq”.

Fondun prezidenti qeyd edib ki, onların layihələri xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına töhfə verir: “Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir”.

M. Əliyeva Azərbaycanda mədəni irsin qorunması və təbliği sahəsində Heydər Əliyev Fondunun fəal iştirak etdiyini bildirib: “Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası və dünyada ilk dəfə olaraq Azərbaycanda Beynəlxalq Muğam Festivalının keçirilməsi Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, dünya şöhrətli musiqiçilər Üzeyir Hacıbəyli, Bülbül, Dmitri Şostakoviç və Şopenin yubileylərinə həsr olunmuş beynəlxalq festivallar müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Müasir İncəsənət Muzeyinin yaradılması və Azərbaycan müasir incəsənətinin dünyaya tanıdılması istiqamətində görülən işləri xüsusi vurğulamaq istərdim. Dünyanın bir çox ölkələrində təşkil olunmuş “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi çərçivəsində müxtəlif janrlarda yüzdən çox əsər nümayiş etdirilib”.

M. Əliyeva bildirib ki, Fond dünya mədəniyyəti nümunələrinin Azərbaycan tamaşaçısına təqdim edilməsinə də xüsusi önəm verir: “ Bu illər ərzində Bakıda bir çox tanınmış rəssamların sərgiləri təşkil edilib. Heydər Əliyev Fondunun artıq ölkə hüdudlarından kənara çıxmış “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı ictimaiyyətin böyük marağına səbəb olur. Tarixi-mədəni irs müntəzəm qayğı tələb edir. Mən dəfələrlə bunu söyləmişəm ki, itmiş hər hansı maddi dəyər əvəzedilməzdir və bu, gələcək nəsillərə qarşı cinayətdir. Ona görə də həm ölkəmizdə, həm də xaricdə mədəni irsin qorunması üçün əlimizdən gələni edirik. Heydər Əliyev Fondu Versal Sarayının parkındakı tarixi abidələrin, Luvr Muzeyinin, İkinci Dünya müharibəsində dağılmış Berlin qəsrinin, Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının, Kapitolini Muzeyinin Filosoflar zalının bərpa olunmasına kömək edib”.

M. Əliyeva bildirib ki, Azərbaycanın tarixi həqiqətlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, XX əsrin ən dəhşətli soyqırımı hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuş Xocalı faciəsinin, münaqişə nəticəsində ölkəmizə vurulan zərərin, işğal olunmuş ərazilərdə törədilən vandalizmin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması da Heydər Əliyev Fondunun əsas hədəflərindən biridir: “Torpaqlarımızın 20 faizinin işğalı, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün olması faktlara əsaslanan acı həqiqətdir. Heydər Əliyev Fondu bu münaqişə, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərir. Bu məqsədlə xarici ölkələrdə tədbirlər keçirilir, sərgilər təşkil olunur, müxtəlif dillərdə buklet və kitablar nəşr edilir. Təəssüf ki, xalqımız tarix boyu bu kimi ədalətsizliklərlə üzləşib. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb”.

M. Əliyeva deyib ki, məqsəd Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq və məkrli erməni təbliğatını ifşa etməkdir: ““Xocalıya ədalət!” kampaniyasının bir çox ölkələrdə uğurla həyata keçməsinin başlıca bir səbəbi var. Bu, tarixi həqiqətlərin dünya ictimaiyyəti tərəfindən qəbul olunmasıdır”.

Azərbaycan qadınlarının ictimai-siyasi həyatdakı rolundan danışan M. Əliyeva deyib ki, Azərbaycanın gender məsələləri ilə bağlı dövlət siyasəti qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib: “Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Azərbaycan qadını öz sözünü deyir və öz mövqeyini sərbəst nümayiş etdirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR