“Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika” kitabının təqdimatı keçirilib

“Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika” kitabının təqdimatı keçirilib
# 18 noyabr 2013 14:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” Analitik-İnformasiya Mərkəzinin müdiri Elçin Əhmədovun müəllifi olduğu “Ermənistanın Azərbaycana təcavüzü: Təhlili xronika” kitabının təqdimatı keçirilib.

APA-nın verdiyi məlumata görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov deyib ki, kitabın elmi redaktoru Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, rəyçi tarix elmləri doktoru Musa Qasımlı, məsləhətçisi “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərovdur.

Kitabda 20-ci əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin indiyə qədər davam edən mərhələsinin təhlili xronikası verilib. 1987-2011-ci illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, eyni zamanda dünya birliyinin bu işğalla bağlı mövqeyi və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər də kitabda təhlil edilir.

Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar, eləcə də erməni terror təşkilatlarının cinayətlərinin xronikası kitabın əlavələr hissəsində verilib.

Bununla yanaşı, münaqişənin nizama salınmasına dair BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş sənədlər də ardıcıllıqla və sistemli şəkildə əlavələr bölməsində öz əksini tapıb.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı belə kitabların tərcümə edilərək xaricdə yayılmasını zəruri sayıb: “Düşmənlə mübarizə tək cəbhədə deyil, elmdə, idmanda, mənəviyyatda və digər sahələrdə gedir. Bu cür kitabları, sənədləri beynəlxalq aləmə çıxardıqda erməni yalanlarını ifşa edirik”.

Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin necə yaranması, hadisələrin necə baş verməsi kitabda əksini tapıb: “ATƏT və digər qurumlarda müzakirələr zamanı haqlı mövqeyimizi dəstəkləyirlər, ancaq ssenari müəllifləri ortaya gələndə deyirlər ki, bu məsələni bir qırağa qoyaq. Az əvvəl də bizim üçün ssenari yazmışdılar. Prezident İlham Əliyevin bu oyunların qarşısında mətinliklə durduğunu görməsəydilər, yenə də öz əlimizlə özümüzə qarşı ssenarilər həyata keçirəcəkdilər”.

Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev kitabın fondun qrantı ilə çap edildiyini nəzərə çatdırıb. O, Elmin İnkişafı Fondunun növbəti müsabiqələrindən birinin ABŞ-da yerləşən Qarabağ Fondu ilə keçirilməsi barədə razılığa gəlindiyini bildirib.

Millət vəkili Elman Məmmədov isə kitabda erməni terror təşkilatlarından yazıldığını xatırladıb: “Mən təəssüflənirəm ki, bizim bir terror təşkilatımız belə yoxdur. Sarkisyan, Köçəryan Avropa strukturlarında çıxışlarında deyirlər ki, səhra komandirləri kimi Qarabağda döyüş əməliyyatlarında iştirak ediblər. Yaxud Serj Sarkisyan az əvvəl bəyan etdi ki, Azərbaycan bir az da belə hərəkət etsə, torpaqlarının bir qismini də işğal edəcəyik. Deməli, güclü olmalıyıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR