İlham Əliyev: “Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir”

İlham Əliyev: “Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir”
# 05 fevral 2014 21:29 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxış edib.

APA-nın məlumatına görə, son on il ərzində Azərbaycanın dünyada ən sürətli templərlə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyeb bildirib ki, bunun əsas səbəbi iqtisadi müstəqillik və siyasi iradədir. “Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir. İqtisadiyyat 3,4 dəfə artıb. Azərbaycanda iqtisadi islahatlar siyasi islahatlarla tamamlanır. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu baxımdan başqa ölkələr üçün də maraqlı ola bilər”.

Dövlət başçısı iki proqramın icra edilməsi nəticəsində sənaye istehsalının 2,7 dəfə artdığını qeyd edib. “Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Keçən il qeyri-neft sektorumuzun artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Ümumiyyətlə, keçən il iqtisadiyyat təqribən 6 faiz artıb”.

Prezident qeyd edib ki, 2004-cü ildə birinci proqram qəbul edilməsəydi, bugünkü Azərbaycan reallıqları tam fərqli ola bilərdi. “Regionların inkişafı, sahibkarlara verilən dəstək, qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığımızın azaldılması, ixrac potensialının yaradılması son illərin əlamətidir. İqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb. Ölkədə bir milyon 200 min iş yeri açılıb ki, onların 900 mini daimi iş yeridir. Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşüb. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır”.

Prezident İlham Əliyev son on il ərzində ölkəyə 160 milyard dollar investisiya cəlb edildiyini vurğulayıb. “Son illərdə sərmayənin həcmi daha da artır. Keçən il rekord səviyyəyə çatıb, Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulub. Ümumiyyətlə, 160 milyard dollar həcmində qoyulan sərmayə Azərbaycan iqtisadiyyatına böyük təkan verib”.

Son on il ərzində bölgələrdə 1200-dən çox obyektin açılışında şəxsən iştirak etdiyini vurğulayan prezident sahibkarlara daim dəstək göstərəcəyini bildirib. “Bu dəstək həm siyasi, eyni zamanda, maddi dəstəkdir. Yəni, dövlət tərəfindən güzəştli şərtlərlə ayrılan kreditlər sahibkarlığın inkişafına böyük təkan verir”.

Çıxışında infrastruktur layihələrinə toxunan prezident İlham Əliyev ölkənin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atıldığını deyib. “Azərbaycanda 10 il ərzində 17 elektrik stansiyası tikilib. Əgər bu elektrik stansiyaları tikilməsə idi, bu gün ölkəmizin təxminən 30 faizi işıqsız qalardı və heç bir sənaye inkişafından söhbət gedə bilməzdi. Çünki Azərbaycanda sənayenin inkişafı əlbəttə ki, infrastruktur layihələri ilə təmin edilməlidir. Deyə bilərəm ki, bu gün enerji təhlükəsizliyimizi artıqlaması ilə tam təmin etmişik. Hazırda bizim təxminən 600-700 meqavat həcmində ixrac potensialımız var”.

Son on il ərzində qazlaşdırma ilə bağlı böyük işlər görüldüyünü deyən prezident, bunun həm sosial, eyni zamanda, iqtisadi məsələ olduğunu qeyd edib. “Hazırda ölkəmizin bütün şəhərləri, kəndlərin əksəriyyəti qazlaşdırılıb və ümumilikdə Azərbaycanda təqribən 90 faizə yaxın qazlaşdırma təmin edilibdir. Ancaq əlbəttə, bəzi kəndlərə hələ ki, qaz xətləri çəkilməyib. Bu, proqramda vardır. Növbəti beş il ərzində qazlaşdırmanın səviyyəsi 95-96 faizə çatdırılmalıdır”.

Bu gün ölkənin hər bir şəhərində içməli su, kanalizasiya layihələri icra edildiyini qeyd edən prezident bir neçə şəhərdə artıq bu layihələrin başa çatdığını deyib: “Artıq insanlara 24 saat ərzində fasiləsiz olaraq Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində keyfiyyətli su verilir. Növbəti beş il ərzində bütün şəhərlərdə və əksər kəndlərdə yeni su xətləri çəkiləcək, kanalizasiya sistemi qurulacaq. Beləliklə, bütün dövrlərdə Azərbaycan xalqına böyük əziyyət verən su qıtlığı problemi aradan götürüləcək”.

Hər bir şəhərdə, hər bir rayonda abadlıq işləri görüldüyünü vurğulayan prezident 2700 məktəb, 500-dən çox tibb müəssisəsinin tikildiyini və təmir edildiyini, mədəniyyət ocaqlarının bərpa edildiyini bildirib.

Prezident Azərbaycanın dünya miqyasında öz sözünü deyən ölkə olduğunu qeyd edib: “Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilib. Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanıb. “Əsrin kontraktı”, yəni XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin kontraktı imzalanıb. Azərbaycan əsas iqtisadi yükü və əsas məsuliyyəti öz üzərinə götürüb. Bu məsuliyyəti dərk edirik və biz liderlik göstərərək bu layihələri, böyük layihələri icra edə bilərik. Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerji və infrastruktur layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir”.

İki proqramın icrası nəticəsində bölgələrdə yaşanan inkişaf və tərəqqini qeyd edən prezident İlham Əliyev üçüncü Dövlət Proqramının qəbul edilməsi ilə bağlı işlərin görülməsini deyib: “Artıq bir neçə aydır ki, üçüncü Dövlət Proqramı hazırlanır və qəbul ediləcək. Beləliklə, növbəti beş il üçün bir fəaliyyət planı tərtib ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR