“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər qəbul olunub

“Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklər qəbul olunub
# 30 sentyabr 2014 15:11 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin plenar iclasında “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən qanunun 12-1.1.2-ci maddəsinə edilən dəyişikliyə əsasən “hər il maliyyə hesabatını müvafiq icra hakimiyyəti orqanına” sözləri “bu qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş maliyyə hesabatını və 21.4-1 maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına” sözləri ilə əvəz edilir. Bundan başqa, qanuna yeni 18-1. maddəsi də əlavə olunur. Yeni maddəyə görə, üzvlük haqqı siyasi partiya üzvləri tərəfindən pul formasında mütəmadi ödənilən vəsaitdir. Üzvlük haqqının məbləği siyasi partiyanın Nizamnaməsi ilə müəyyən edilir və bu məbləğdən artıq ödənişlər ianə hesab edilir. Daha bir əlavə edilən 19.7-ci maddədə isə deyilir ki, şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi 10 min (on min) manatdan yuxarı ola bilməz.

Müzakirə zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib ki, bir şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddinin 10 min manatdan yuxarı olmaması ilə razıdır: “Mən əvvəl demişdim ki, siyasi partiyalar bir şəxsin maliyyəsindən asılı olanda həmin partiya o şəxsin lobbiçisinə çevrilir. Bizim qanuna görə, 3 faiz səs toplayıb parlamentə düşə bilməyən partiyalara maliyyə ayrılması nəzərdə tutulub. Ancaq belə partiyalar yoxdur, maliyyə isə büdcədə qalır. Fikrimcə, bu maliyyə də siyasi partiyalara ödənməlidir. Amma bir təklifim var ki, siyasi partiyaların maliyyə hesabatı Ədliyyə Nazirliyinə verilməlidir, layihədə göstərildiyi kimi Mərkəzi Seçki Komissiyasına yox”.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, başqa partiyalardan fərqli olaraq, yalnız təmsil etdiyi partiya ildə bir dəfə ictimaiyyətə maliyyə hesabatını açıqlayır. O, partiyaların şəffaf fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Həmçinin təklif edib ki, ianələr siyasi partiyalara banklar vasitəsilə köçürülsün: “Siyasi partiyaya ianə köçürən şəxsin yaşı 18 yaşdan aşağı olmamalıdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə və Ədalət Partiyasının sədri İlyas İsmayılov maliyyə hesabatının MSK-ya verilməsinin əleyhinə çıxıblar. O bildirib ki, bu, ya Ədliyyə Nazirliyinə, ya da Maliyyə Nazirliyinə təqdim olunmalıdır. Deputatlara cavab verən sədr Oqtay Əsədovun sözlərinə görə, bu, o deməkdir ki, siyasi partiyaların maliyyə məsələlərinə dövlət qurumları müdaxilə etməsin. İ. İsmayılov isə deyib ki, MSK-nın ümumiyyətlə, qanunvericilik baxımından buna səlahiyyəti də çatmır: “Bu ideyanı kim ortaya atıbsa, yenidən fikirləşsin. Qanuna hörmət eləmək lazımdır”.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR