İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tələbələrinin ikinci hesabat sərgisi təşkil olunacaq

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tələbələrinin ikinci hesabat sərgisi təşkil olunacaq
# 18 mart 2014 11:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Martın 19-23-də İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tələbələrinin “Açıq qapı” adlı ikinci hesabat sərgisi təşkil olunacaq.

Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, sərginin açılış mərasimi martın 19-da saat 18:00-da İçərişəhər, Böyük Qala küçəsi-19 ünvanında keçiriləcək.

Sərgidə batika, keramika, zərgərlik və taxta üzərində işlər nümayiş olunacaq. Keramika işlərində bu dəfə daha çox boşqablar üzərində işləmələr, zərgərlik işlərində isə boyunbağılar üstünlük təşkil edəcək. Kəlağayı və şərflər isə batikanı təmsil edəcək.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə təşəbbüsü olan “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərməkdədir.

Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu Mərkəz həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu “CANLI TARİX” konsepsiyasının həyata keçirilməsi çərçivəsində yaradılıb.

Hazırkı mərhələdə Ənənəvi İncəsənət Mərkəzində əsasən keramika, gümüş və zərgərlik, bədii parça və taxtaoyma sənət növlərinin canlanması və inkişafına xüsusi diqqət verilir.

Ənənəvi İncəsənət Mərkəzi tələbələrinin “Açıq qapı” adlı yaradıcılıq sərgisi 20-23 mart tarixlərində keçiriləcək I Beynəlxalq Novruz Festivalında da nümayiş olunacaq. Novruz Festivalı günləri İçərişəhər, Kiçik Qala küçəsi-15 ünvanında təşkil olunacaq Novruz çadırlarında 6-16 yaş qrupu uşaqlara rəsm, rəngkarlıq, maket qurma, şəbəkənin çəkilmə texnikası və s. öyrədiləcək, olduqca maraqlı uşaq proqramları nümayiş olunacaq. 4 gün davam edəcək sərginin ilk 2 günündə ( 20-21 mart tarixlərində) müxtəlif məktəblərdən dəvət olunmuş uşaq qrupları iştirak edəcək. 22-23 mart tarixlərində isə Novruz festivalına qatılacaq bütün əhaliyə açıq olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR